Yorulmaz  Samir… – Elman ELSAROĞLU yazdı

Yorulmaz  Samir… – Elman ELSAROĞLU yazdı

Samir adı müxtəlif cür yozulsa da, içimdə qəribə bir inam var ki, bu söz “səmir” kəlməsindən götürülüb. Yəni səs-səmir mənasında.

Onun sakit dayandığını görmədim, adı kimi hər yerdən səs-səmiri gəlir. Bu insan, sanki anadan siyasət adamı kimi doğulub. On səkkiz yaşından siyasət meydanındadır. İyirmi beş ildir ki, yol gedir. Hər zaman da əqidəsinə sadiq qalıb. Bəziləri kimi, əvvəl bir partiyada, sonra da başqasında xoşbəxtlik axtarmayıb…
Ağıllı, nəzakətli, nəcib insandır. Azadlıq aşiqidir, müstəqil olmaqdan zövq alır. İnsanlarla ünsiyyət qurmağı bacarır, təşkilati məsələlərdə isə əvəzolunmazdır. Müxtəlif mövzularda danışa bilir, yeni fikirlər söyləyir. Romantik duyğulara qapılmır, hər bir olaya məntiqlə yanaşır…
Haqqında söhbət açdığım Samir Əsədli 1983-cü ildə dünyaya gəlib. 2000-ci ildə Bakıdakı 180 saylı orta məktəbi, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2001-ci ildən Vətəndaş Həmrəyli Partiyasının(VHP) üzvüdür. Və bütün fəaliyyəti bu partiya ilə əlaqəlidir. Hazırda VHP-nin Mərkəzi İcra Aparatına rəhbərlik edir. Və sədrin müavinlərindən biridir…
2009-2014-ci illərdə Bakı şəhəri Qızıldaş bələdiyyəsinin üzvü seçilib və bələdiyyənin sosial məsələlər, eləcə də ekologiya komissiyasına sədrlik edib. 2010-cu ildə keçirilən parlament seçkilərində 64 saylı Sabirabad ikinci seçki dairəsindən müxalifətin vahid namizədi olub. 2015-ci ildə keçirilən parlament seçkilərində isə VHP-ni 11 saylı Qaradağ seçki dairəsində namizəd kimi təmsil edib.
2010-2015-ci illərdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Mərkəzi Nəzarət Təfriş Komitəsinin sədri seçilib. 2011-ci ildən NİDA Vətəndaş Hərəkatının, 2012-ci ildən İctimai Palatanın, 2013-cü ildən isə Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür…
Göründüyü kimi, qırx üç yaşlı Samirin ömrünün böyük bir hissəsi siyasətlə bağlıdır. Necə deyərlər, Sabir Rüstəmxanlı kimi azman bir şəxsiyyətin məktəbini keçib, bu sahədə püxtələşib. VHP uğurlu təşkilatdır. Bu gün Milli Məclisdə üç nümayəndəsi ilə təmsil olunur. Obrazlı desək, əgər Xalq şairi Sabir Rüstəmxanlı bu partiyanın yaradıcısı və düşünən beynidirsə, Samir Əsədli onun onurğa sütunudur. Təslim olmağı, ruhdan düşməyi sevmir. Arzusu xalqa xidmət, cəmiyyətə daha çox fayda verməkdən ibarətdir…
İyunun 1-i Samir bəyin doğum günüdür. Bu dəfə 43 yaşını qeyd edəcək. Yaşına baxıb qəhərlənməsin. Çünki dünya həmin günü uşaqların günü kimi qeyd edir. Lap 100 yaşa çatsa da, hər dəfə uşaqlarla bərabər, onu da təbrik edəcəklər. Bəxtəvərdir vallah, bizim “krasavçık” Samir…
Hörmətlə, Elman Eldaroğlu
Share: