Uşaqlığına Tələsən Qız – Ülkər NİCATLInın yeni hekayəsi

Uşaqlığına Tələsən Qız – Ülkər NİCATLInın yeni hekayəsi

Bu hekayəni yazmağa neçə dəfə başladım, bilmirəm. Hər dəfə bir cümlənin ortasında dayandım.

Bəzi insanların ağrısına söz çatmır. Söz yolun yarısında yorulub dayanır, ürək isə susduğu yerdən danışmağa başlayır.
Amma bu dəfə yazmaq istəyirəm.
Hər gün məktəb yolunda onu görürəm.
Tələsir.
Addımları bir-birinə qarışır. Sanki harasa gecikir. Sanki onu gözləyən biri var. Sanki bir az da geciksə, kimsə qapını bağlayacaq.
Bəzən uzaqdan ona baxıb düşünürəm: Görəsən, hara belə tələsir?
Məktəbəmi?
Yoxsa uşaqlığına?
Bəlkə də hər səhər içindəki balaca qız bir evin qapısına qaçır. O qapının arxasında anası dayanır. Atası pəncərədən yola baxır. Nənəsi mətbəxdən səslənir.
Qızım, gecikmə, gəl…
Amma qapı açılmır.
Heç kim pəncərəyə yaxınlaşmır.

Heç kim onun yolunu gözləmir.

Çünki onun anası artıq yoxdur. Əvvəl anasını itirib. Sonra atasını. Babası, nənəsi də çoxdan xatirəyə çevrilib.

Bir də qardaşı var.

O isə uzaqdadır ,səngərdə.

Evdə qalan son doğma səsin də indi uzaqdan gələn bir səsə çevrilib. Bəzən telefon zəng çalanda ürəyi diksinir. Bəlkə qardaşıdır.
Bir neçə dəqiqəlik səsində evin qoxusunu, uşaqlıq günlərini, bir vaxtlar eyni damın altında yaşadıqları o günləri axtarır.
Sonra telefon susur.
Ev yenə susur.
Və o, qayıtmağa yeri olmayan bir uşaqlığın içindən keçərək hər səhər məktəbə gedir.

İnsan nə vaxt böyüyür?

Yaşına çatanda?

Öz ayaqları üstündə dayananda?

Yoxsa “ata”deyə səslənib cavab ala bilməyəndə?
Bəlkə insan atasını itirdiyi gün yaşından asılı olmayaraq bir az uşaq qalır. İçində heç kimin görmədiyi, heç kimin böyüməsinə icazə vermədiyi bir qız yaşayır.
O qız bəzən gecələr səssizcə anasını çağırır

Ana…

Sonra susur.

Çünki bilir ki, bu dəfə də cavab gəlməyəcək.

Həyat filmlərdəki kimi deyil. Filmlərdə kimsə öləndə musiqi başlayır, zaman dayanır, insanlar susur. Həyatda isə səhər yenə açılır. Zəng çalır. Uşaqlar məktəbə gəlir. Müəllim dərsə girməlidir. İnsan içindəki yasını kənara qoyub başqalarına həyat öyrətməyə davam edir.

O da davam edir.

Saçlarını darayır. Üzünə təbəssüm qonur. Çantasını götürür və məktəbə gedir. Sinfə daxil olur. Uşaqlar ayağa qalxır

Sabahınız xeyir, müəllimə!

O gülümsəyir.

Bəlkə də heç kim bilmir ki, həmin təbəssümün arxasında neçə gecə ağlamış bir qadın dayanır. Heç kim bilmir ki, o, bəzən dərsin ortasında bir anlıq uzaqlara gedir. Bəlkə də həmin an atasının səsini xatırlayır. Bəlkə bir vaxtlar anasının çağırdığı evə qayıdır.

Mən onun gözlərində bir ağrı görürəm. Amma o ağrının dərinliyinə çata bilmirəm. İnsan bəzən başqasının kədərini görür, amma ona toxuna bilmir. Qucaqlamaq istəyir, sual verməyə utanır.

O, mənə gəlinciyi əlindən alınmış bir qızı xatırladır.

Bəzi qızlar böyümək üçün tələsir. Bəziləri isə böyüməyə məcbur qalır. Həyat onlara saçlarını hörməyə, dizlərini yaralamağa, evə qaçıb anasının qucağına sığınmağa vaxt vermir.

Onlar bir gün gözlərini açırlar və artıq heç kimə uşaq olmadıqlarını görürlər.

O da böyüyüb.

İndi bir oğul anasıdır. Oğlunun əlindən tutanda, bəlkə öz uşaqlığının əlindən də tutur. Ona «balam» deyəndə, bəlkə içindəki balaca qız da həmin sözü eşidir.

Bəlkə oğlunu qucaqlayanda, əslində bir az da özünü qucaqlayır.

Çünki onun içində hələ də anasının qucağına ehtiyacı olan bir uşaq var.

Atasının qapıdan girəcəyinə inanan bir qız.

Nənəsinin dizinə baş qoymaq istəyən bir nəvə.

Amma həyat ona bütün bunların yerinə susmağı öyrədib.

Ona güclü görünməyi öyrədib.

Hamının yanında dayanmağı öyrədib, amma öz ağrısına söykənməyi yox.

Məktəbdə onu müəllimə kimi tanıyırlar. Direktor onun məsuliyyətini, həmkarları gündəlik qayğılarını, şagirdləri isə öyrətdiklərini bilir.

Amma heç kim onun içində yaşayan o qızın adını bilmir.

Heç kim soruşmur:

Bu gün içində neçə dəfə öldün?

Heç kim bilmir ki, bəzi qadınlar ağlamadıqları üçün güclü görünürlər. Əslində isə ağlamağa belə vaxt tapmırlar.

Həyat onların göz yaşlarını da təxirə salır.

Bir qız sevdiklərini itirəndə, onlarla birlikdə özünün bir hissəsini də torpağa tapşırır. Anasının ölümü ilə bir evin istiliyini, atasının ölümü ilə isə qayıdacağı son ünvanı itirir.

İndi o, hər səhər evdən çıxır.

Amma qayıdacağı ev əvvəlki ev deyil.

Və insanın ən böyük yetimliyi budur: qayıtmaq istədiyi bütün qapıların artıq yalnız xatirələrdə açılması.

Amma heç kim bilmir ki, o qızın içində bir cümlə hələ də tamamlanmayıb:

Ana, mən gəldim…

Bu cümlə illərdir onun içində yaşayır.

Bəzən məktəbin dəhlizində, bəzən gecənin səssizliyində, bəzən oğlunun üzünə baxarkən yenidən dilinə gəlir.

Ata, mən gəldim…

Amma cavab yoxdur.

Nə qapı açılır.

Nə ayaq səsləri eşidilir.

Nə də kimsə uzaqdan səslənir:

Qızım, gəl, mən buradayam.

İndi o, başqalarının uşaqlarına dərs keçir. Onlara gələcəyi öyrədir. Amma öz içində bir uşaq hələ də keçmişin qapısında dayanıb.

Əlində heç nə yoxdur.

Nə oyuncaq.

Nə çanta.

Nə də atasının əlindən tutmağa imkanı.

Sadəcə bir səs var içində.

İllər keçsə də susmayan bir səs:

Ana, ata, mən gəldim…

Sabah yenə zəng çalacaq.

O, sinfə girəcək. Uşaqlar ayağa qalxacaq. Hamı ona «müəllimə» deyəcək.

Heç kim bilməyəcək ki, həmin anda onun içində bir qız atasına çatmayan son addımın yanında dayanıb.

O, lövhəyə bir söz yazacaq.

Bəlkə də “ev”olacaq o söz.

Sonra bir anlıq dayanacaq.

Mən artıq onun niyə tələsdiyini bilirəm.

O, məktəbə gecikmir.

O, hər səhər bir daha qayıda bilməyəcəyi evə gecikdiyini düşünərək qaçır.

Və mən hər dəfə onun arxasınca baxanda bir həqiqətin qarşısında susuram.

O, uşaqlığına tələsən bir qızdır.

 

 

Share: