Məmməd İsmayıl AYB-dən necə ev aldığına aydınlıq gətirdi

Tanınmış şair Məmməd İsmayıl AYB-nin birillik təqaüdündən imtina edib.

Xatırladaq ki, Məmməd İsmayılın qərarı ilə bağlı AYB açıqlama vermişdi.

Kulis.az Məmməd İsmayılın AYB-nin açıqlamasına münasibətini təqdim edir.

“Özümə söz vermişdim ki, Yazıçılar Birliyinin cavabı nə olsa, qarşılıq verməyəcəm, həm də bu söhbətlər yeni deyil. 2014-cü ildə Birlik haqqımda yazmışdı, cavablarını da vermişdim.

Amma bu dördotaqlı ev məsələsinə qayıtmağı uyğun gördüm.

Bu məsələni bir dəfə də yazıçıların qurultayındakı məlum çıxışımdan sonra ortaya atmışdılar. Cavablarını da almışdılar. Cavabımın eyni olacağını bilə-bilə indi yenidən niyə gündəmə gətirirlər, anlamıram.

Söhbət 1989-cu ildən gedir. O zaman “Sosialist İndustriyası” adlı bir qəzet vardı və o qəzetin Azərbaycan üzrə xüsusi müxbiri Cavanşir Məlikov idi. Biz onunla Gənclər Dostluğu küçəsində qonşu idik. İkiotaqlı mənzillərdə yaşayırdıq. Onun iki, mənim isə dörd övladım vardı.

O zaman Azərbaycana A.Vəzirov rəhbərlik edirdi. Rəhmətlik Cavanşir A.Vəzirovla yaxın idi.

Bir gün Cavanşir qonşuluğumuzdan köçəsi oldu. Sonuncu görüşümüzdə dedi, Məmməd, bu heç insafdan deyil, mən iki uşaqla dördotaqlı evdə yaşayıram, sən dörd uşaqla ikiotaqlı… Narahat olma, mən imkan tapıb Vəzirovla danışacam. O zaman “Gənclik” jurnalının baş redaktoru idim, bəzən Vəzirovu da tənqid edirdik. Arada hətta birbaşa dövlət telefonu ilə özü mənə zəng eləmiş, gileyini bildirmişdi, yəni məni pis tanımırdı.

Əlbəttə, C. Məlikovun dəstəyi olmasaydı, mənim ev almağım mümkün deyildi. Vəzirov Baksovetə mənimlə bağlı tapşırıq verəcəkdi, oradan da mənə zəng edəcəkdilər. Onu da deyim ki, mən o zaman Yazıçılar Birliyində ev növbəsində idim, həm də dördotaqlı mənzil üçün növbədə birinci idim.

Baksovetdən mənə zəng edən adam dedi ki, Mirzə İbrahimovun Üzeyir Hacıbəyov küçəsindəki dördotaqlı mənzili sizin üçün nəzərdə tutulub, yaxşı olar ki, birlikdə növbədə birinci olmağın haqqında bir məktub yazılsın.

Bundan sonra Anarın mənə münasibəti bəlli olacaqdı. Məktub verməmək üçün bəhanələrini yazıb, onsuz da uzun cavabımı bir az da uzatmaq istəmirəm.

Anarın mənə “verdiyi mənzil” məsələsinin tarixçəsi belədir…”

Share: