“Şuşanı qaytar mənə!”-Aygün Sadiqin vərəqlər üstündəki səssiz fəryadı…

Bu gün ŞUŞANIN işğalından 26 il ötür.Müstəqil.Az Aygün Sadiqin Şuşaya həsr etdiyi yeni şeirini təqdim edir:
ŞUŞANI QAYTAR MƏNƏ
Xəritə üzərində məlumatdan ibarət,
Qovuşmaq cəhdlərimiz tək fəryaddan ibarət!
Dəmir lövhə üstündə cansız addan ibarət ,
Dəmiri əzizlədim, darıldı yollar mənə…
 
 
 
Adı kölgətək keçir məsum uşaqlığımdan,
Boğuldum rəzalətin iyrənc bataqlığında
Daha ümid qalmadı görərəm sağlığımda.
Qismət olarsa orda qazılsın məzar mənə.
 
 
Ayaqlar altındadır şərəf tacım, nə edim?
Giley-güzardan savay yox əlacım, nə edim?
Yağı zindanındakı anam-bacım, nə edim?
Tövlədən əl yelləyir abır, həya, ar mənə!
 
 
Əsir qeyrətimizdə dərin yara buraxdıq,
Yağıları yurdumda bir gör hara buraxdıq!
Vətəni qaytarmağı övladlara buraxdıq,
Sabah şəhid xəbəri, övlad dağı var mənə!
 
 
Vətəni gətirmədən qayıtmışam yanına,
Bu günləri görüncə bələnəydim qanıma…
Anaların baxışı sancılır vicdanıma,
İndi bircə söz deyir: “Şuşanı qaytar mənə! “

Share: