Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən Kinokuniya Şinjuku kitab mağazasının böyük tədbir zalında həmvətənimiz Əlibəy Məmmədovun yapon dilində nəşr olunan “Şərabla səfər edəcəyiniz Azərbaycan” kitabının təqdimatı və imzalama mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxi, çay və süfrə mədəniyyəti, qonaqpərvərlik ənənələri, şərabçılıq mədəniyyəti və turizm potensialından bəhs olunub.
Müəllif çıxışında Azərbaycan qonaqpərvərliyinin özünəməxsus xüsusiyyətlərindən danışaraq qeyd edib ki, ölkəmizdə qonaq evin ən əziz insanı kimi qarşılanır. Azərbaycan ailələrində qonağa ən yaxşı yeməklərin təqdim edilməsi, ən rahat yerin ayrılması və ona xüsusi ehtiram göstərilməsi milli qonaqpərvərlik ənənələrinin mühüm tərkib hissəsidir.
Kitabın ilk 32 səhifəsi Azərbaycana aid rəngli fotoşəkillərdən ibarətdir. Nəşrdə ölkənin gəzməli və görməli yerləri, təbiəti, bazarları, milli mətbəxi, quru meyvələri, şərabları, çay mədəniyyəti və gündəlik həyat tərzini əks etdirən fotoşəkillər geniş yer tutur.
Tədbirdə Azərbaycanın şərablarının Yaponiya bazarında uğurla təmsil olunması da xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan şərablarının Yaponiya bazarında tanıdılması iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, “Şərabla səfər edəcəyiniz Azərbaycan” kitabı yapon oxucularına ölkəmizin mədəniyyəti, mətbəxi, turizm imkanları və qonaqpərvərlik ənənələri haqqında geniş məlumat təqdim edir. Nəşrin Azərbaycan haqqında Yaponiyada daha dolğun təsəvvürün formalaşmasına, eləcə də ölkəmizə turist marağının artmasına töhfə verəcəyi bildirilib. Kitabda, həmçinin Qafqazın təbii gözəllikləri, Azərbaycanın biznes və turizm potensialı, Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları barədə məlumatlar yer alır.
Tədbirin sonunda Əlibəy Məmmədov təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, kitablarını imzalayaraq oxuculara təqdim edib.
Qeyd edək ki, “Şərabla səfər edəcəyiniz Azərbaycan” kitabında Azərbaycanın tarixi və mədəni irsi, milli mətbəxi, qonaqpərvərlik ənənələri, şərabçılıq və çay mədəniyyəti, turizm imkanları və ölkənin müxtəlif bölgələrinin özünəməxsus xüsusiyyətləri yapon oxuculara təqdim olunur.
Xatırladaq ki, Əlibəy Məmmədov 2012-ci ilədən Yaponiyada yaşayır. Hokkaydo Universitetində siyasi elmlər üzrə təhsil alıb. Yaponiya hökuməti təqaüdçüsü olmuş Əlibəy Məmmədov, eyni zamanda konfliktoloq, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir. Diaspor fəaliyyətinə təhsil illərindən başlayıb. 2015-ci ildən isə Yaponiyada biznes sahəsində fəaliyyət göstərir. Onun 2018-ci ildə yapon dilində “Azərbaycanın indi maraqlı olmasının səbəbləri”, bu ilin aprelində isə “Azərbaycan adlı strategiya” adlı kitabları çap olunub.























