HƏYACAN SİQNALI
Sosial şəbəkələrdə yayılan bir video ilk baxışdan adi, hətta bir qədər gülməli görünə bilər. Birinci sinfə gedən uşağa “Böyüyəndə kim olacaqsan?” sualı verilir. Uşaq isə tərəddüd etmədən “Prokuror olacağam” deyir. “Niyə?” sualına cavabı isə daha maraqlıdır: “Çünki prokuror çox pul qazanır”.
Videonun mahiyyətinə bir qədər diqqətlə baxanda isə ortada sadəcə uşağın verdiyi maraqlı cavabın olmadığını görürük. Əslində, bu bir cümlə bizi uşağın özündən daha böyük bir suala gətirib çıxarır. Birinci sinif şagirdi prokurorun çox pul qazandığını haradan bilir?
Məsələnin ən düşündürücü tərəfi də məhz budur. Biz uşağın cavabına gülə, onu qınaq obyektinə çevirə və “uşaqlarımızın düşüncəsi belə formalaşıb” deyə nəticə çıxara bilərik. Amma bəlkə də bir anlıq dayanıb həmin fikrin uşağın beyninə necə gəldiyini düşünmək lazımdır. Çünki altı-yeddi yaşlı uşaq peşələrin gəlirliliyini araşdırmır. O, böyüklərdən eşitdiyini, ətrafında gördüyünü və cəmiyyətin ona göstərdiyi dəyərləri öz sadə dili ilə ifadə edir.
Deməli, bu videoda müzakirə etməli olduğumuz təkcə uşağın dediyi söz deyil. Həmin sözün arxasında dayanan böyüklər dünyasıdır.
Faciə bəlkə də uşağın “prokuror çox pul qazanır” deməsində deyil. Faciə odur ki, bir uşaq üçün peşəni xarakterizə edən ilk meyar məhz pul ola bilib. Və burada sual artıq uşağa yox, bizə ünvanlanır axı… Bu fikri uşağa kim öyrədib?
Uşağı bu cavaba görə qınamaq çox asandır. Sosial şəbəkələrdə ona gülmək, “bu yaşdan pul düşünür”, “uşaqlar belə böyüyür”, “tərbiyəyə bax” kimi fikirlər yazmaq da asandır. Amma bu yanaşma problemin özünü görməməyə səbəb olur. Çünki uşaq bu dünyanı özü yaratmayıb. O, pulun nə olduğunu, peşələrin hansı gəlir gətirdiyini, hansı vəzifənin daha çox qazandırdığını, kimin necə yaşadığını böyüklərin dünyasından öyrənir.
Uşaqların ətrafında daim “kim nə qədər qazanır?”, “filankəsin maaşı nə qədərdir?”, “bu peşənin gəliri çoxdur”, “ondan çörək çıxmaz”, “yaxşı oxu, gələcəkdə yaxşı pul qazanarsan” kimi söhbətlər gedirsə, uşağın da peşəni ilk növbədə qazanc üzərindən təsəvvür etməsi təəccüblü deyil.
Biz uşaqlara bəzən uğurun ölçüsünü özümüz öyrədirik.
Kiminsə böyük evi var — uğurludur. Bahalı maşını varsa, yüksək maaş alırsa, vəzifəsi yüksəkdirsə demək hər şey yaxşıdır. Sonra da uşaq həmin dünyanı öz dili ilə ifadə edəndə təəccüblənirik.
Əslində isə uşaq bəlkə də bizim deməyə utandığımız şeyi çox səmimi şəkildə deyir.
“Çünki çox pul qazanır.” Bu, bəlkə də uşağın dünyagörüşündən çox, bizim ona göstərdiyimiz dünyanın güzgüsüdür.
Əlbəttə, yaxşı gəlir əldə etmək istəməkdə qəbahət yoxdur. İnsan əməyinin qarşılığını almaq, ailəsini təmin etmək, rahat və layiqli həyat yaşamaq istəyir. Problem pulun mövcudluğunda deyil.
Problem ondadır ki, pul getdikcə hər şeyin əsas ölçüsünə çevrilir. Peşənin cəmiyyət üçün faydası, məsuliyyət, insana xidmət, istedad, maraq, bacarıq, peşəyə sevgi ikinci plana keçir…
Əsas sual isə olur: “Nə qədər qazanacağam?”
Birinci sinif şagirdinin bunu deməsi bizi düşündürməlidir.
Amma onu qınamağa yox, özümüzə baxmağa.
Uşağın “prokuror” cavabından sonra sosial şəbəkələrdə yaranan münasibət də ayrıca narahatlıq doğurur.
Birinci sinif şagirdi bir anda cəmiyyətin müzakirə obyektinə çevrilir. Tanımadığı insanlar onun haqqında fikir yürüdür, şərhlər yazır, gülür, qınayır, hətta bir cümləsindən onun xarakteri və gələcəyi haqqında nəticələr çıxarırlar.
Bu isə artıq uşağın cavabı deyil. Bu, böyüklərin uşağa münasibətidir. Uşağın sosial şəbəkədə yayılan videosu onun üçün sadəcə bir neçə saniyəlik görüntü ola bilər. Amma həmin görüntünün altında yazılan yüzlərlə şərh onun üçün tamam başqa nəticələr yarada bilər. Bəlkə sabah məktəbdə sinif yoldaşları həmin videonu ona göstərəcək?! Bəlkə ona “sən pul üçün prokuror olmaq istəyirsən” deyib güləcəklər.
Bəlkə uşaq ilk dəfə anlayacaq ki, özünün adi hesab etdiyi bir cümlə minlərlə insanın müzakirəsinə çıxarılıb.
Biz bunun uşağa mütləq və ömürlük psixoloji travma yaradacağını iddia edə bilmərik. Belə bir nəticə konkret uşağın psixoloji vəziyyəti bilinmədən çıxarıla bilməz. Amma uşaqların ictimai şəkildə lağa qoyulması, utandırılması və qınağa məruz qalmasının mənfi emosional nəticələr yarada biləcəyini də görməzdən gəlmək olmaz.
Ona görə əsas məsələ budur ki, uşağı niyə bu vəziyyətə salırıq?
Sosial şəbəkələrdə hər şeyi kontentə çevirmək vərdişindən bir az uzaqlaşmaq lazımdır.
Uşağın uşaqlığı bizim baxış sayımız üçün material olmamalıdır.
Bu gün valideyn üçün gülməli görünən bir video sabah uşağın məktəb həyatına təsir edə bilər. Bu gün bir neçə min insanın güldüyü həmin görüntü illər sonra uşağın qarşısına çıxa bilər. İnternetdə yayılan hər şeyi tamamilə unutdurmaq mümkün deyil. Ona görə paylaşmazdan əvvəl bir sual vermək lazımdır ki, uşaq böyüyəndə bu videonu görsə, özünü rahat hiss edəcəkmi?
Cavabdan əmin deyiliksə, bəlkə də paylaşmamaq daha doğru seçimdir.
Bir məsələ də xüsusilə vurğulanmalıdır ki, uşağın bir cümləsindən bütöv bir peşə haqqında mənfi fikir formalaşdırmaq düzgün deyil. Uşaq prokurorun işini bilmir. O, prokurorun hüquqi səlahiyyətlərini, məsuliyyətini, fəaliyyət istiqamətlərini, peşənin çətinliklərini bilmir.
Sadəcə həmin peşə ilə bağlı hansısa məlumatı eşidib və onu öz yaşına uyğun formada ifadə edib. Deməli, onun sözünü prokurorluq peşəsinin mahiyyəti kimi təqdim etmək də düzgün deyil. Əgər uşağın “çox pul qazanır” fikrini dəyişmək istəyiriksə, bunu qınaqla yox, söhbətlə etməliyik.
Uşağa öyrədər ki, peşə yalnız qazanc deyil. Həkim olmaq, müəllim olmaq, mühəndis olmaq, prokuror olmaq yalnız pul qazanmaq deyil. Hər peşənin öz məsuliyyəti, çətinliyi, dəyəri və cəmiyyət qarşısında rolu var. Uşağa bunu izah etmək bizim borcumuzdur.
Amma onu buna görə sosial şəbəkədə mühakimə etmək bizim haqqımız deyil.
Əslində, bu videoda çox ciddi bir sosial problem gizlənir.
Biz uşaqlara hansı dəyərləri ötürürük? Onlara deyirikmi ki, insanın dəyəri qazandığı pulla ölçülmür?
Deyirikmi ki, yaxşı peşə yalnız yüksək maaşlı peşə deyil?
Deyirikmi ki, insan sevdiyi, bacardığı və cəmiyyət üçün faydalı olduğu işdə də uğur qazana bilər?
Yoxsa uşaqların gözünün qarşısında həyatın əsas məqsədini yalnız pul, status və maddi imkanlarla təsvir edirik?
Əgər belədirsə, onda uşağın cavabına təəccüblənməyə haqqımız varmı?
Uşaqlar cəmiyyətin güzgüsüdür. Güzgüdə gördüyümüz görüntü xoşumuza gəlmirsə, güzgünü sındırmaqla görüntünü dəyişmək mümkün deyil. Bu uşağın videosuna mənfi şərhlər yazmaq da həmin güzgünü sındırmağa bənzəyir. Əsas məsələ uşağın nə dediyi deyil, onun bunu niyə dediyidir. Cavabı bizi uşağın özündən çox, böyüklərin dünyasına aparır.
Bəlkə də həmin uşağın bir cümləsi bizə çox ciddi bir sual verir ki, biz uşaqlara hansı dünyanı miras qoyuruq?
Elə bir dünya ki, burada peşənin dəyəri ilk növbədə qazanc ilə ölçülür? Yoxsa elə bir dünya ki, burada insanın gördüyü işin cəmiyyətə faydası, məsuliyyəti, vicdanı və mənası da pul qədər vacibdir? Uşağın fikri hələ dəyişə bilər.
Bu gün prokuror olmaq istəyər, sabah həkim olmaq istəyər. Bir müddət sonra müəllim olmaq istəyər.
Bəlkə də böyüyəndə tamam başqa bir peşə seçər. Çünki o, hələ həyatın başlanğıcındadır.
Bizim vəzifəmiz onun bu gün dediyi cümləni gələcəyinə möhür kimi vurmaq deyil.
Bizim vəzifəmiz onun dünyasını genişləndirməkdir.
Əgər uşaq “prokuror çox pul qazanır” deyirsə, gəlin uşağa gülməyək. Öyrənmək üçün hələ çox vaxtı var. Amma bizim də öyrənməli olduğumuz bir şey var, axı.
Uşaqlar böyüklərin yaratdığı dünyanın məsuliyyətini daşımamalıdır.
Birinci sinif şagirdinin bir cümləsi onun gələcəyini müəyyən etmir. Amma həmin cümləyə bizim münasibətimiz cəmiyyət olaraq kim olduğumuzu çox şey deyir.
Uşağı qınamaq asandır, özümüzə sual vermək çətindir. Amma faciə uşağın “prokuror çox pul qazanır” deməsi deyil. Faciə budur ki, bu uşaq bunu haradansa öyrənib. Bəlkə də bu videoya baxanda gülməkdən əvvəl bir az susmaq, sonra isə özümüzdən soruşmaq lazımdır:
Bu uşağa bunu kim öyrədib?
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.





















