“Zelenskinin komandası dövləti “tik-tok” uşaqları kimi idarə edir…”

“Bir sözlə, bizim 1992-ci ildə yaşadığımızı bu gün Ukrayna yaşayır. Özü də çox ağır vəziyyətdə…”
“Dövlət maraqları bir yanda qalıb, Zelenski serialdakı kimi hərəkət edir. Dövlət idarəçiliyi şou deyil axı…”
“Müharibənin ilk 30 günündə Ukrayna, demək olar ki, siyasi qələbə çalmışdı, amma  hərbi və iqtisadi cəhətdən qələbəsi yox idi. Rusiya da yarımhərbi qələbə çalsa da, siyasi və iqtisadi qələbəsi yox idi.  Lakin son 10 günlükdə balans dəyişməkdədir.  Ukrayna əldə etdiyi siyasi qələbəni yavaş-yavaş itirir”.
Bu fikirləri politoloq Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında Rusiyanın Ukraynaya hərbi təcavüzünün başlanmasından  keçən 40 gündən çox  müddətdə savaş meydanındakı durumu dəyərləndirərkən ifadə edib.
“Belə ki, ukrayınlar əvvəlcə informasiya savaşını düzgün aparırdılar.  Təəssüf ki, sonra  daha çox sosial şəbəkələrdə feyk-xəbərlər yerləşdirməklə məşğul olmağa başladılar və tədricən buna aludə oldular. Və bu aludəçilik bir növ Ukraynanı  əsas məqsəddən yayındırdı. Hal-hazırda Ukrayna umduqlarını əldə edə bilməyib. Nəticədə bu ölkə həm ABŞ, həm də Avropanın siyasi qurbanına çevrilib. Çünki bunlar tərəfindən Ukrayna rəhbərliyinə verilmiş heç bir söz tutulmadı…
Zelenski gərək Rusiya rəhbəri Putinlə danışıqlara öncədən rəsmən cəhd edə idi. O, yalnız aprelin 5-də həmin danışıqlara hazırlaşmaq haqda göstəriş verib. Halbuki, bunu savaşın ilk həftəsində etmək lazım idi ki, Rusiyanın aqressivliyini ortaya qoysunlar. Amma görünən odur ki,  ABŞ və Britaniyanın maraqlarına uyğun gəlmədiyinə görə bir növ Ukraynanı arxayın saldılar.  Ukrayna da elə düşündü ki, Avropa, NATO hər vasitə ilə onun yanında olacaq. İndi də tamam başqa istiqamətdə gedirlər. Bu yandan Zelenski rəsmən danışıqlara getmək üçün qərar imzalayır, digər yandan isə xarici işlər naziri Kuleba  NATO ölkələrinə ünvanlanan bəyanat verir ki, bizə çoxlu tank, top, raket, təyyarə verin ki, Rusiya ilə savaş aparaq… Axı  Rusiyanın Kiyev ətrafından çəkilməsi, sadəcə, taktiki gediş idi. Çünki Rusiya hərbi məğlubiyyətə uğrayıb” –açıqlamasının ardında bunları söyləyən politoloq Putinin Ukraynanın işğalıyla bağlı gələcək planlarına da toxunub.
“Bu saat Putinə Kiyevi ələ keçirmək o qədər də ehtiyac deyil.  Hələlik Xarkova da dəyməyəcəklər. Rusiyanın əsas məqsədi Donetsk və Luqansk vilayətlərini inzibati sərhədlərinədək tam ələ keçirmək və Mariopolu tam işğal etməklə Krıma gedən quru yolu nəzarətə götürməkdir. Bundan sonra eyni zamanda Ukraynanın Azov dənizinə çıxışı da tamamilə qapanır. Və bu sürünən müharibədə Putinin növbəti hədəfi Odessa və Nikolayev şəhərləri olacaq.  Həmin şəhərləri  işğal etməklə Rusiya Ukraynanın Qara dənizə də çıxışını bağlayacaq. Və nəticədə Ukrayna dəniz ölkəsi olmaqdan  məhrum ediləcək və bu baxımdan Moldova və Belarusla eyni səviyyəyə düşəcək.  Düşünürəm ki,  Putin daha sonra Xarkovu da ələ keçirməyi planlaşdırır. Çünki Xarkov Ukraynanın sənaye şəhəri, həm də “ürəyi”dir.  Ondan sonra Dnepr çayına çıxacaqlar. Həmin çayın o üzü isə Moskva üçün o qədər də əhəmiyyətli deyil. Çünki Ukraynanın sənaye və kənd təsərrüfatı xəzinələri əsasən Şərqi Ukraynadadır”- deyə həmsöhbətimiz bildirib.
“Dediklərinizdən belə çıxır ki, siz hazırkı Ukrayna rəhbərliyinin Rusiya təcavüzünə qarşı siyasətini qəbul etmirsiz? Hansı əsasla?” sualını isə həmsöhbətimiz belə cavablandırıb:
“Bəli, açığını deyim ki, belədir. Ola bilər ki, mən yanlış olum. Amma məsələ ondadır ki, yalnız ruhla, emosional çıxışlarla dövləti idarə etmək olmaz.  Zelenskinin komandası dövləti “tik-tok” uşaqları kimi idarə edir. Dövlətin maraqları o yanda qalıb; Zelenski bunu dedi, onu dedi, filan müsahibəni verdi. Nə olsun?..  Azərbaycan bunu 1992-ci ildə yaşayıb. Bu, bizim başımıza gəlib.  Biz də Çindən Təbrizədək hər yeri alırdıq, əvəzində Qarabağı itirdik və 30 il bunun zülmünü çəkdik… Bəzəkli-düzəkli, populist çıxışlar dövlətin idarəçiliyi üçün  düzgün metod deyil. Makiavelli  deyir ki, bütün hallarda dövlətin hakimiyyətin əlində saxlanılması ən gözəl variantdır. Yəni güclə, hiylə ilə olsun, səni qoy lap axmaq saysınlar, amma sən dövlətin maraqlarına xidmət edərək onu qorumalısan. Lakin Ukraynada dövlət maraqları bir yanda qalıb, Zelenski serialdakı kimi hərəkət edir. Dövlət idarəçiliyi şou deyil axı…
Bir sözlə, bizim 1992-ci ildə yaşadığımızı bu gün Ukrayna yaşayır. Özü də çox ağır vəziyyətdə… Hazırda müharibə hər gün Ukraynaya, azı, 5-6 milyard dollar ziyan vurur.  Belə getsə, bu dövlət bir neçə aydan sonra iqtisadi cəhətdən çökəcək.  Axı Ukrayna taxıl və bitki yağı ixracına görə dünyada birinci üçlükdə idi… Rusiya bu il də olmasa, gələn il Ukraynada ələ keçirdiyi ərazilərdən istifadə etməyə başlayacaq. Necə ki,  Ermənistan 30 ilə yaxın müddətdə öz büdcə gəlirlərinin 30-35 faizini işğal etdiyi Azərbaycan torpaqlarından əldə edirdi.  İndi də Ukraynanın işğal edilmiş torpaqlarının bütün yeraltı və yerüstü sərvətləri Rusiyaya qalacaq…
Bütün bunları təhlil etdikdə görürük ki, vəziyyət get-gedə Moskvanın maraqlarına uyğun formalaşır. Hələ deməzdim ki, Rusiya artıq qələbə çalır, amma tədricən hər şey onun maraqlarına uyğunlaşır… Hələlik Rusiya-Ukrayna savaşında pat vəziyyətidir; qalib yoxdur, hər iki ölkə məğlub vəziyyətdədir” –deyə Cümşüd Nuriyev fikirlərini tamamlayıb.
Sultan Laçın
Share: