FIFA prezidenti Mirziyoyevə 24 nömrəli forma hədiyyə etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantino ilə görüşüb.

Bu barədə Özbəkistan liderinin mətbuat xidməti xəbər verib.

Nüfuzlu qlobal idman qurumunun rəhbəri ölkədə futbolun inkişafı, gənclərin və qızların idmana geniş cəlb edilməsi, istedadların yetişdirilməsi, əlçatan və müasir infrastrukturun yaradılması, ixtisaslı məşqçi və mütəxəssislərinin hazırlanması istiqamətində aparılan islahatları yüksək qiymətləndirərək hərtərəfli dəstəkləyib.

İnfantino Mirziyoyevi gənclərdən ibarət millinin Asiya kubokunda bu yaxınlarda qazandığı qələbə münasibətilə təbrik edib.

Tərəflər Özbəkistan Futbol Assosiasiyası ilə FIFA arasında sıx və səmərəli əməkdaşlığın yüksək səviyyədə olduğunu, bu əməkdaşlıq çərçivəsində hazırda Özbəkistanda müasir futbol infrastrukturunun yaradılması istiqamətində tədbirlərin həyata keçirildiyini qeyd ediblər.

Sonda Canni İnfantino Şavkat Mirziyoyevə 24 nömrəli idman köynəyi hədiyyə edib.

Mənbə: repost.uz

Share: