“SAVAŞLARDA HİMN YAZANLARIN AZADLIQ FORMULU…” -Vaqif Osmanov Səadət Cahangir haqqında yazır

“Dünya sevənlərindi” deyiminə bircə söz artırardım: “dünya azadlıq sevənlərindi”. Azadlıq olmasa sevgi də yoxdur. Bəşəriyyət yaranandan dünya dünyagirlərin – azadlığın süd qoxulu nəfəsini bələyindəcə kəsənlərin, maddi sərvətdən gözü doymayanların caynağında çabalamaqdadı. Belələri azadlığın şirinliyini hiss etmək iqtidarında olmayan, insan qanını hortdadıb həzz alan vampirlərdi, onlar dünyanın ən ləzzətli mənəvi neməti azadlığın da qanına susayıblar. Əqidəsi, amalı insanlığı, azadlığı, haqqı, ədaləti qorumaq olanlar sübut ediblər ki, dünya həqiqəti söyləmək gücündə olanların – mübarizlərindi. Bəşəriyyət saysız-hesabsız tiranlar görüb, ancaq daş və gen yaddaşımızda Babəklər, Janna Darklar, Nəsimilər, Cavidlər, Cordano Brunolar, Qandilər əbədi qalıb.
Ömrünün azı bir qərinəsini həqiqətə, haqqa, ədalətə, azadlığa, Vətənin müstəqilliyi uğrunda mübarizəyə xərcləyən, bu yola sadiqliyi, sınmazlığı, əyilməzliyi ilə mübarizə örnəyi kimi tanınan azadlıq tariximizin “dəmir ledi”lərdən biri Səadət Cahangirin kövrək, həzin, lirik adlı və məzmunlu şeirlər toplusu “İçimdə bulud səsi” azadlıq yanğısının və mücadiləsinin, Vətən sevgisinin poetik dillə yazılmış tezisləridi, “savaşlarda himn yazanların azadlıq formuludu, azadlığa acların nəğmə”ləridi.
Səadət xanımın zəngin poetik duyğularından yaranan təəssüratlarımı kövrək və lirik notlarla başlamaq istəyirəm. Hamı – elə mən də onu “dəmir ledi” kimi tanısaq da, “məsuma acımayan, haqq edən başa keçirilməyən, haqqı sevəni sevilməyən, doğru söz cəzasına uzaq sürgünə getmək” məhkumluğu yaşadan boz-bulanıq cəmiyyətdə həmişə qansızın gözünün içinə dik baxmaq cəsarəti, qaya sərtliyi yaşayanların həssas, mülayim, kövrək, duyğulu anları da olmalıdır ki, yorumuş ürək dincəlsin. Səadət xanımın zərif çiyinləri belə anlarda da dünyanın yükündən azad olmur. Əksəriyyətin “şah sevəni” oynadığı bu sərxoş dövranda kiminsə könlünə “Tərəkəmə”, “Qoçəli”, “Naz eləmə” düşsə, işi “Uzundərə” ola bilər. Şair xanım (səhv eləmirəm, şairə yox, şair, söz adamının qadını, kişisi olmur ) bundan heç qorxmur, o qədər “Uzundərə”lər görüb və bilir ki, azadlıq aşiqlərinin həyatı “soyuq sobalarda sözünü yandıranların tarixə utanc yeri, uzaq cəhənnəmlərə sürülüb yüz il sonra tabutlarda dönən şairlərin Vətən sürgünüdü”. Səadət xanım qansızların gülləsinə tuş gələn bir yaralı göyərçinlə dərdləşir, bilir ki, şüurlu hesab edilsələr də beyni, zəkası boşlar, işıqsevməz yarasalar onu anlamazlar. Bu şeir cəmiyyətin barometri və yaxud istilikölçənidi. Səadət Cahangir dəqiq bilir ki, “zamanla aramızda soyuqluq 10 dərəcə”di:
Sənidəmi vurdular qanadı qan göyərçin,
dimdiyində yanğına su daşıyan göyərçin?
hardan gəldi üstünə, o zalım qurşun hardan,
tətik çəkən qansızı çıxım soruşum hardan?

Bir quş yanğına neylər, nadanlar hardan bilər,
könül gözü kor olmuş adamlar hardan bilər:
bir əl qoysa ilahi ədalət bu yanğına,
yetər quş dimdiyində tək damla su yanğına.

Eh… Səadət xanım, “duyğusuzlar nə bilsin, nə çəkir yerdəkilər”, həm də göydəkilər…

Bu zalım zaman azadlıq ağacını əkənlərin, becərənlərin meyvəsini dadmağa imkan verməyib çarmıxa çəkildiyi, dərisinin soyulduğu, başının, qollarının, dilinin kəsildiyi, tonqala atıldığı, “bir udumluq havasızlıqdan can verdiyi” insan donlu Əzrayılların yaratdığı cəhənnəmmiş. Səadət xanım “viranə məmləkət üstə bayquşlarla davadadı, qamçıların gücündən qorxusu yoxdu, məsləki naminə öldürülənlərin sırasında” yerini bilir:

Ağ atlı oğlan nağıl,
gözlərini çək adam,
azadlıq ağacına
sənsən çəyirdək adam.

“Azadlıq olmayan məmləkətdə ölüm və hökm olar. Hər tərəqqinin və qurtuluşun anası azadlıqdır” (Atatürk). Azadlıq ağacının ucalıb çiçəklədiyi günləri görmək ümidi həmişə oyaq şair bu gün o müqəddəs ağacı ”könüllərdə əkməkdədi, suyla, Günəşlə suvarmaqdadı, çiçəklətməkdədi – bəxti əcəlin ipində qalsa da”.

Sən qanad çılğınlığı ruhuma yaranışdan,
vulkanlarmı oyatdı hər gün bizi uğruna,
ürəyim sənə doğru çırpınan Simurğ quşu,
ey sevgili Azadlıq, ölünməzmi uğruna?

Sən qarlı gecələrdə ayıq bir süvarinin
od yağan nəfəsindən çölün əriyən buzu,
sən göy üzü mavisi bulud göyərçinlərə,
al şəhid qanlarından bayraq olan qırmızı!

“Bayraq şairlərin ölməz misralarında min illər əzbər qalan kitabların baş sözü, böyük yürüşlərdə himn, savaşlarda marş sözü”, azadlıq çarpışması Səadət Cahangirin yaşam manifestidi, usanmır, dincəlmir, anlayır ki, ürəyinin təpəri, vicdanının səsi onu mübarizədən, azadlıq eşqindən əl çəkməyə qoymayacaq. Onun əqidədaşının bir yazısındakı mətləblər hamımızın həyat kredosu olaydı kaş:

“Bir alim gecə yuxudan ayılıb mətbəxə keçir və təsadüfən görür ki, bir böcək divara dırmaşaraq tavanda oynayan pərvanələrə çatmaq istəyir. Tavana qədər qalxsa da, sonda yıxılaraq yerə düşür. Amma inadından dönmür, yenidən eyni hərəkəti təkrarlayır. Alim bu mənzərəni seyr etməkdən yorulur və yatmağa gedir. Amma səhər mətbəxə gələndə gözlərinə inana bilmir. Böcək tavanda pərvanələrlə oynayırmış” (İlham Hüseyn “Azadlıq yolu”).
“Vətən yaraları keçməyənlər”in, qaysaq bağlamayanların, ədalət deyənlərin, savaş qanunu “ya azadlıq, ya ölüm!” olanların azadlıq arzuları bitib tükənmədiyindən “ümiddən asılanda ümidin ipi qırılsa da ipləri düyüb yuxarı çıxanların, arzuların yollarınındakı tilsimlərin kodunu” tapanların iradəsindən qorxanlar onlara “dustaq zəncirləri göndərib, boyunlarından yarlıq da asıblar – “Vətən xaini”. “Kimdi Vətən xaini” – Vətənə “gələn güllənin qarşısına çıxanlarmı”?
Yadelli işğalçılar qanımızı içdilər,
sürgünə dəyişdilər “ana Vətən” adını,
ən ağır günahımız tək səni sevməkdisə,
alıb güllələsinlər əmrlə “mən xaini”,
bitsin bu işgəncələr, sən özün ki, bilirsən,
yaz tarix kitabına, kimdi Vətən xaini.

Vətəni sevənlər Vətən xainidirsə, məni də güllələsinlər…

Səadət xanımın azadlığa hamilə hər şeiri, hər misrası onun şərəfli ömürlüyüdü (avtobioqrafiya, tərcümeyi-hal yazmıram, çünki ürəyimə, dilimə, qələmimə yatmır). “Savaşlarda himn yazanlar, şüar yazdığı divarlara söykənib güllələnmək” “şərəfinə” layiq görülənlər şahiddi ki, “gözünü qapadılar ümidlərin, ancaq gecədən yeni ulduzlar çıxdı, qaranlıqdan Günəş doğdu” və Günəşdən qorxanların canına üşütmə düşdü:

Biz də bi vaxt savaşlarda
bayraq tutan adamdıq,
meydanlarda asılmağı
gözə almış adamdıq…

Oxuyardıq nəğməsini
azadlığa acların,
bu qanlı küçələrdə
sürüklənən saçların…

Anna Axmatovanı oxuyarkən Səadət xanım özünün yüz il əvvəlki mübarizə, mücadilə məsləkdaşının yaşadığı dövrə səyahət edir, məşhur söz adamınına bir ömrün hesabatını verir: “Azadlıq” hayqıranların səsini kəsir qanlı qayçısıyla bir gilyotin kabusu, sevgi və azadlıq dedik, dirəndik, yenidən başladıq yaşamağa”:

Düz bir əsrdi, Anna,
azadlıq şərqilərində
güllə yağmuru var,
sevgi şeirlərində məhbusluq,
düz bir əsrdi, Anna,
20-lərdən bu yana
amansız atəş səsləri çırpılır
hüzursuz insanların qulaqlarına…

Hələ yüz il əvvəl “xain barmaqlar qurşun doldurub əmrə hazır silahlara” nakam, romantik və realist Mikayıl Müşfiqlərin, Əhməd Cavadların, Hüseyn Cavidlərin alnına tuşlayanda, zalımlarla qovğalarda – “həyat dedikləri bu keşməkeşdə” azadlıq təşnəlilər qırmızı terrora meydan oxuyurdular. Bəs yüz ildə nə dəyişib?

Günəşə yolçu xəyallarımız vardı,
yıxdı vicdan yoxsulları,
“azadlıq” deyə
bir ölkə çıxardıq savaşların içindən,
həbsxanaya çıxdı yolları…
hami getdi, Müşfiq, hamı getdi,
səndən sonra bütün illərin adı 37…

Səadət xanımın yaşam hekayəsi, həyat romanı sələflərinin ömrünün davamıdırsa, taleyin töhfələri bu gün daha “al-əlvandı” – “həyat bəzən bir çiçəklə uçurumlarda doğular və bir son arzuyla uçurumlarda bitər”. Fransız tarixçisi A.Tokvilə görə, həyat nə əzabdır, nə əyləncə, həyat elə bir işdir ki, biz onu yerinə yetirməyə və ləyaqətlə başa çatdırmağa borcluyuq. Ləyaqəli bir ömür yaşamaq bu çirkli cəmiyyətdə başucalığıdır ki, ancaq Səadət xanım kimi mübarizlər, cəsarətlilər bunu bacararlar. Həyat dediyimiz nəsnənin dəyərinin Səadət Cahangir “etalon”u:

Atılmış uşaqların gecə köynəyidi həyat,
yağışda islanan gecə yuxularıdı,
aclıqdan ölən bir cocuğun rəsmləridi –
satışda düz milyona gedir,
yüz il əvvəl yoxsulluq içundə can verən
bir rəssam tablolarıdı,
indi hərraclarda yüz milyona gedir…

Bəs yaşam hekayəsi nədir? Azərbaycanın çağdaş ünlü filosofu Safruh deyir: “yaşayışımı firildaq-kələk üzərində qurmağa məcburamsa, dövlət, hakimiyyəti nəyimə gərək”. Yaşamın çətinliyi hakimiyyətin günahıdı. Buna Səadət xanımın bir misrasının “reaksiya”sı möhtəşəmdi – “belə yaşamaq da intihar şəklidi”.

Tutalım, yoxsulluq bir evin
ayaqqabısız qapısından başlanırsa,
aclıq – parklarda gecələyən bir qocanın
quş ağzından aldığı çörək qırıntısına içdiyi andsa…
bəlkə, yaşamaq ölümə ən böyük duadı…

Tanrı Səadət Cahangirə üç ilahi insan ömrünü birləşdirib bir bütöv ömür – ana, azadlıq mücahidi və şair birliyini ərmağan edib. Onun ana qəlbi duyğuludu, sarı sim kimi həssasdı, “içindəki bulud səsi” kimi kövrəkdi, zirvələr kimi əzəmətlidi. “Savaş” şeirindəki insan taleyini siyasət meydanındakı söz, silah alverçiləri, ikiüzlü siyasilər – yırtıcı canavar, hiyləgər tülküsifətlilər görə, duya, anlaya bilməzlər. İnsan qanına, azadlığına susayanların gözü qandan, başqalarının haqqını yeməkdən, maddi sərvətdən doymaz. Səadət xanımın ana hissləri həmişə Xocalıdadı – “beşikləri ağlayan, hər gecə güllələnən, güllələnmiş əynində qanlı köynəyi qalan” tariximizin və bizim üzqaramız, 30 il qarı qanlı Xocalıda. Orada “Ölümün üstünə çəkilən qar örtüyü” əriyəcəkmi? Ərisə görəcəyik ki:

Batar sabaha çıxmaz
o gecənin gördüyü,
ölümünün üstünə
qar çəkmiş ağ örtüyü…

Qarşı da viranə yurd,
nə qalmış, nəyə gedək?
xainlər var arxada,
üzü gülləyə gedək…

Şair xanımın narahat və nigaran qəlbi səngərdədi, Qarabağda döyüş meydanındadı, xəyalının qanadları ilə “əsgərə məktub” göndərir.

Orda davadı, dava,
şəhərlər, kəndlər gedir,
burda pozğun oyunlar,
yorğun söhbətlər gedir…

Kərkük Səadət xanım üçün “yananda bir ovuc su, batanda son nəfəsi, sürgün düşmüş Vətəndə Füzulinin ruhu”dur. Həm də azadlıq aşiqinin ümid və arzuları kimi Kərkükün də qanadları qırıqdı:

Kərkük, mənə bənzərsən,
ahın dağlara çatmaz,
qanlı köynək içində
yarana yara çatmaz…

Bəşəri duyğularla dopdolu ürəyindəki ana mərhəməti Səadət xanımı insanlığın zirvəsinə ucaldır. Bəşər övladının heç olmasa yarısında belə humanizm olsaydı müharibələr, sərvət və mövqe savaşları olmazdı:

Bir sabah
dan yeri ağarmadan
bütün yorğunların yerinə oyanın,
bir fincan süd qoyun qapıya,
anasını azmış pişik balası var,
anası dönüncə ac qalar…

bir az alatoranlığın səssizliyində
dayanın işıqlar yanmamış,
bir ovuc çörək səpin göyərçinlərə
şəhər oyanmamış…

Şair- ana əllərini göyə qaldırıb dua edir: “Tanrım, yenidən qələm çək bu aləmə”, oğluna xitabən bütün insanlığa anladır ki, “taxt hirsindən doğan hər şey insanlığa zərbədi, azadlığa düşmən kəsilən nə varsa, adı müharibədi”. Ən yeni tarixin – 2022-ci ilin fevralında tiranlıq iddiasının ən qəddarını gördük. Gözü ac olduğundan qış yuxusu yata bilməyən ağ ayı iştahının badına gedir, Ukraynanı boğmaq, təkləyib torpaqlarını pəncəsinə keçirməkdə ötrü quduzlaşmış sürü ilə dinc ölkənin ərazisinə cumur, burnu ovulanda hərbi sursatını, əsir düşmüşlərini qoyub geriyə qaçmaqdadı. İkinci Qarabağ müharibəsində də eyni mənzərəni görmüşdük. Düşmənin xisləti dəyişmir, insanlığın məhvi üçün bütün qeyri-insanı şərəfsizliyi 44 günlük Vətən savaşında da gördük. Erməni və rus şovinizminin kökü kəsilməlidir ki, bəşəriyyət yaşasın. V.Zelenskinin çağırışı xalqı azadlıq yollarına çıxardı: “Biz dövlətimizi müdafiə edəcəyik, çünki silahımız bizim həqiqətimizdir, bu bizim torpağımızdır, ölkəmizdir, övladlarımızdır və biz hamısını qoruyacağıq”.

Savaş başlanan gün
xoşbəxt nişan üzüyü səksəndi
bir qızın barmağında,
duymuş kimi –
sevdiyindən ayrılan əllərini
qara xəbər tutacaq
ən yaxında…

bir gəlin doğulacaq körpəsinə
vermişkən Barış adı,
bətnini qucaqlayıb,
yarını əsgər çağıran
qəfil savaş xəbərinə
için-için ağladı…

İdeyalarına sadiqlərin, azadlıq təşnəlilərin bircə şüarı var – “silah sözlü adamlar həbsdədirsə, nəfsinə qul olanlar iblislədirsə”, mübarizə davam edir. Nə olsun ki, “hələ ünvanımız da polisdədirsə”…

“Qurduğumuz xəyalların suya düşüb qağayılara yem olduğu, həyat baqqal dükanında saralan borc dəftəri kimi” əlimizə baxıb varımıza, yoxumuza göz dikdiyi məmləkətdə “köhnə rəsmlərin xatirəsi” kimi yaşamağa düçar olanların tale yazısında bəyaz yerlər yoxa çıxar, ancaq qaralar qalar. Doqquz misralıq bir ağrılı poetik nümunənin söz və məna yükü qalın kitablardakından sanballıdı. Ürəkləri dağlayan bu poetik tablo diqqətli şeir və Vətənsevərləri azı 30 il geriyə – Qərbi Azərbaycan, Xocalı, Kəlbəcər qətliamlarına – ismətini vəhşi və murdar nəfəsdən, qanlı əllərdən, quduz ehtirasdan qorumağın yolunu ölümdə görən qız-gəlinlərin son “güllə”sinin ürəyinə sıxdığı – qayalardan özünü atdığı anlara aparır:

Köhnə rəsmlərin
xatirəsiyik,
yağmur gözlü,
Günəş saçlı,
tikmə gəlincikli qızlar,
sonra…
sonra “dava” adlı oyunda
itkin düşən
qara gəlinlikli qızlar…

Söz yaradan analara Tanrı həm də bəşər övladlarını yaratmaq, insanlığı, Vətəni, qeyrətimizi, namusumuzu qorumaq üçün böyütmək missiyası verib – kişilərdən üstün və fərqli istedad. Səadət xanımın ana öyüdünün, ana qürurunun mayasında insana sevgi, humanizm, mərhəmət, xeyirxahlıq, azadlığın dəyərlərini qanıyla, canıyla qorumaq dayanır, bu onun xislətinin – daxili dünyasının əbəbi alovu, işığıdı. Bütün analar övladlarını belə ruhda, düşüncədə böyütsəydi, dünya çoxdan xilas olardı ürəksizlərin, qansızların pəncəsindən:

Yadındamı,
demişdim andımız var bu bayrağa,
azadlıqdı o böyük davanın adı,
köləlik – buxovlara bağlı qolların susqunluğu,
azadlıq ölümə atılan savaşçıların
“yaşasın” şüarlarıdı…

biləsən, oğlum,
bu haqsız dünyada hər kəsin öz davası var…

“Yalan and yeri olan kağızlıq adamlar”ın hissinin ölgünlüyündən, yaşamaq və azadlıq eşqinin kütləşməsindən insanların buz biganəliyindən, lazımsız səbrindən bezən şair xanımın pişiklə söhbəti “cəsurların bayraq və silah, qorxaqların cənazə kimi daşıdığı, yoxsulların bahadı deyə hüququnu ala bilmədiyi, ümidlərimizi pəncərəni dimdikləyən babalaca bir sərçəyə” döndərən məmləkətin dərdlərinin poeziya diliylə inikasıdı. Səadət xanım niyə ürəyindəkiləri pişiyə açır? Anlayır ki, fil dözümlü, yaxud var-dövlət yığmaqdan, ölkənin sərvətlərini talamaqdan başqa heç nə düşünməyən beyni piylənmişlərdən fərqli olaraq pişik onu daha yaxşı anlayar. Heç olmasa kinayə, haqqı deyənə nifrət yoxdu pişikdə.

Biləsən, yer üzündə hər küçənin adı var,
sənin düşdüyün yerin adı aclıq küçəsi,
belə qarla sabaha çıxılmaz, gəl mənimlə,
sevgisizlik dünyanın ən qaranlıq küçəsi…

“Yolu ayrılıqdan, havaları bizdən soyuq, suyu çəkilmiş arzular limanına” bənzər məmləkətdə “min ildi haqq gəzən” Səadət Cahangir özü-özünə sual verir ki, “hüznün neçə üzü varmış, kədərin neçə qapısı?”. Tanrıdan umacağı da birdi: “bir düz əl ver bu ölkədə günahları daşlamağa”… Gözü toxluğun, mənəvi aclığın kulminasiyası…Təpəsindən dırnağınacan günah içində kef çəkənlərin günahsızları daşladığı cəmiyyətdə düz əl taparıqsa gəlin o əldən öpək və “Qımızı kitab”a yazaq. Düz əlləri kəsənlər çoxaldıqca düz əllər azalır, belə cəmiyyət oğrular, quldurlar oylağına çevrilir.

Səadət xanım ümidini heç vaxt üzmür, cəsarətlidi – “sevda Vətən dediksə, qarşımızda kim durar?”. Bu şəhərdə, bu ölkədə “pərdəyə gözünü silən pəncərələri, qara saçı ağ olmuş cavan dərdləri, divara söykənib ağlayan qapıları “ ovudacağına əmin şair xanım “gecikmiş arzuların baharını gözləyir, vurulanda da Vətən deyir, doğru söz cəzasına uzaq sürgünə gedənləri bir şeiri ilə geri qaytarmaq sevincini” yaşayacağına inanır, “quşları göyə, balıqları dənizə” buraxıb azadlığa qovuşdurmaq sevdasından əl çəkmir, tam əmindi ki, “yanmış ümidlərini bir güldanda suya qoysa bəşəri arzuları, amalları gül açacaq. Hələlik isə:

Bir qatarda hamımız
ümid deyə aldanıb
yolda qalmış adamlarıq,
yaşanmış yaşananlar bir kərə,
indi xatirə dolu çantalarda
yorğunca şəhərə daşınır yalnızlıqlar,
azadlıqlar hücrələrə…

Bütün amaldaşları kimi Səadət Cahangir də axtarışdadı –haqq, ədalət axtarır, Femidanın tərəzisi əyilsə də, “bəlalı başı ağrısa da, bətndə öldü, yoxsa beşikdə boğuldu? nigaranlığı ilə qədim dağıntılarda izi-tozu qalmasa da, soyulmuş dərilərdən, kəsik başlardan, bəşərə qanudduran boş savaşlardan sorsa” da tapılmır ki tapılmır, göyəmi uçdu, torpağamı gömdü, bəlkə “Janna Dark kimi tonqalda yandı”? Bəlkə bizdən üz döndərib ki, biz onu sevmirik? Niyə də üz döndərməsin? Məlul-məlul, laqeydcəsinə, qorxa-qorxa seyr elədik gilyotinli, sabunlanmış ilgəkli qanlı tamaşaları. Unutmayaq ki, “min illərdi həqiqət şərlə əlbəyaxadı”. “Söz haqqı!” andlı Səadət xanım yatmışları oyadır, haqqa tapınanları birliyə səsləyir:

Eyyy… hardasınız,
bu yurdun susmuş şairləri,
hardasınız, dünya qurduğunuz
gözəl xəyallar ölürsə,
bir ölkənin sinəsinə sıxılırsa
bütün xain güllələr,
qurşun yeməyən şairlərin
yaşamaq, yaşlanmaq hansı gününə?..

Səadət xanımın poeziyasında saat vaxtın, həqiqətin rəmzi kimi işlənir. Onun “saat”ı məişət əşyası, yaxud poetik “aksessuar” deyil, zamanın nəbzidi, yaşamımızdı, həyatımızı uğurlu və uğursuz anlarıdı, şərəfli, yaxud xatırladıqca utanacağımız tarixdi. O, təxəyyülünün qanadında “qiş saatından yaz vaxtına keçir”, arzularının çin olmağını səbirsizliklə gözləyir – “vaxt keçir harda qaldın, qol saatım üşüyür”. “Üstümüzdən günlərin kölgə saatı” ilə irəlilədiyi zananda bir də ayıldıq ki, sürətlə geriyə addımlayırıq:

Orta əsrlərdəyəm
ölkə saatı ilə…

…Diridi Cavidləri
cəhənnəmə sürənlər,
haqqa ac şairləri
açından öldürənlər…

…Görürsən heç nə keçmir,
hər gün keçənki dündü…

Gec açılan səhərlərin
vaxtını gecə almış,
vaxtsız düşən axşamların
saatları geridi…

Bir də dəqiq gözlük ilə,
qol saatına baxsan,
sənmi vaxtı öldürürsən,
ya öldürmüş vaxt səni…

Səadət xanımın şeirlərində mübaliğəsiz, çəkinmədən aforizm kimi dəyərləndirəcəyimiz müdrik deyimlər çoxdu:

“Saat səsidi zaman, fikirlər sükut səsi”…
“Yarısı göz yaşıdı duzlu okeanların”…
“İnsanlar sevgidən ölürdü bir zamanlar, indi sevgisizlikdən ölür”…
“Üzü ayrılıqlara hardan baxsan, uzaqdı”…
“Bu şəhərdə böcək ölsün, adam ölsün, fərqi yox, bütün sayğı duruşları ölümün sağlığına”…
“Ayrılıq ölümdüsə, ondan böyük sevgi var”…

Şair xanımın lirikası da azadlıq, mübarizə, Vətən, haqq-ədalət duyğuları kimi qəlbimizi riqqətə gətirir, içimizi duruldur. Onun lirik pıçıltıları kövrək duyğuları həzin xalq mahnısı kimi yaddaqalandı, ülvi hisslərə bələyir şeirsevənləri, qəlbində yuva qurdusa oradan aralanmır, o ovqatın həsrəti də, vüsalı da doğmadı, həmişə bizimlədi. Səadət xanımın lirik pıçıtıları insanların yaşamını dəyişmək gücündədi – “mən qışdan yaz ümidi yaşıl çıxan adamam”…

Dörd mövsüm arasında
bir köynək hüzünüm sən,
sərsəm də ürək susmaz:
“çıxarma, üşüyərsən…”.

Bu gün də axşam oldu,
bu qaranlıq küçədən
könlüm bir pəncərədi,
pəncərənin evi sən…

Gözüm gözündə qaldı,
istəməsən, pozarsan…

Ayrılıqdan çox yazıb, oxuyublar, kimi “aman, aman, ayrılıq” sızlayıb, kimi Arazı ayrılığın sinonimi bilib. Səadət xanımın ayrılığı da özünəməxsus duyğudu, insanı ikiqat düşündürür, bu ayrılıqda “yarımçıq arzuların rekviyemi çalınır”. “Ayrılığın formulu”nu açan həssas bəsirət gözlülər hamı özünü ağıllı sayan bu günümüzdə az tapılır. Ayrılığın Səadət Cahangir “açması” çox fəlsəfidi:

Sən hər yerdəsən,
amma hər yerdə ayrılıqdı…

Qısılsam ürəyimə,
qısılsam… sən də soyuq…

Səadət xanımın poetik düşüncəsinə görə, bu torpaqda ağac olmaq bəxtin, taleyin lütfiymiş. Ağacın “ümidi Günəşdən, suyu buluddan, qidası torpaqdandı”. Bəxtəvər ağac ya “barlı budaq, ya da şəhər parkında yaşıl kölgə” olacaq. Bəs insanın taleyi? Tanrı, niyə iki canlının yaşamını bu qədər fərqli yaratdın? Bilirəm, azadlıq eşqimiz, haqq-ədalət savaşımız az, mütiliyimiz, günahlarımız, səbrimiz çox olduğuna görə:

Bu torpaqda insan kimi
böyümək
zülümdü, cocuq,
əvvəl ümid olursan,
sonra ehtiyac, sonra… bir kədərə
sovrulub gedirsən,
əlin boş, ruhun ac…

Duyğuların ülviliyinə, istisinə, həyatsevərliyinə, şəfqətvericiliyinə, təqdimedilməsinə heyrət etməmək olmur. Deyirlər hər kəsin ürəyi özünün yumruğu böyüklükdədi. Görəsən, Səadət Cahangirin yumruğu nə boydadı? Meydanlarda, savaşlarda himn oxuyanların, yazanların, “azadlıq!” hayqıranların, zalıma meydan oxuyanların düyünlənmiş yumruğu bəşər övladının beşiyi Yer kürəsindən kiçik deyilmiş. Həyatının onurğa sütunu mərhəmət, sevgi olanların ürəyi Günəşə bənzər.

Nə həyatdı, çəkilməz,
adam dönər dəliyə,
indi uzat əlini,
yaxın gəl, pəncərəyə
sən bir Günəş rəsmi çək,
mən çiçək əkim, cocuq…

“Qəfəs saatlarında hələ dustaq vaxtı” olsa da, Səadət xanım nikbindi, bədbinlik ruhu ölmüş adamlara hökmranlıq edər, azadlıq carçısının ruhu isə həmişə oyaqdı, ayıqdı, xəbərdarlıq edir ki, “yeni günə azad çıxmaq vaxtıdı”. “Dar ağaclarında əcəlin ipini kəsmiş, meydanlarda tankın burnunu əzmiş, Əzrayılın əlində böyümüş adamlar nə qorxacaq ölümdən?..”.

Səadət Cahangirin “Vətən manifesti”:

Hələ azadlıq ağacları göyərməyən
bu quraq mövsümlərdə
dodaqlarınız çatlamış deyə,
yağmurlu buludlar qeybə çəkilmiş deyil,
yerin dibinə batmış deyil göy üzü,
hələ üfüqlər mavi, ay canlı,
ulduzlar sapasağ
və bilin, sizin dəmir qandallarda qanamış,
acı tikanlar dalamış külüng əllərinizdən
insanlıq adına
gül bağçası bir ölkə qurulacaq…

Səadət xanım, Vətən sevgimizə harınlar gülən, üç-dörd arx taxılımızı qarğalar talayan darğalar ölkəsində” ömür sürmək düşdü bəxtimizə. Vətən seçilmir, sevilir. Böyük elm adamı, Vətən fədaisi Xudu Məmmədov deyirdi ki, Vətəni tanıdın, tanısalar sevəcəklər. Sevənləri az olan məmləkət sevgisizlik diyarına çevrilər ki, bu artıq fəlakətdi. “Qazanımız ətsiz qalsa da, uşaqlarımız iş tapan kimi səfərbərlik başlasa da, işığa, qaza, suya borcumuz olsa da” Vətən sevgimiz tükənməzdi. Bu ilahi bu sevgiylə nəfəs alanlar əbədi məşəl, sönməyən çıraqlardı, həmişə işıqlandıracaq Vətəni, insanlığı, bəşəriyyəti. Qaranlıqları aydınlığa çıxarmaq üçün yaşamaq, yanmaq, sevmək, humanizm, mərhəmət, şəfqət gərəkdi. Bu Səadət Cahangir kimilərin – əqidədaşların, azadlıq təşnəlilərin işi, missiyası kimi Tanrının seçimidi. Axı Vətən eşqlilər Tanrının sevimliləridi…

Əbu Turxanın deiyr ki, qaranlıqdan qorxmayın – qəlbinizdə işıq varsa, sizə yetər, amma qəlbin işıqlı deyilsə, dünyanın işığını topla, haqqı yenə görməyəksən. Haqqı görənlər əbədi yaşayırlar. Tarix bunu sübut edib…

VAQİF OSMANOV.
Mart 2022.

Müstəqil.az

 

 

 

 

Share: