Türkiyəli xanım millət vəkili: “Mübariz İbrahimov kimi…” – Video

İyi Partiyanın başqanı Meral Akşener bu gün Türkiyə Böyük Millət Məclisində partiyasının qrup toplantısında çıxış edib.

Müstəqil.Az  xəbər verir ki, partiya başqanı çıxışı zamanı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edib. O, “İstiqlal üçün təkbaşına gərəyini edən Mübariz İbrahimov kimi ayağa qalxacağıq. Lələtəpədə adını soruşan komandirə “adım Vətən” deyən şəhid Ramil kimi ayağa qalxacağıq”, – deyib.

M.Akşener daha sonra Türkiyədə saxlanılan və İrana təhvil verilməsi gözlənilən Rahim Cavadbəylidən danışıb: “Bir türk aydını, öz qardaşımız Rahim Cavadbəyli 3 ay yarımdır Vanda qaçqın kampında saxlanılır. Daha öncə də söylədim, yenə də söyləyirəm: Cavad bəyi İrana təslim edəməzsiniz. Türk yurdu Təbriz küçələri “Azərbaycan var olsun, Rahim bəy azad olsun!” şüarları ilə inləyir. Bu səsə biganə qalamazsınız. Mən də TBMM-dən Təbrizin səsinə səs verirəm: “Azərbaycan var olsun, Rahim bəy azad olsun!”

Videonun 40-cı dəqiqəsində M.Akşenerin Rahim Cavadbəyli, 51-ci dəqiqədə isə M.İbrahimovla bağlı dediklərini dinləmək olar.

Qeyd edək ki, İyi Partiya TBMM-də 40 deputat yerinə sahibdir.

Təbrizdən olan ədəbiyyatçı, türkçü, araşdırmaçı və milli fəal Rahim Cavadbəyli artıq 4 ildir ki, Türkiyəyə sığınıb və orada yaşayır. BMT tərəfindən siyasi qaçqın statusu alan R.Cavadbəyli bu ilin avqustunda Türkiyə polisi tərəfindən sorğu-sual edilmədən nəzarətə götürülüb və İrana qaytarılması üçün Van bölgəsindəki gözləmə kampına göndərilib. İrana təhvil veriləcəyi təqdirdə R.Cavadbəylinin ölüm cəzasına məhkum olunacağı gözlənilir.

Müəllif: Səxavət Həmid
Share: