Bunlardakı fərasətə bax, e…

Bunlardakı fərasətə bax, e…

Deməli, 5 iyun 2026-cı il tarixində Dövlət Vergi Xidmətinə məktubla müraciət etmişdim ki,- “Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 143 A binasını idarə edən, 29 mart 2024-cü ildə Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınan “Binəqədi-38” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti(MMMC) qeydiyyata düşdüyü gündən başlayaraq 30 gün ərzində Dövlət Vergi Xidmətində uçota düşməli olduğu halda, hələ də VÖEN almayıb. MMMC-də çalışan işçilər, yəni komendant, inzibati işçi, təmizlik üzrə xadimə rəsmi əmək müqaviləsi olmadan çalışır və sakinlərdən kommunal haqları nəğd yolla toplanılır.”

Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədovun adından mənə gələn cavab məktubunu oxuyanda əvvəlcə güldüm, sonra da düşündüm ki, yəqin ki, ələ salır. Görün məktubda nə yazılıb: “Bildiririk ki, aparılan araşdırmalar zamanı Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 143 A ünvanında yerləşən çoxmənzilli yaşayış binasının “Kitablı” MTK tərəfindən inşa edildiyi və binanın idarə edilməsi üçün MMMC-nin yaradılmadığı müəyyən edilmişdir.”
Eldəniz Əhmədov sonra da bu yazdıqlarını təkzib edərək cavabını belə davam etdirir: “Binanın bir qurup sakinləri tərəfindən təqdim olunmuş məlumata, habelə vergi orqanının uçot-baza məlumatlarına əsasən binanın idarə edilməsinin tənzimlənməsi məqsədi ilə “Binqədi-38” MMMC-nin vergi orqanında qeydiyyata alınması üçün 22.06.2026-cı il tarixli ərizə ilə Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinə müraciət edilmişdir. Eyni zamanda “Nağdsız hesablamalar haqqında” Qanununun və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq kommunal ödənişlərin nağdsız qaydada qəbulunun təmin edilməsi bina idarəçilərinin nəzərinə çatdırılmışdır. Vergi Məcəlləsinin 24.1.5- 1-ci maddəsinin tələblərinə uyğun olaraq, müraciətdə qeyd olunan məsələlər vergi orqanı tərəfindən nəzarətə götürülmüş və aparılacaq vergi nəzarəti tədbirləri zamanı hər hansı qanun pozuntusu faktı aşkar edildiyi təqdirdə qnunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir…”
Bu yerdə deyirlər də:- “Keç özüvə, məndə tuzdur.” O boyda baş vergi xidməti müşavirinin yazdığı cavaba bax. Ya məni savadsız hesab edir, ya da ki, “Tarixi Nadiri” axıra kimi oxumayıb. Bu hələ harasıdır? 30 iyul 2026-cı ildə təkrar ünvanladığım növbəti məktubuma isə, 10 sentyabr 2026-cı il tarixi ilə, bu dəfə həmin idarənin rəisi Orxan Məmmədov cavab verib. Görün, hörmətli Orxan müəllim nə yazır:- “Bildiririk ki, müraciətinizdə göstərilənlərlə əlaqədar aparılmış araşdırma zamanı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143 A ünvanında yerləşən təsərrüfat obyektində “Binəqədi-38” MMMC 1009734441 VÖEN-lə fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görüldüyünü diqqətinizə çatdırırıq. Eyni zamanda Vergi Məcəlləsinin 24.1.5-1-ci maddəsinə əsasən müraciətdə qeyd edilən və vergi nəzarəti tədbirləri zamanı araşdırılması məqsədi ilə nəzarətə götürülmüşdür.”
Yaxşı, ay Orxan müəllim, bəs VÖEN olmadan iki ildən yuxarı müddətdə sakinlərdən nağd və ya şəxsi kartlar vasitəsilə komunal haqları toplandığına, rəsmi əmək müqviləsi olmadan çalışan işçilərə və onlara verilən nəğd maaşlara görə niyə sanksyalar tətbiq olunmayıb? Axı, hələ də “Binəqədi-38” MMMC-də kommunal haqları nəğd və kimnsə adına olan bank kartları vasitəsi ilə yığılır. Axı, yenə də işçilər əmək müqaviləsi olmadan işləyir, nəğd şəkildə maaş alır. Hətta aralarında iş izni olmadan çalışan xarici ölkə vətəndaşları da var. Necə araşdırma aparmısınız ki, heç bir nəticə verməyib. Niyə bizi aldatmağa çalışırsınız? Axı, MMMC qeyri-kommersiya hüquqi şəxs olsa da Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra 30 gün ərzində vergi orqanında uçota durmalı və VÖEN əldə etməli idi. Axı, 2024-cü ildə dövlət qediyyatına götürülmüş MMMC işçiləri rəsmi əmək müqaviləsi olmadan işlədirsə, sakinlərdən kommunal haqlarını nəğd şəkildə toplayırsa, sadalanan qanun pozuntularına görə onu çox ciddi vergi, inzibati və hətta cinayət sanksiyaları gözləməlidir. Azərbaycan qanunvericiliyinə əsasən, bu fəaliyyət “Binəqədi-38” MMMC-nin sədrini birbaşa məsuliyyətə cəlb edir. Yoxsa, “Binəqədi-38” MMMC-nin sədri Eldar Fərhad oğlu Səfərov sizidəmi ovsunlayıb?..
Elman Eldaroğlu
Share: