Müstəqil.Az tanınmış alman şairi Boris Qreffin iki şeirini hazırda qürbətdə yaşayan ünlü şairimiz Saday Şəkərlinin tərcüməsində ilk dəfə olaraq Azərbaycan d oxuculara təqdim edir:
Açıqdır
Narıncı izlər firuzəyə qarışır;
qaranlıq zindanda ağ işıq barmaqları;
isti çınqılın üstündə uzanan kölgələr.
Ulduzlarla taclanmış gecə dişlərini qıcayır;
dalğalar köpüklü yalları ilə əyilir;
xoşbəxtlik — özümü xoşbəxt sandığım andır.
Taxta lövhələrimdən qətran tozunu qaşı;
fikirlərimdən rədd edilmişləri alaq kimi təmizlə;
iti caynaqlarla kökləri kəs.
Zəif fırlanma gücü ilə nəhayət havaya qalx;
siqnal işıqları kimi yanıb-sönən uçuş zolaqları mənə gülümsəsin;
ölümə yaxın, ölümsüz həyatın içindən naviqasiya et.
Qanadlarını çılğınlıqla çırpma;
hər cavabı şübhə ilə sorğuya çəkmə;
qoy bundan sonra məni yalnız yüksələn hava axını aparsın.
Məzar otu
Meyit itaəti, cənazə süfrəsi;
zəng düymələrindən bir dəniz,
qəbir daşları yerinə düzülmüş
zəng lövhələrindən bir ordu.
Anonimlik —
həyatın içində ölüm deməkdir.
Çoxları hələ də
ölə-ölə qalır,
boz beton libasına bürünmüş
vegetativ boşluqda.
Bir zəncirotu
daşı dişləyib yarır.
Alaq otu da
gözəl ola bilər.





















