Nə mənim küsən yaşımdır, nə də sənin küsdürən…

Atlaz RZAYİ

Bu gələn yuxuya salam verim mən

Artıq qarşılayım nazlı gecəni.
Bu ata qayğılı, bu ana dilli,
Bu şirin laylalı, sözlü gecəni.

*

Nağılı da gerçək, özü də gerçək
Səması çəməndir, ulduzu çiçək.
Dünya tablosuna gəl şəklini çək
Bu bahar gecəni, yazlı gecənin.

*

Müqəddəs ananın bətnindən düşən,
İlahi qələmin ətrindən düşən
Hər gün mərhəmətlə gəlib görüşən
Sevəsən bu ana üzlü gecəni.

*

O yerin başına dolanan mələk,
O yerin başına salınan örpək.
Ağ xallı üzündən biz də öpərək
Yola salaq keşik gözlü gecəni.

****

Burda darıxmaq olmur
Başımı iş-güc qatır.
Hərdən bir dəli gülüş,
Hərdən də sevinc qatır.
*
Ayağım yer üzündə
Bir gün rahat dayanmır.
Bu dost-tanış yanında
Qəlb darıxıb oyanmır.
*
Vaxtın sürəti böyük
Çəkir, İrəli çəkir.
Sən bir addım gedirsən,
O ikiəlli çəkir.
*
Bu dağ eşqi, çən eşqi
Hər şey könül ovudur
Burda eşqə düşənlər
Darıxmağı unudur.
*****
Nə mənim küsən yaşımdır
Nə də sənin küsdürən.
Mənim gecikən vaxtım deyil,
Səninsə tələsdirən.
Daha göydə ulduz qalmayıb
Hər inciyəndə dərmisən,
Yazın, payızın, qışın,
Ən çox da Oktyabrın
Əllərində
Mənə gül göndərmisən.
Sənə sərf etməz daha
İncisəm,
Desəm ki, pisəm
Nə göndərəcəksən.
Heç nə qalmayıb daha
Bomboş səhnə göndərəcəksən.
Hər şeyə vaxt tapdıq zamanında,
Üzməyə, üzülməyə,
Dalaşmağa, yadlaşmağa.
Bircə sevgini qorumağa
Vaxt tapmadıq.
Hamıya bəxtəvərlik oxuduq,
Öz əlimizdə olan baxtı tapmadıq.
O vaxtdan unutduq
Küsdüməyi də, küsməyi də
Elə salam kəsməyi də .
Qoyduq daşın altına,
Atdıq yaşın üstünə.
Nə mənim küsən yaşım oldu
Nə də sənin küsdürən.
*****
Yum gözünü, aç gözünü bir də bax
Şikayət etdiyin bu soyuq qışa,
Ayağını əzən bu daşa,
Canını yandırıb, ruhunu isidən
Bu bürküyə.
Aç qəlbinin gözünü
Qoyma qəlbin bərkiyə.
Nə bilirsən axı
Bəlkə sonuncu yağışdır islanırsan,
Sonuncu yayda yanırsan.
Göydən yerə baxmamış
Yerdən göyə doyunca bax,
Yer üzündə tikana da gül kimi
Başın yerə qoyunca bax.
Can üstündə dadı olar
Sevmədiyin hər şeyin.
Şikayətin boğazında canın kimi xırıldar,
Uzaq, yaxın hər nə varsa,
Gözlərində parıldar.
Həyətdəki toyuğa da
Bəxtəvərlik oxuyarsan.
Bu toyuğu qovmaq üçün
Dən dilində oxuyarsan.
Hər aldığın,hər verdiyin nəfəsindir,
Gedib-gələn, sağa, sola
Haray çəkən səsindir,
Varlığındır
Görüb, biganə baxdığın hər şey.
Share: