Cənub mirvarisi, söz mülkünün Xatirə Xatunu – Leyla Məcidova yazır

Cənub mirvarisi, söz mülkünün Xatirə Xatunu – Leyla Məcidova yazır

​Lənkəranın füsünkar, əzəmətli təbiətindən, xəzri qoxulu dənizindən pərvazlanan hər bir ruh sözün hikmətinə tapınır. Bu bərəkətli torpağın Azərbaycan ədəbiyyatına bəxş etdiyi ən parlaq simalardan biri, cəmiyyətdə xeyirxahlığı, alicənablığı və böyük qəlbi ilə seçilən, haklı olaraq müasir dövrümüzün ikinci Natəvanı adlandırılan istedadlı şairə Xatirə Xatundır. Bu gün onun ömür təqvimində yeni bir səhifə açılır.

​Xatirə xanım yalnız özünün bənzərsiz yaradıcılığı, söz mülkünün incəliklərinə sahib olması ilə deyil, həm də insanlara bəxş etdiyi sonsuz nurla tanınır. O, təmiz xarakteri, insaniliyi və saf əxlaqı ilə cəmiyyətdə dərin hörmət qazanmışdır. Aldığı gözəl ailə tərbiyəsi, mənəvi zənginliyi onun hər addımında, hər bir kəlməsində özünü büruzə verir. Xatirə xanım ömrü boyu insanlar arasında dostluq körpüləri salmış, mərhəməti və rəhmliliyi ilə ətrafındakı hər bir kəsə sığınacaq, dayaq olmuşdur.
​Analıq şərəfini uca tutaraq iki mərd, qeyrətli oğul övladı böyüdüb boya-başa çatdıran Xatirə xanım, ailə ocağının müqəddəsliyini yaradıcılığının ruhuna da köçürmüşdür. Natəvan kədərini və əzəmətini öz qələmində yaşadan şairə, poeziyamıza özünəməxsus zəriflik gətirmişdir. Sözünə, xarakterinə və mənəviyyatına bələd olduğum bu gözəl insanın yeni yaşı diləyirəm ki, ona ən böyük arzularının müjdəsini gətirsin.
​Gözəl yaradan bu yeni yaşında onun qəlbindəki bütün xeyirli niyyətləri çin etsin. Möhkəm cansağlığı, tükənməz yaradıcılıq ilhamı və ruh yüksəkliyi onun ömür yoldaşı olsun. Qoy bu yaş Xatirə xanımın ömrünə uğurla, düşərliliyi ilə qədəm qoysun. Ürəyindən keçən ən böyük,ən şirin analıq arzusu çin olsun, subay olan iki vətənpərvər qeyrətli övladları Kərim Abinin və Sərxanın toy-büsatını görmək nəsib etsin. Arzu edirəm ki, bu düşərli ildə bütün vəfalı rəfiqələrini, yaxınlarını başına yığıb, o, oğulların toy masasında, bəylik xonçalarının başında sevinclə qeyd eləsin. Cəmiyyətdə oynadığı dostluq və mərhəmət rolu, təmiz qəlbi hər zaman insanlara işıq saçmağa davam etsin. Qələmi kəsərli, sözü hər zaman belə nüfuzlu və təsirli olsun.Bir ömür xoşbəxt ol əzizim!

Məcidova Leyla Qadir qızı

Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Share: