GAH XƏZRİ OLURSAN, GAH DA GİLAVAR
Soyuqluq hardandır səndə bu qədər,
Arada nə olub, bilmirəm nə var?
Anlaya bilmirəm doğrusu səni,
Gah xəzri olursan, gah da gilavar.
Güldürür gözümü hərdən xoş sözün,
Elə bil qış ömrüm güllü yaz olur.
Hərdən də köksümü hədəf alırsan,
Hökmün qan-qan deyir, cəzan naz olur.
Belə hikkə ilə de qəsdin nədir?
Olanı, olmazı verirsən bada.
Nə olar sabaha bir divar saxla,
Sığına biləsən düşəndə yada.
Salma Əlövsəti gözündən iraq,
Bir az insafına mərhəmət də qat.
Nə dağ-dərə gəzdir, nə düzdə sına,
Sənsiz yorub məni sürdüyüm həyat.
29.05.2026.
Almaniya. Norden.
Əlövsət Tahirli
Şeirin Bədii Təhlili :
Əlövsət Tahirlinin bu şeiri daxili təzadlar, sevgi ağrısı və ümid hissləri ilə zəngin olan lirik bir nümunədir.
Şeirin əsas mövzusu sevgilinin dəyişkən rəftarı və bu rəftarın aşiqin daxili dünyasında yaratdığı təlatümlərdir. Müəllif insanın hisslərindəki qərarsızlığın, gah soyuq, gah da isti münasibətin yaratdığı psixoloji gərginliyi bədii şəkildə ifadə edir.
Sevgilinin xarakteri Bakının məşhur küləklərinə – Xəzri (soyuqluq, sərtlik) və Gilavara (mülayimlik, istilik) bənzədilir. Bu paralellik əsərin milli koloritini artırır.
Şeirdə “xəzri-gilavar”, “qış-yaz”, “olan-olmaz” kimi ziddiyyətli məfhumlar qarşı-qarşıya qoyulub. Bu da aşiqin ruhundakı daxili çarpışmaları əks etdirir.
“Xoş söz”, “güllü yaz”, “hikkəli qəsd” kimi ifadələr hisslərin emosional tonunu təsirli edir.
Əsər klassik aşiq-məşuq münasibətləri üzərində qurulub.
Son bənddə müəllifin öz adına, yəni Əlövsət müraciət etməsi klassik qoşma janrının ənənələrini xatırladır.
Dili olduqca axıcı, sadə və xalq yaradıcılığına yaxındır.
Şeir boyu daxili ritm və qafiyə ahəngdarlığı qorunub saxlanılmışdır. Müəllif sevgilini tamamilə ittiham etmir, əksinə “sabaha bir divar saxla” deyərək gələcəyə dair bir ümid yeri qoyur. İnsanın sevgisiz həyatda yorulduğu fəlsəfi instinktlərlə ifadə olunur.
Sizə cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram, Şair!

✍ Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq.
AJB-nin üzvü. Ədəbi təhlil-tənqidçi. Yazar-publisist



















