Vərəm xəstəsi dispanserdən qaçdı

Xəstəxanadan xəstə qaçıb. 1977-ci il təvəllüdlü İmanov Aydın Sərvər oğlu Buzovnada yerləşən 7 saylı Vərəm Əleyhinə Dispanserdən qaçıb.
Belə ki, Xəzər rayonu, Türkan qəsəbə sakini müalicə olunmaq üçün iyulun 23-də dispanserə yerləşdirilib. İyulun 24-dən 25-nə keçən gecə isə xəstəxanadan qaçıb.
Yaxınlarının saytımıza verdiyi məlumata görə, xəstəxanada Aydınla eyni otaqda qalan şəxs iyulun 24-də onun yaxınlarına zəng edib və bildirib ki, Aydın özünü pis hiss edir. Həyat yoldaşı dispanserə gedən zaman Aydının xəstəxanadan getdiyi deyilib.
Dispanserin həkimi Samir Quliyev Aydın İmanovun xəstəxanadan qaçması xəbərini təsdiq edib:
“Xəstəni zorla dispanserdə saxlamaq mümkün deyil. O, özbaşına çıxıb-gedib. Ona güc tətbiq etmək düzgün deyil. Aydın bəy xəstəxananı tərk edib”.
Dispanserdən qeyd edilib ki, xəstəxanada müşahidə kameraları yoxdur:
“Xəstəxananın yeni binası tikiləcək və orada kamera olacaq”.(Oxu.Az)

Share: