“Tutasan əlindən ayrılıqların…”-Gənc şairə Əfsanə Rəvanın yeni şeirləri

Müstəqil.Az gənc şairə Əfsanə Rəvanın yeni şeirlərini təqdim edir:
Gəlməyən qatar
 
Elə həyəcanla gözlədim səni,
Dodağım qurudu, ürəyim əsdi.
Elə yalvarışla baxdım yollara,
Gözlərim qatarın yolunu kəsdi.
 
Köks ötürdüm, sənə gedən yollara,
Küləklər ahımdan fəryad qopardı.
Məktub yazdım yola düşən qatara
Xəbər göndərdi ki-
bilet qurtardı !
 
Gözümün yaşına qıyma yazığam,
Ya özün qayıt gəl, ya məni çağır.
Daşıya bilmirəm, təkəm, tənhayam,
Sənsizlik dərdim var özümdən ağır.
 
Ümid vağzalında gözləməklərlə,
Pəncərə-pəncərə azaldı qatar.
Sən axı bilirsən İlahi, mənim,
Gəlməyən qatara ehtiyacım var.
 
……
Tutasan əlindən ayrılıqların
 
O hörən saçları kəsib atasan,
Səni tək buraxıb getdiyi yerdə.
Tapasan özünü hər kəsdən uzaq,
Bütün cümlələrin bitdiyi yerdə.
 
Səni ürəyindən atdığım kimi,
Atasan gözündən sına qüruru.
Deyəsən “günahın, qəbahətin çox,
Bacarsan danla hey, qına qüruru.”
 
Qayıdıb dönəsən üzü payıza,
Qisasın alasan ayrılıqların.
Zəhləsin tökəsən sənə qoşulub,
Dərdinə ağlayan, boz buludların.
 
Açasan qolunu qaça üstünə,
Çoxdan gözlədiyin ölüm mələyin.
Tutub əllərini həbs eyləyəsən,
Bəxti qara yazan zalım fələyin.
…….
Olmadı
 
Ayrılıq yeli əsib hislərimi soyutdu,
Eşqi alışdırmağa, köz yerimdə qalmadı.
Arzularım çox idi səndən yana ay adam,
Nə qədər dua etdim olmadı ki, olmadı.
 
Deyirdilər dualar qəbul olur yağışda,
Mən yağış altında çox dualar yağışladım.
Orda-burda deyirsən qarğışıma keçmisən,
Axı mən səni bircə baxışa bağışladım.
 
Daha izlərim düşməz sizin dar küçənizə,
Azıb qaldım taleyin amansız yollarında.
Qollarımı açmışdım sən adlı xoşbəxtliyə,
Yaxın gəlmədin deyə, qırıldı qollarımda.
 
Mən əzabın, həsrətin, kədərin qadınıyam,
Daşımaz kimsə məni bu əzablar içində.
Hər gün bir az daha çox sevdim deyə əzizim,
Mən dağ boyda dərdləri böyütdüm öz içimdə.
 
İndi özüm özümü bağışlaya bilmirəm,
Özüm öz günahımın içindəcə itmişəm.
Ay kimi gizlənmişdin buludlar arxasında,
Üzə çıxdığın zaman, gördün çıxıb getmişəm.
 
Ayrılıq yeli əsib hislərimi soyutdu,
Eşqi alışdırmağa, köz yerimdə qalmadı.
Arzularım çox idi səndən yana ay adam,
Nə qədər dua etdim olmadı ki, olmadı.
 
Əfsanə Rəvan

Share: