“OBA” marketin administratorunu bıçaqladılar

Dünən Bərdə rayonunda yerləşən “OBA” marketlər şəbəkəsində bıçaqlanma hadisəsi baş verib.

“OBA marketlər” şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsi məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib:

“Hadisə zamanı mağaza adminstratoru dörd bıçaq zərbəsi alıb. Zərər çəkən əməkdaşımız dərhal xəstəxanaya çatdırılıb. Hadisənin başvermə səbəbi hal-hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Hadisəni törədən Məmmədov Rahim bir gün öncədən “OBA” marketlər şəbəkəsinin Bərdə filialına müraciət edərək marketdə çalışan Yeganə Məmmədovanın işdən çıxarılmasını tələb edib.

Bununla bağlı mağaza administratoru şirkət təlimatlarına uyğun şəkildə Rahim Məmmədova bu məsələlərin qanunvericiliklə tənzimləndiyini, işdən çıxarılmaq üçün heç bir əsas olmadığını izah edib.

Eyni zamanda, Yeganə Məmmədova Rahim Məmmədovun marketdən çıxmasını, işində ona problem yaratmamasını tələb edib. Rahim Məmmədov bir gün ərzində tələbi yerinə yetirilməyəcəyi təqdirdə problem yaranacağı ilə bağlı təhdid edib. Növbəti gün mağazaya gələn R.Məmmədov mağaza administratorunu təhqir edərək ona hücum çəkib.

Rahim Məmmədov “OBA” marketdə çalışan Yeganə Məmmədovanın uzaq qohumudur. Hadisə nəticəsində xəsarət alan əməkdaşımız Ülfət Həsənova şəfa diləyirik”.

10:54

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Müstəqil.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Bərdə şəhər Ticarət Mərkəzində baş verib.

Ticarət Mərkəzinin içərisində fəaliyyət göstərən “Bərdə OBA market-7” mağazasında işləyən Məmmədova Yeganə Şakir qızına qarşı mağazanın administratoru, 1967-ci il təvəllüdlü, Bərdə şəhər sakini Həsənov Ülfət Rafiq oğlu əxlaqsız hərəkət edib.

Məsələdən xəbər tutan Y.Məmmədovanın qohumu, Bərdə şəhər sakini, 1993-cü il təvəllüdlü Mamedov Rəhim Elçin oğlu hadisə yerinə gələrək Ü.Həsənovla mübahisə edib.

Nəticədə R.Mamedov üzərində gəzdirdiyi bıçaqla Ü.Həsənovun bədəninin müxtəlif nayihələrinə dörd bıçaq zərbəsi vurub.

Yaralı Bərdə şəhər Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən R.Mamedov tutularaq istintaqa təhvil verilib.

Share: