Ona salamımı apar,göyərçin!.. Aygün Sadiqin NÖVBƏTİ yeni şeiri…

Müstəqil.Az Aygün Sadiqin şeirini təqdim edir:
GÖYƏRÇİN
Dərdlər- ürəyimdə sahilsiz dəniz,
Sinəmdə bağlamış qübar, göyərçin…
Deyirlər, xeyirxah olursunuz siz,
Köksümdən bu ahı qopar, göyərçin.
 
Anamı istərəm… Tək bircə onu…
O da özləmişdir əsgər oğlunu…
Düşünüb Vətəni qoruduğumu
Qəlbinə təsəlli səpər, göyərçin.
 
Qolumun qüvvəti- dualarıdır,
Səsi- ürəyimin xilaskarıdır…
Zəfərim- Anamın arzularıdır,
Sevinci- düşmənə sipər, göyərçin!
 
 
Haqqını ödəyə bilmirəm hələ,
Fəqət, unutmadım bircə an belə…
Ömrümü boşuna verərsəm yelə
Kədər ürəyimi tapar, göyərçin.
 
 
Gündüzlər narahat, gecə oyaqdır,
Onun duaları mənə dayaqdır…
Görə bilməmişəm gör neçə vaxtdır.
Ona salamımı apar, göyərçin.

Share: