YERİN CƏNNƏT OLSUN

Ağsaqqalım, dostum, dəyərli insan Nurqələm Səlimovun əziz xatirəsinə.

Üzündə nur vardı, qəlbində sevgi,
Arzusu, niyyəti pak kişi idin.
Tanrı qüdrətiylə yaratdı, sanki
Əvəzi olmayan tək kişi idin.

Xətrin əziz idi dostlar yanında,
Hamı arzulardı, gözlərdi səni.
Bir Vətən sevgisi vardı canında,
Dünyanı sevincə bələrdi sənin.

Bir ildi getmisən qayıtmamağa,
Bir ildi həsrətin ürək dağlayır.
Sənsiz qəm ələnib bağçaya, bağa,
Dostlar kədərlənir, balan ağlayır.

Hər sözün dürr idi, bir inci idi,
Dostlar hörmət ilə anırlar səni.
Varlığın hamının sevinci idi,
Bu gün yoxluğuna yanırlar sənin.

Dünya yaranandan, əzəldən bəri
Vəfasız olubdu bil, həyat, qardaş.
Ölümdü hamının sonda qədəri,
Yerin cənnət olsun, rahat yat, qardaş.
Şərafəddin İlkin
17.02.2022

Share: