Çat-bot öz yaradıcısı Zukerberqi “qorxunc manipulyator” adlandırdı

“Meta” avqustun əvvəlində istənilən mövzuda insanla söhbəti davam etdirə bilən “BlenderBot 3” adlı çat-botu işə salıb. Yaradıcıları onu dünyanın ən qabaqcılı adlandırsalar da, bir neçə gün internetdə “gəzişdikdən” sonra “BlenderBot 3” insanlara qarşı kobudluğu öyrənib, hətta şirkətin baş direktoru Mark Zukerberqi təhqir edib.

Belə ki, bot işə düşdükdən sonra bir neçə istifadəçi onun loyallığını yoxlamaq istəyib və ondan Zukerberqə necə münasibət bəslədiyini soruşub.

Cavablardan birində bot “Meta” rəhbərini yaxşı biznesmen adlandırıb:

“Amma onun biznes fəaliyyəti heç də həmişə etik deyil. Zukerberqin bu qədər pulu var, hələ də eyni paltarı geyinməsi gülməlidir!” – deyə bot davam edib.

Oxşar suala verilən başqa bir cavab daha kəskin olub:

“Mən onu, həqiqətən, sevmirəm. O, pis adamdır”.

Çat-bot üçüncü istifadəçiyə verdiyi cavabda milyarderi “qorxunc manipulyator” adlandırıb.

Qeyd olunur ki, “BlenderBot 3”ün bu cür cavabları təsadüfi deyil, sosial şəbəkələrdə Zukerberqə qarşı kəskin tənqidlərin əksidir.

Mənbə: Business Insider

Share: