Lavrov Ərdoğanın Qarabağ təklifinə cavabı gətirmişdi

Ermənistanı Qərblə yaxınlaşmaq istəyinə görə cəzalandırmaq variantı meydana çıxarsa, o zaman Azərbaycan xarici siyasət kursunda dəyişiklik etməli olacaq.

Bu sözləri Musavat.com-a deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc söyləyib. O, Qarabağ ətrafında gedən prosesi, Ərdoğan-Putin görüşündən sonrakı müzakirələri, həmsədrlərin iştirakı ilə aparılan danışıqları, nazirlərin görüşü barədə əldə olunan razılığı, Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakı və İrəvana səfərini şərh edərkən maraqlı fikirlər bildirib.

“Təsadüfi deyil ki, media məkanında hətta ən qatı hakimiyyət əleyhdarları belə keçmişin onlar üçün ağır təcrübəsinə əsaslanıb Ankara-Bakı-Moskva üçlüyünə separatçı birlik kimi yanaşırlar və hesab edirlər ki, üç dövlət arasında gedən danışıqlar onlardan gizli aparılmaqla mütləq böyük planın tərkib hissəsidir. Yəni, əgər Qərbin maraqları ziddinə Ərdoğan Putinlə vahid bir siyasi ittifaqda birləşərsə, sonra eyni tandem Cənubi Qafqazın gələcəyini müəyyənləşdirməkdə də əsas rol oynaya bilər. O üzdən Lavrovun regiona səfəri lokal şəkildə münaqişə ilə bağlı deyildi, Putinlə bağlı 5 rayonun qaytarılması söhbətini etmiş Ərdoğana Rusiya prezidentinin hansı şərtləri irəli sürdüyünü çatdırmağa xidmət edirdi”. Bu arada S.Lavrov bildirdi ki, guya Qarabağ məsələsində Moskva və Vaşinqton arasında hər hansı fkirayrılığı mövcud deyil. Digər tərəfdən, Ankaranın Ağ Evlə münasibətlərində “çat” yarandığı bir məqamda Türkiyənin Qarabağ tənzimlənməsində aktiv rol oynamaq istəyi barədə fərqli yanaşmalar var. Z.Oruc xatırlatdı ki, uzun on illər Ankaranın rəsmi siyasəti Vaşinqtonun maraqlarına xidmət edib və Cənubi Qafqazda da Amerikanın istəklərindən kənarda türklər hər hansı iqtisadi-siyasi planlarına qoşulmurdular: “Hərbi təhlükəsizlik baxımından, Qərbdən kənarda hətta Ərdoğan da hakimiyyətin ilk illərində burada hansısa kəskin hərəkətlərdən, Azərbaycanla yaxınlaşma və birgə silahlı təlimlərdən imtina edirdi. Lakin son illər vəziyyət köklü olaraq, dəyişdi. İndi isə Ankara-Vaşinqton münasibətlərinin hədsiz pisləşməsi belə ümidlər yaradır ki, Moskva qəti şəkildə hərəkətə keçərək, yaranmış vəziyyətdən maksimum bəhrələnməyə çalışır. Mənə elə gəlir ki, Putin növbəti danışıqlarda türkiyəli həmkarına Qərbin iqtisadi-siyasi mənafelərini bölgədən sıxışdırıb çıxarmaq üçün birgə plan təklif edəcək və belə olacağı təqdirdə, Qarabağ məsələsi dediyimiz o ”böyük plan”nın fraqmentasiyası olacaq. O üzdən Ermənistanda belə hesab edirlər ki, ATƏT-də son müzakirələr Rusiyanın separatçı planını pozmağa xidmət edib və Avroatlantik Birliyi Putinə belə təhlükəli strategiyasını həyata keçirməyə imkan verməyəcək”.

“Ermənistanın siyasi elitası Rusiya-Türkiyə-Azərbaycan əlaqələrini Qarabağa təhlükə sayır və son dövrlər Suriyanın gələcəyi ilə bağlı Soçidə əldə olunan tarixi razılaşmalar İrəvanda olan qorxunu bir qədər də gücləndirir”.

Zahid Oruc mövzunu şərh edərkən hazırda cərəyan edən digər proseslərə də diqqət çəkdi: “Hətta erməni ictimai fikri o dərəcədə həyəcanlanıb ki, Rusiya təhlükəsizlik Şurası səviyyəsində Ermənistan və Azərbaycanın hansı şəkildə bir araya gətirilməsi ideyası ətrafında artıq konkret müzakirələrə keçildiyini iddia etməyə başlayıblar. Lakin hazırda Brüsseldə olan Cənubi Qafqaz ölkələri liderlərinin öncə NATO rəhbəri ilə görüşmələri, daha sonra ”Şərq tərəfdaşlığı sammitinə qatılmaları tamam yeni bir paradiqmanın meydana çıxması deməkdir. Yəni, Ermənistanı Qərblə yaxınlaşmaq istəyinə görə cəzalandırmaq variantı meydana çıxarsa, o zaman Azərbaycan xarici siyasət kursunda dəyişiklik etməli olacaq. Daha doğrusu, prezident İlham Əliyevin hazırda Avropa Birliyi və NATO ilə münasibətlərin gələcəyini ərazi probleminə münasibət üzərindən qurması Bakının sərt tələblərinin ödənməyəcəyi təqdirdə, əvvəldə qeyd etdiyimiz Rusiya-Türkiyə və Azərbaycanı birgə alternativ geopolitik planlarını reallaşdırmağa təhrik edəcək. Kremlin çevrəsində olan informasiya vasitələrində Sərkisyanı xəyanətdə suçlayan və erməniləri faşizmi dirçəltməkdə qınayan xəttin məhz ən yüksək dairələrdən qaynaqlandığına şübhə yeri yoxdur”.

Müstəqil.Az

Share: