Bir ömrün iki ünvanı: Qabaqdibi və Xəzər

Bir ömrün iki ünvanı: Qabaqdibi və Xəzər

İnsanın keçdiyi yolu ən yaxşı illər göstərir. O illərin içində zəhmət də olur, məsuliyyət də, çətin günlər də, verilən qərarlar da. Amma sonda geriyə baxanda ən qiymətli olan nə tutduğun vəzifə, nə də daşıdığın titul olur.

Əsas olan gördüyün işin arxasında necə bir ad qoyduğun, insanların yaddaşında necə qaldığın və sənə göstərilən etimadı necə doğrultduğundur. Uzun illər bir sahəyə xidmət etmək sadəcə iş təcrübəsi deyil. Bu, insanın ömrünün, zəhmətinin və məsuliyyətinin bir hissəsidir. Hər gün eyni ciddiyyətlə işinin başında olmaq, qarşıya çıxan çətinliklərdən keçmək və bütün bunların sonunda hörmət qazanmaq heç də hər kəsə nəsib olmur. İllər keçdikcə insanın gördüyü işdən daha çox onun necə insan və necə peşəkar olduğu yadda qalır. Bəlkə də ömrün ən böyük qazancı elə budur: illər keçəndən sonra insanın adı vəzifəsi ilə deyil, zəhməti, etibarı və ona duyulan hörmətlə xatırlansın.
Dövlət qulluğunda insanı tanıdan təkcə tutduğu vəzifə deyil. İllərlə eyni məsuliyyətlə çalışmaq, etimadı doğrultmaq, üzərinə düşən işi layiqincə yerinə yetirmək daha mühüm göstəricidir. Belə adamlar çox vaxt gördükləri işdən artıq danışmırlar. Onları çalışdıqları sahədə qoyduqları iz, qazandıqları hörmət və illərin sınağından çıxmış təcrübə tanıdır. Çünki dövlətə xidmət bir vəzifədən digərinə keçməklə deyil, illər sonra insanın adı çəkiləndə onun haqqında deyilən sözlərlə, gördüyü işə verilən qiymətlə ölçülür. Əsl nüfuz da məhz belə yaranır. Gur sözlərlə deyil, uzun illər ərzində dəyişməyən iş münasibəti, məsuliyyət və insanlarda formalaşan etimadla.
Azərbaycanın neft və dəniz təsərrüfatı həmişə böyük zəhmətin, dəqiqliyin və məsuliyyətin tələb olunduğu sahələrdən olub. Burada görülən işin bir üzü sahildədirsə, o biri üzü Xəzərin açıq sularındadır. Gəmilər səfərə çıxır, neftçilər dənizdə növbə çəkir, quruda isə bütün bu böyük təsərrüfatın ahəngini qoruyan görünməz bir iş gedir. Bu sistemin içində uzun illər çalışan, həyatını onunla bağlayan insanlardan biri də Cəbrayıl İdris oğlu Mahmudludur. Onun əmək yolu maliyyədən başlayaraq neft sənayesinin müxtəlif sahələrindən keçib, daha sonra dəniz təsərrüfatının idarə olunmasına qədər uzanıb. Bu yolun diqqətçəkən tərəfi onun pillə pillə, hər mərhələnin təcrübəsini növbəti mərhələyə daşıyaraq keçilməsidir.
1966-cı ildə Yardımlı rayonunun Qabaqdibi kəndində dünyaya gələn Cəbrayıl Mahmudlunun sonrakı həyatının böyük hissəsi Xəzərlə, neft sənayesi və dəniz təsərrüfatı ilə bağlandı. Dağların qoynunda yerləşən Qabaqdibi kəndindən başlayan yolun illər sonra Xəzərə çıxması onun həyatının maraqlı cizgilərindən biridir. Bir tərəfdə dağ kəndinin sakitliyi və sadəliyi, digər tərəfdə isə Xəzərin sərtliyi və böyük məsuliyyət tələb edən iş həyatı. Bu iki fərqli dünyanın bir insan ömründə qovuşması onun həyat yoluna ayrıca məna verir. Arada isə uzun təhsil və əmək illəri, bir də addım addım qazanılan təcrübə vardı.
1990-cı ildə N. A. Voznesenski adına Leninqrad Maliyyə İnstitutunun Bakı filialını bitirdikdən sonra əmək fəaliyyətinə “28 May” Neft və Qazçıxarma İdarəsində başlayıb. İlk işi rəqəmlər, hesablamalar və maliyyə məsələləri ilə bağlı olub. Ancaq işlədiyi sahədə rəqəmlər sadəcə kağız üzərindəki göstəricilər deyildi. Hər hesablamanın arxasında istehsalat, dənizdə görülən iş, insanların əməyi və böyük bir təsərrüfat dayanırdı. “28 May” NQÇİ də maliyyə işləri üzrə iqtisadçı kimi başladığı fəaliyyət sonradan baş mühasibin müavini, daha sonra baş mühasib vəzifələri ilə davam edib. Bu illər gənc mütəxəssis üçün həm peşə məktəbi, həm də böyük istehsalat mühitini yaxından tanımaq imkanı idi. 1994-cü ildə “Qum adası” NQÇİ də baş mühasib kimi fəaliyyətini davam etdirib. Xəzərin neft və qaz təsərrüfatı, burada çalışan kollektivlər, istehsalatın mürəkkəb iqtisadi mexanizmi artıq onun gündəlik işinin bir hissəsinə çevrilmişdi. Vəzifələr böyüdükcə məsuliyyət də artırdı. Ancaq əmək yolunun sonrakı mərhələləri göstərirdi ki, ilk illərdə qazanılan dəqiqlik və iş intizamı gələcək idarəçilik təcrübəsinin möhkəm təməlinə çevrilirdi.
1995-ci ildən Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində nəzarət təftiş şöbəsinin rəisi kimi çalışması onun fəaliyyət dairəsini daha da genişləndirdi. Bu iş maliyyə bilikləri ilə yanaşı dəqiqlik, prinsipiallıq və təsərrüfat proseslərinə daha geniş baxış tələb edirdi. İki il sonra, 1997-ci ildə “Xəzərdənizneftdonanma” İdarəsində iqtisadiyyat üzrə rəis müavini vəzifəsinə təyin olunub. Məhz burada onun uzun illər maliyyə və neft sənayesində qazandığı təcrübə birbaşa dəniz təsərrüfatı ilə qovuşdu. Donanma kənardan baxanda ilk növbədə gəmilərlə görünür. Halbuki hər gəminin səfərinin, hər dəniz əməliyyatının arxasında böyük bir təsərrüfat mexanizmi dayanır. Gəminin limandan ayrılması görünən tərəfdir, onun fasiləsiz işləməsini təmin edən iqtisadi və təşkilati qərarlar isə çox vaxt görünmür. “Xəzərdənizneftdonanma” kimi böyük bir strukturda iqtisadi idarəetmə də bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Cəbrayıl Mahmudlunun əvvəlki illərdə topladığı maliyyə təcrübəsi artıq daha geniş miqyasda, donanmanın fəaliyyəti ilə bağlı məsələlərin həllində öz yerini tapırdı. Böyük təsərrüfatlarda görünməyən işin məsuliyyəti bəzən görünən işdən də ağır olur. Çünki dənizə çıxan hər gəminin arxasında vaxtında və düzgün verilmiş çoxsaylı qərarlar dayanır.
2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirməsi illərlə topladığı praktiki təcrübəni dövlət idarəçiliyi üzrə təhsillə tamamladı. Onun fəaliyyətində diqqəti çəkən məqamlardan biri əvvəlki işlərin sonrakı vəzifələr üçün təcrübə bazasına çevrilməsidir. Maliyyə sahəsində öyrəndikləri iqtisadi idarəetmədə, iqtisadi idarəetmədə qazandıqları isə daha böyük təşkilati məsələlərin həllində lazım oldu. Beləcə, təhsil və təcrübə onun əmək yolunda bir birindən ayrı deyil, bir birini tamamlayan iki əsas xətt kimi davam etdi. 2008-ci ildən Kompleks Qazma İşləri Trestində ümumi məsələlər üzrə rəis müavini kimi fəaliyyət göstərən Cəbrayıl Mahmudlu neft sənayesinin başqa bir istiqamətində çalışdı. Artıq arxada təxminən iyirmi illik iş təcrübəsi vardı. Bu müddət ərzində o, neft təsərrüfatının müxtəlif sahələrini ayrı ayrı deyil, bir birini tamamlayan böyük sistemin hissələri kimi yaxından tanımışdı.
2014-cü ildə onun yolu yenidən birbaşa Xəzər dənizçiliyinə gətirdi. Həmin ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində sədrin baş müşaviri vəzifəsində çalışmağa başladı. Bir il sonra, 2015-ci ildə isə cəmiyyət sədrinin müavini vəzifəsinə təyin edildi. İqtisadçı kimi başladığı əmək yolunun ölkənin əsas dənizçilik qurumlarından birinin rəhbərliyinə qədər gəlib çatması bir neçə ilin deyil, iyirmi beş illik iş təcrübəsinin nəticəsi idi. Bu müddətdə vəzifələr dəyişmişdi, ancaq onun fəaliyyətinin neft sənayesi, istehsalat və Xəzərlə bağlılığı davam etmişdi. Bu yüksəlişin arxasında birdən birə açılan bir qapı deyil, illərlə görülən iş, toplanan təcrübə və hər yeni məsuliyyətə əvvəlkindən daha hazırlıqlı gəlmək dayanırdı. Elə buna görə də onun əmək yoluna ayrı ayrı vəzifələrin sadalanması kimi deyil, bir birini tamamlayan uzun bir xidmət yolu kimi baxmaq daha doğru olar.
Xəzərdə hər gün gəmilər yol alır. Sahildən baxan üçün onların izi bir müddət sonra suya qarışıb yox olur. Dəniz təsərrüfatında çalışan insanların əməyi isə belə deyil. Görülən iş illər keçdikcə toplanır, təcrübəyə çevrilir və həmin sahənin yaddaşında qalır. Cəbrayıl Mahmudlunun həyatının mühüm hissəsi də Xəzərin bu böyük və daim hərəkətdə olan dünyası ilə bağlıdır. Dənizin üzərində gəminin qoyduğu iz silinə bilər, insanın illərlə vicdanla gördüyü işin izi isə asanlıqla silinmir. O iz bəzən sənədlərdə, bəzən görülmüş işlərdə, ən çox da birgə çalışdığı insanların yaddaşında yaşayır.
O, dənizə kapitan körpüsündən gəlməyib. Onun Xəzərə gedən yolu iqtisadçı masasından başlayıb. Maliyyə sənədlərindən, neft müəssisələrindən, istehsalatın hesablarından, idarəçilik otaqlarından keçib. İllər ötdükcə dəniz bu yolun uzaqdakı mənzərəsi olmaqdan çıxaraq iş həyatının əsas ünvanlarından birinə çevrilib. Dənizə bağlı olmaq üçün həmişə gəmi idarə etmək lazım deyil. Bəzən gəmilərin hərəkətdə qalmasına, böyük bir donanmanın işləməsinə, minlərlə insanın əməyinin vahid sistem daxilində təşkilinə xidmət edən qərarların məsuliyyətini daşımaq da insanı dənizlə bağlayır. Bəlkə də Xəzərlə ən möhkəm bağlardan biri elə budur: onun sahilində görünmədən, səsini ucaltmadan, amma illərlə onun böyük təsərrüfatının yükündən öz payını daşımaq.
Qabaqdibi kəndindən Xəzərə qədər uzun bir məsafə var. Bu məsafəni xəritədə ölçmək asandır. Bir insan ömründə isə onun ölçüsü tamam başqadır. Orada keçilən illər, görülən işlər, qazanılan təcrübə, verilən qərarlar və daşınan məsuliyyət var. Cəbrayıl Mahmudlunun 1990-cı ildə iqtisadçı kimi başladığı əmək yolu da belə formalaşıb. Yardımlının Qabaqdibi kəndindən başlayan bu yol neft mədənlərindən, qazma və istehsalat sahələrindən keçərək Xəzər donanmasına gəlib çatıb. Bir tərəfdə doğulduğu Qabaqdibi kəndi, digər tərəfdə ömrünün mühüm illərini bağladığı Xəzər. Bu iki ünvanın arasında isə uzun illərin zəhməti dayanır.
İnsan ömrünün dəyəri bəzən məhz bu iki ünvanın arasındakı yolda görünür. Haradan başladığını unutmadan nə qədər yol getdiyində, hansı məsuliyyətləri daşıdığında və arxada hansı münasibəti qoyduğunda. Qabaqdibi Cəbrayıl Mahmudlunun dünyaya göz açdığı, kökünün bağlı olduğu ünvanıdır. Xəzər isə ömrünün böyük zəhmətini, təcrübəsini və məsuliyyətini verdiyi ünvanlardan biridir.
Bu iki ünvanın arasında sadəcə kilometrlər yoxdur. Burada bir insanın gəncliyindən yetkinlik illərinə uzanan əmək yolu, onilliklərin təcrübəsi və sakit şəkildə qazanılmış hörmət var. Vəzifələr zamanla dəyişir, illər ötür, iş otaqlarında başqa insanlar əyləşir. Amma insanın özündən sonra qoyduğu yaxşı ad qalır. Bir ömrə verilə biləcək ən böyük qiymətlərdən biri də bəlkə elə budur.
Samir  Əsədli
Share: