“Adında eşq məbədi var, Əlim günbəzinə qalxar…”-Şəfa Vəliyevanın yeni şeirləri…

Müstəqil.Az dəyərli şeirlər müəllifi,istedadlı yazar Şəfa Vəliyevanı doğum günü münasibətilə təbrik edir,onun yeni şeirlərini təqdim edir:

…………………………………

Əlim günbəzinə qalxar.

Başımdan sevda havası
Duman-duman çəkilir ey…
Kədərlə sevinc davası
Baxış-baxış sökülür ey…

Ey… bəxti olmayan sevdam,
Xoşuna gələn bəddimi?
Ey… yoxluğuyla ovudan
Hisslərimin sərhədini…

Yox-dediyin əbədi Var!
Var-dediyin könlü yıxar.
Adında eşq məbədi var,
Əlim günbəzinə qalxar…

***

Ölmək ürək istəyir

Qapı acıq, taybatay,
Getmək ürək istəyir.
Bax bu il… elə bu ay
Ölmək ürək istəyir.

Ölməyə söz vermirəm,
Gedirəm… bax, gedirəm.
Sənə vida etmirəm,
Dərdə qonaq gedirəm.

Gedişlər möhtəşəmdi,
Yola salan sağ olsun.
Dilimdə pörşələndi,
Burax, sözüm dağ olsun.

Könlünə xoş gəlmədim,
Yolum uzağa düşdü.
Mən səni tərk etmədim,
Səndən qabağa düşdüm.

………

“AĞARMIŞ GÜN”

Səndən ayrılmaq
səninlə yaşamaqdı, əslində,
sonsuz kədərləri.
Səni unutmaq
əbədilik qazandırmaqdı, əslində,
yaddaşımdakı xatirələrə.
Səni sevmək
Dünyadan bac almaqdı, əslində,
acılmayacaq sabahlara.
Sənsiz ölmək
ağarmış günlərə bürünməkdi, əslində,
kəfən əvəzinə.
Bağışla.
Sözündən çıxdım yenə də.
Ağartmadım günlərimi,
İstərsən,
Bağışlama.
Və bir daha heş kimi
Yollarına baxmaqdan qarasını itirən
göz kimi
ağarmış günə yollama.

***

Əntiqə Səməndərə

Dostum, küsə bilərsən,
Yenə ikinci oldun.
Getdi bütün sevgilər,
Mənsə seyrci oldum.

Sənə “bağışla” demək
Günahım sayılacaq.
Dodağım büküləcək,
Gözlərim qıyılacaq.

Bu qız sənə tanışdı,
Darıxar özü üçün.
Gəl, bir şeir danışım,
Elə belə, söz üçün.

Küssək də hər axşamdan,
Bu günlə barışmışıq.
Bir də, soruşmasan da,
“O”nunla ayrılmışıq.

***

Yaxşı ki,soruşmadın..

Yaxşı ki, soruşmadın
Bu il də əhvalımı.
Gözümdən oğurladın
Köhnə, nimdaş halımı.

Sən soruşmadın deyə
Mən də “sənsiz” olmadım.
“Darıxmaqdan ölməyə”
Bir il cığır salmadım.

Amma… birdən inciyər
O kicik söz: – necəsən?
Gərək elə mən deyəm?!
Özün söylə! Necəsən?

***

Üşüdünmü?

Üşüdünmü bu axşam?
Keçdimmi ürəyindən?
Mən elə darıxmışam.
Sən bildinmi, bilmirəm…

Ütüləyib yığdığım
Xatirələri açdım.
Bir vaxtlar utandığım
Şəkillərinə baxdım.

Adın şəkdim… bəzəndi
Dünyam nişanlı qıztək.
Günlər ürək üzəndi,
Gəl, ömrün ipini çək.

Gəl, götür əllərimdən
Əlinin yaddaşını…
Pozmağa da cəhd elə
“Dəli”nin yaddaşını.

Üz bütün ümidləri,
De ki, heç olmamışam.
Yandırdım şəkilləri,
Üşüdünmü bu axşam?

Share: