Bir yazının yanlışlığı!

Müstəqil.Az saytı 12 noyabr 2018-ci il tarixdə öz səhifəsində “Təhsil naziri Ceyhun Bayramova Masallı rayon ümumtəhsil məktəb direktorlarının AÇIQ MƏKTUBu” adlı yazı yerləşdirmişdir. Və o da bildirilmişdir ki, qarşı tərəfin söz haqqını tanıyırıq.

Dediyimiz kimi də oldu. Qarşı tərəfin də fikirlərinə yer ayırırıq.

Haqqında bəhs olunan yazı paylaşıldıqdan sonra redaksiyamıza olunan müraciətlərdən məlum oldu ki, adı çəkilən məqalədə bir sıra yanlışlıqlara yol verilmişdir. Yazını hazırlayan əməkdaşların tələskənliyi üzündən qarşı tərəfin fikri öyrənilmədən, məktubda bildirilən məlumatlar dəqiqləşdirilmədən, oradakı qeyri-etik ifadələr təmizlənmədən saytda yerləşdirilmişdir. Bu da Masallı rayonun bir çox pedaqoji işçiləri tərəfindən haqlı olaraq narazılıqla qarşılanmışdır. Həmin yazı ilə bağlı redaksiyaya daxil olan etiraz məktublarında bildirilir ki, yazıda olduqca qərəzli notlar, həqiqətə uyğun olmayan məlumatlar yer almışdır. Qərəz o qədər güclü olub ki,  adi iməclik tədbirləri də təhsil şöbəsinin nöqsanı kimi qeyd edilmişdir.

Redaksiyanın gec də olsa apardığı araşdırmalar zamanı bəlli olub ki, Masallı təhsil şöbəsinin son illər bir sıra ciddi uğurları da olub. Belə ki,  son 10 illə müqayisədə təkcə bu il masallılı məzun orta məktəbi qızıl və gümüş medalla bitirib, onlarla şagird ölkə səviyyəli olimpiadaların, müsabiqələrin qalibi olub, 30-dan yuxarı məzun 600 və daha yuxarı bal yığıb, ali məktəbə qəbul olunanlar arasında masallılı qızların, həm də yüksək balla tələbə adını qazanan qızların sayı nəzərəçarpacaq dərəcə də artmışdır. Masallı müəllimləri müəllimlərin işə qəbulu ilə bağlı keçirilən test imtahanlarında və diaqnostik qitmətləndirmədə yüksək ballar yığmışdırlar. Masallı müəllimləri təhsildə olan nailiyyətlərinə görə ölkə başçısının təltifləri ilə mükafatlandırılmışdır.

Bütün bunlara, verilən məlumatları dəqiqləşdirmədiyinə görə  həmin yazıya məsul olan bir neçə əməkdaş cəzalandırılmışdır. Qərara alınıb ki, bir də belə səhvlərə yol verilməsin və gələcəkdə Masallı təhsili ilə bağlı ciddi araşdırma məhsulu olan yazı hazırlansın.

Müstəqil.Az

 

 

 

 

 

Share: