Dövlət Suverenliyi Günü: Azərbaycanın yeni və qürurlu tarixinin başlanğıcı

Dövlət Suverenliyi Günü: Azərbaycanın yeni və qürurlu tarixinin başlanğıcı

Hər bir xalq üçün öz taleyini müəyyən etmək, müstəqil dövlət qurmaq və onun ərazi bütövlüyünü, suverenliyini qorumaq ən böyük milli və tarixi nailiyyətlərindən biridir. Azərbaycan xalqının dövlətçilik tarixində 20 Sentyabr məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyan, milli yaddaşımızda mühüm yer tutan tarixi günlərdən biridir. Azərbaycan Respublikasında hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilib. Sərəncamda qeyd olunur ki, 2023-cü il sentyabrın 19-da başlanan və sentyabrın 20-də başa çatan antiterror əməliyyatı nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa edilib.  Bu tarix yalnız təqvimdə qeyd olunan bir gün deyil. 20 Sentyabr Azərbaycanın uzun illər davam edən dövlətçilik və ərazi bütövlüyü mübarizəsinin mühüm məntiqi nəticəsini, ölkənin bütün ərazisində konstitusiya quruluşunun və qanunun aliliyinin təmin edilməsini ifadə edir. Suverenlik dövlətin öz ərazisi daxilində ali hakimiyyətə malik olması, daxili və xarici siyasətini müstəqil şəkildə müəyyən etməsi və beynəlxalq münasibətlərdə öz iradəsi ilə çıxış etməsi ilə bağlı fundamental anlayışdır. Azərbaycan Respublikasının Konstitusiyasında da dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması dövlətin əsas məqsədləri sırasında müəyyən edilir.  Bu baxımdan suverenlik yalnız hüquqi və siyasi anlayış deyil, həm də dövlətin mövcudluğunun əsas şərtlərindən biridir. Dövlət öz ərazisində qanunlarını tətbiq edə, vətəndaşlarının təhlükəsizliyini təmin edə və milli maraqlarına uyğun siyasət həyata keçirə bildiyi zaman suverenliyini tam şəkildə reallaşdırmış olur.

Azərbaycanın müasir tarixində isə bu məsələnin xüsusi çəkisi var. Çünki uzun illər ərzində ölkənin ərazi bütövlüyü Ermənistan işğalçıları tərəfindən pozulmuş, ərazilərin bir hissəsində Azərbaycan Respublikasının hüquqi və konstitusion hakimiyyəti faktiki olaraq həyata keçirilə bilməmişdi. 2020-ci il Vətən müharibəsində Azərbaycan qazandığı tarixi Qələbə ilə ölkənin ərazi bütövlüyünü bərpa etdi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş bir günlük lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycan bütün ərazisində suverenliyini bərpa etdi. Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə həmin tarixi belə qiymətləndirib: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”. Beləliklə, 20 Sentyabr həm hərbi-siyasi nəticənin, həm də dövlətçilik baxımından yeni mərhələnin simvoluna çevrilib. Dövlət Suverenliyi Gününün təsis edilməsindən sonra bu anlayışın dövlətçilik tarixindəki əhəmiyyətini daha geniş şəkildə vurğulayan mühüm addımlardan biri də 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi oldu. Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıdığı qeyd edilir. Sənəddə həmçinin 2020-ci il Vətən müharibəsində qələbə və 2023-cü il antiterror əməliyyatının ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına gətirib çıxardığı vurğulanır. Bu yanaşma Konstitusiya ilə suverenliyin bir-birindən ayrılmaz anlayışlar olduğunu bir daha göstərir. Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyən edir, suverenlik isə həmin hüquqi və siyasi əsasların ölkənin bütün ərazisində həyata keçirilməsinin mühüm şərtidir.

Bu gün Azərbaycan dövlət suverenliyinin tam təmin olunduğu yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkənin bütün ərazisində dövlət bayrağının dalğalanması, Azərbaycan qanunlarının tətbiq edilməsi və konstitusion quruluşun təmin olunması dövlətçiliyin bütövlüyünü ifadə edən əsas reallıqlardandır. Xüsusilə azad Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri suverenliyin yalnız siyasi-hüquqi anlayış olmadığını, onun konkret inkişaf və quruculuq nəticələri ilə tamamlandığını göstərir. Dövlətin öz ərazisində təhlükəsizliyi, qanunçuluğu və inkişafı təmin etməsi suverenliyin real məzmununu ortaya qoyur. Azərbaycanın əldə etdiyi uğurların arxasında xalqımızın hər zaman olduğu kimi Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, Xalq-Prezident-Ordu birliyi amilləri dayanır. 20 Sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir. Həmin gün Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməklə müasir tarixində mühüm mərhələyə qədəm qoydu. Bu günün əsas mesajı ondan ibarətdir ki, müstəqil dövlətin ən böyük sərvətlərindən biri onun suverenliyi, ərazi bütövlüyü və milli birliyidir. Bu baxımdan Dövlət Suverenliyi Günü Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm səhifəsi olmaqla yanaşı, müstəqil, bütöv və suveren Azərbaycan ideyasının nəsildən-nəslə ötürülməsinin rəmzidir. Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə bildirdiyi kimi quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr – Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır: “Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi”.

Ramil Nəbiyev,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Share: