Vaqif Osmanov- 70
Ədəbi tənqidə 1979- cu ildə Balakən rayonunda müəllim işləyərkən gəlib. Daha doğrusu, Gəray Fəzlinin “Yeddi ulduzlu səma” romanını oxuyandan sonra buna qərar verib. Bəli, bugünkü söhbətimin qəhrəmanı hidrometoroloq olsa da, həm də söz adamıdır…
Deyir ki:- “Söz sənətinin hər dövrünün özünəməxsusluğu var. Müasir nəsr artıq cild-cild romanlar dövrünü arxada qoyub. İndi vaxtın qıtlığı, informasiyaların bolluğu zamanıdır. Ona görə də hekayə, povest, roman həcmini dəyişib. Yığcam, konkret, geniş informasiyalı nəsr əsərləri çox oxunur. Özüm də böyük həcmli əsərləri oxumuram. Hövsələm və vaxtım çatmır. O vaxt oxuduğum Zahid Sarıtorpağın “Quşların intiharına inanmayın” romanındakı hadisələr məni, necə deyərlər, yerimdən tərpətdi. Yazıçı bu günün reallıqlarını ustalıqla həcmcə kiçik, mənaca dolğun romana yerləşdirib. Kənan Hacının, Ataqamın, Yaşar Bünyadın, Ayaz İranooğlunun hekayə və povestləri, Pərvanə Bayramqızının hekayələri, Əli bəy Azərinin Qarabağ müharibəsi haqqında əsərləri maraqlıdır. Ən başlıca məsələ isə gerçəkliyi, həqiqəti yazmaqdır. Bəzək-düzəksiz olsun, oxucunu inandırsın. Bəli, əsas meyar budur mənim üçün.”
1956-cı ilin avqust ayının 26-da Balakən rayonunun Qamıştala kəndinə anadan olub, 1973-cü ildə Qaravəli kənd orta məktəbini bitirib. 1973-1977- ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. Oranı bitidikdən sonra dörd il Balakən rayonunda müəllim işləyib. Balakən rayonunun “Şən həyat”, ADPU-nun “Gənc müəllim”, eləcə də “Azərbaycan gəncləri”, “Azadlıq”, “Rezonans”, “Azad qələm”, “Ədalət”, “Aktual qəzet”, “Ruzigar”, İnamın gəlişi” qəzetlərində, “Elm və həyat”, “Xəzan”, “Əfsun”, Türkiyədə nəşr olunan “Hece taşları” dərgilərində şeirləri, hekayələri, publisistik yazıları, elmi, ədəbi-tənqidi yazıları dərc olunub. Bir sözlə, ölkədə bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin müəllifi kimi tanınır. Eyni zamanda, uşaqlar üçün ingilis dilindən tərcümələr də edib…
…Bəlkə də heç özü də bilmir, o anadan olanda həftənin bazar günü olub. Bazar günü dünyaya gələnlər isə Günəş tərəfindən idarə olunur, təbii xarizma, liderlik xüsusiyyətləri və yüksək həyat enerjisi ilə seçilirlər. Onlar optimizm, yaradıcılıq və uğur meyilliliyi kimi keyfiyyətləri daşıyan fərdlərdir. Odur ki, qəhrəmanım da, güclü iradəyə və idarəçilik bacarığına malikdir. Ətrafındakı insanları cəlb edən parlaq və isti aura var. Həvəsli, canlı və hər zaman hərəkətli quruluşu ilə seçilir. Həyata ümidlə baxır, çətinliklərə qarşı müsbət düşüncələrini itirmir. Sənətə, gözəlliyə və yenilikçi fikirlərə meyillidir…
“Mənim ixisasım coğrafiya müəllimi, pedaqoqdur, peşəm hidrometeoroloqdur. Sırf mənim peşəmlə bağlıdır deyə söyləyirəm. Bakı küləkər şəhəridir. Amma Bakı toponimi küləklər şəhəri mənasını vermir. Bəzi tədqiqatçılar onun adının “təpə” mənasında olduğunu yazırlar. Sara Aşurbəyli bu coğrafi adın “Bagi” qəbiləsinin adından yarandığını qeyd edir. Bu versiya daha inandırıcıdır. Ərəb səyyahları Bakıya gəlib onu “Badi-kubə” adlandıranda “Bakı” toponimi vardı. Hətta Xəzər dənizinin coğrafi adlarından biri Bakı olub. O ki qaldı niyə küləklər şəhəridir? Bəli, Bakının və Abşeron yarımadasının azı 250-300 günü küləkldir. Küləklərimiz də millidir- xəzri və gilavar. Bakının və Xəzər dənizinin küləkli olmasının əsas səbəbi coğrafi mövqeyidir. Şimal Büzlu okeanından gələn Kra antisiklonu Xəzərin şimalından Azərbaycana sanki dar dəhlizdən daxil olur. Yelçəkər yaradır. Mülayim qurşaqdan gələn hava kütlələri isti hava axını gətirir.”- söyləyir.
Maraqlı adamdır, ömrünün çox hissəsini müəllimliyə, hidrometeorologiyaya həsr etsə də, həm də yaxşı publisist və tərcüməçidir. O ki, qaldı onun bir insan kimi xarakterinə, qoy deyim, siz də bilin: Onun ən böyük gücü analitik düşüncə tərzidir. Problemləri tez bir zamanda müəyyənləşdirə və bu problemləri həll etmək üçün effektiv yollar tapa bilir. Həmçinin, səmimi və etibarlı dostdur. Onunla əməkdaşlıq etmək bir başqa aləmdir. Başqalarına kömək etməkdən xoşlanır, yardımsevərdir. Və ondan müdrik, uğurlu məsləhətlər almaq olar. Bir sözlə, özünütəkmilləşdirmə və öyrənmə arzusu onu zaman-zaman gözəl məsləhətçi kimi yetişdirə bilib. O, həm də sağlam həyat tərzinə və fiziki rifaha böyük önəm verir. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar, haqqında danışdığım Vaqif Osmanovda olduğu kimi…
Xülasə, avqust ayının 26-sı Vaqif müəllimin 70 yaşı tamam olacaq. Birdən elə düşünərsiniz ki, tələsmişəm, axı 26-na hələ qalır. Elə deyil, söz gəldisə gərək qarşısını almayasan…
…Çox yaşasın!..
Elman Eldaroğlu





















