Elton Con Azərbaycan xalqından necə üzr istədi? – Foto

Yarım milyonluq virtual ordusu olan azərbaycanlı gənclərimiz ermənilərlə informasiya savaşına davam edir.

Axar.az xəbər verir ki, “Amerikasayağı Bakı” səhifəsinin və son günlər bütün sosial platforma reytinqlərinin ilk üçlüyündə yer alan “#DontbelieveArmenia” həştəqinin yaradıcısı Sadiq Fərzəlibəy və ona dəstək olan digər azərbaycanlı aktiv sosial şəbəkə istifadəçiləri erməniləri dəstəkləyən əcnəbi məşhurların üzr istəməsinə nail olublar.

“2016-cı ildə Aprel döyüşləri zamanı da biz belə bir ideya ilə irəli atıldıq, amma bizi məğlubiyyət gözləyirdi. Ermənilər o zamanlar sosial şəbəkələrdə çox güclü idi. Son 4 ildə biz ancaq təbliğatla məşğul olurduq, bilirdik ki, belə bir şans bizə bir daha nəsib olacaq. Artıq çox böyük və güclü olduğumuz zaman Azərbaycan Ordusu hərəkətə keçdi.

Sentyabrın 27-dən başlayaraq sosial şəbəkələrdə “müharibəyə” başladıq. Bizim əsas gücümüz düz olmağımızdır. Ermənilərin “feyk” xəbərlərini elə onların öz səhifələrindəcə məhv edirdik.

Səhifəmə bircə link atmaqla, bir neçə saat ərzində virtual ordumuz ora daxil olaraq Azərbaycanı dəstəkləyən şərhlər yazaraq, ermənipərəst paylaşımların pozulmasına nail olur. Bugünlərdə onlarla erməni səhifəsi bizim səylərimiz nəticəsində bloklanıb. Qeyd edim ki, #DontbelieveArmenia həştəqi hazırda Tvitterdə ən çox istifadə olunan həştəqdir.

Ən vacib naliyyətimiz isə erməniləri dəstəkləyən Elton Con və Cardi B kimi məşhurların Azərbaycan xalqından üzr istəməsi və ermənipərəst paylaşımlarını silməsidir. Bir sözlə, hazırda erməniləri sosial şəbəkələrdən iti qovan kimi qovuruq!” – deyə S.Fərzəlibəy bildirib.

Azərbaycanlı gənc əlavə olaraq yeni bir ideyası barəsində də danışıb:

“Yaxın günlərdə belə bir fləşmobla çıxış etmək istəyirik – hər gün, Böyük Qələbə gününə qədər – axşam saat 21:00-da, məhz komendant saatı başlayan zaman “Əsgərlərimizə Bakıdan dəstək” verək. Yəni hər birimiz eyvana çıxıb 1 dəqiqə ərzində əsgərlərimizi alqışlayacağıq. Bu həm komendant saatının başlanmasına işarə, həm də səngərdə olan əsgərlərimizə ismarış olacaq”.

 

Share: