“ARANA CEYRAN”A YENİ NƏFƏS

Elə şeirlər var ki, özündə bir elin-obanın nəfəsini, torpağın qoxusunu, insanların yaddaşını və nisgilini yaşadır. Belə şeirlər zaman keçdikcə köhnəlmir. Əksinə, hər yeni ifada, hər yeni avazda yenidən doğulur.

Qasımlı kəndinin şair oğlu, mərhum Qurbanov Əli Hüsən oğlunun qələmindən süzülən “Arana ceyran” şeiri də məhz belə əsərlərdəndir.
Bu gözəl poetik nümunəyə yeni nəfəs, yeni həyat və yeni ruh bəxş edən dəyərli ustad aşıq Ramin Qarayevə kəndimiz adından sonsuz təşəkkürümüzü bildiririk.
Bu əsərin yenidən səsləndirilməsi isə şair babamız Əli Hüsən oğlunun nəvəsi Xanım Qurbanovanın ürəkdən gələn arzusu olub. O, babasının illər öncə qələmə aldığı “Arana ceyran” şeirinin yenidən oxunmasını, sazın və sözün dili ilə yeni nəsillərə çatdırılmasını arzulayıb. Bu arzunun gerçəkləşməsi həm şair babamızın əziz xatirəsinə ehtiram, həm də onun söz dünyasının yaşadılmasına göstərilən böyük diqqətin ifadəsidir.

Şair babamız Əlinin artıq aramızda olmaması böyük bir itkidir. Lakin insan dünyadan köçsə də, onun sözü, sənəti, yaratdığı misralar yaşayırsa, deməli, o, əslində, heç zaman bu dünyadan getmir. Bu gün Əli babamızın “Arana ceyran”ı Ramin Qarayevin sazında və səsində yenidən səslənir. Hər misra, hər avaz sanki şairin ruhuna salam göndərir.
Əziz dostlar, xüsusilə qeyd etmək istəyirəm ki, Ramin Qarayev bu əsəri ilk dəfə Muğam Mərkəzində ifa etdi. İfa zamanı zalda səslənən gur alqışlar bir daha göstərdi ki, ürəkdən gələn söz və sazın sehri sərhəd tanımır. Bu alqışlar yalnız bir sənətkara deyil, eyni zamanda bir elin sözünə, bir kəndin yaddaşına, bir şairin əziz xatirəsinə verilən qiymət idi.
Borçalı aşıq məktəbi isə əsrlərdən süzülüb gələn böyük bir sənət xəzinəsidir. Onun özünəməxsus ruhu, avazı, nəfəsi və səsi var. Harada səslənməsindən asılı olmayaraq, Borçalı sazı öz doğma nəfəsi ilə seçilir. Bu məktəbin yetirmələri sazı sadəcə çalmır, onunla danışır, onunla dərdləşir, onunla bir elin tarixini və yaddaşını yaşadırlar.
Ramin Qarayev də bu böyük ənənənin layiqli davamçılarındandır. Onun ifasında sazın səsi ilə sözün mənası bir-birinə qovuşur, “Arana ceyran” isə sadəcə oxunan bir şeir olmaqdan çıxaraq dinləyənin ruhuna toxunan bir sənət nümunəsinə çevrilir.
Mən öz adımdan və bütün Qasımlı kəndi adından dəyərli sənətkarımız Ramin Qarayevə bir daha təşəkkür edirəm.
Var ol, Ramin! Nə yaxşı ki, bizim­sən! Nə yaxşı ki, sazınla, sözünlə, səsinlə doğma el-obanın adını yaşadırsan. Sən bizim fəxrimiz, dəyərimiz və sənətimizin yaşadanlarından birisən.
Şair babamız Əli Hüsən oğlunun ruhu şad, məkanı cənnət olsun. Onun sözləri sazlarımızda, dillərimizdə, yaddaşımızda daim yaşasın.
“Arana ceyran”ın yolu uzun, avazı uca, sorağı isə Borçalıdan bütün ellərə yayılan olsun!

Elmira Əhməd

Share: