Müəllimlər Günündən bir gün keçib…
Bu səhər həyatımdan keçən müəllimlərimi düşündüm. İlk sinif müəllimimi, ilk universitet müəllimimi, ruhumda, ürəyimdə özünə yer tapmış müəllimlərimi… Həyatın mənə bəxş etdiyi, sonra məndən ayırdığı, mənə müəllimlik sənətini sevdirən müəllimləri…
Düşündüm, görəsən, orta məktəbdə, kollecdə, universitetdə çalışan hər kəs müəllim ola bilirmi?
Mən müəllimi uzaqdan tanıyıram. Onun dərin baxışı, düşüncəli görkəmi və hər şeydən əvvəl müəllim ruhu olur. Bəzən illər ötür, insan müəyyən bir yaşa çatır, dönüb arxaya baxır, keçən illərin həsrətini yaşayır. Bəs ömrünün böyük bir hissəsini başqalarının övladlarına həsr edən müəllim dönüb arxaya baxanda nə görür?
Bu gün də sizi dalğın, fikirli gördüm, Elçin müəllim.
Çoxdandır sizdən soruşmaq istəyirəm: sizdə bu oxumaq eşqini kim yaratmışdı? Bilirəm, ananız kitabxanaçı, atanız neftçi olub, kiçik qardaşınız rəssamdır. Bəs siz niyə müəllimliyi seçdiniz?
“Oxumaq sevgisini mənə anam verib. Biz balaca olanda qardaşımla mənə kitab oxuyardı. Elə-elə kitabları sevdik. 1991-ci ildə universiteti qırmızı diplomla bitirib təyinatla 26 nömrəli məktəbə gəldim. Gəliş o gəliş… Bu günə qədər də ömrümü buməktəbə həsr etdim”.
Bəzən bir insanın bütöv ömrü bir neçə cümləyə sığır.
Elçin Əli oğlu Əliyev 1967-ci ildə Buzovnada ziyalı ailəsində dünyaya göz açıb. Azərbaycan Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirib. Ömrünün otuz ildən çoxunu təhsilə həsr edib. Bu illər ərzində onun şagirdləri böyüyüb, dünyanın müxtəlif yerlərinə dağılıb, müxtəlif peşələrin sahibi olublar. Dostları, əzizləri həyatın axınına qatılıb, hərəsi ondanbir pay götürüb öz yoluna gedib. Elçin müəllim isə nə ata evini, nə Buzovnanı, nə də təyinatla gəldiyi doğma məktəbini bir gün belə özündən ayırmayıb.
Bir qızı, bir oğlu, bir şipşirin nəvəsi var. Həyat yoluna onunla birgə çıxmış qadın da müəllimdir. Özü çox sadə, təvazökar, eyni zamanda zəngin biliyə malik bir insandır.
Onun həzin duruşuna, dünyaya baxışına baxanda düşünürəm ki, gözəl yazıçı ola bilərdi. Danışıq tərzi, fikirlərini çatdırmaq bacarığı deyir ki, gözəl diplomat da ola bilərdi. Amma o, tarix müəllimi oldu. Bizim kitablardan oxuduğumuz, filmlərdə gördüyümüz, həyatımızda iz qoyan o əsl müəllimlərdəndir Elçin müəllim. Şagirdinin uğuruna uşaq sevinci ilə sevinən, insan sevgisini ürəyindən əskik etməyən müəllimlərdən…
Şagirdlərini öz övladları qədər sevir. Onların uğuru, gələcəyi, həyatda tutduqları yer onun üçün doğmadır. Dərs keçmək, uşağa bilmədiyini başa salmaq həvəsi illər keçsə də azalmayıb. Bir mövzunu anlatmaq üçün saatlarla vaxt sərf edir, özünün ən səmərəli, ən gözəl vaxtından həmin uşaqlara pay verir. Hər dərsinə məsuliyyətlə hazırlaşır. Azərbaycan tarixindən danışarkən həmin dövrün mədəniyyətini, ədəbiyyatını da anlatmağa çalışır. Bu da onun nə qədər hərtərəfli bir insan olduğunu göstərir.
Zaman isə çox dəyişib. Həyatın ritmi ağırlaşıb, yeni texnologiyalar meydana çıxıb, yeni nəsil tamam başqa bir dünyanın içində böyüyür. Amma bütün bunların içində Elçin müəllimin dərin zəkasına, biliyinə yenə ehtiyac var. O da zamanla ayaqlaşır, yeni texnologiyalara, həyatın yeni qaydalarına uyğunlaşaraq bildiklərini yeni nəslə çatdırmağa davam edir. İllər keçsə də, uşağa nəyisə öyrətmək həvəsi azalmır.
Bunun adı, məncə, böyük bir sevgidir. İnsanın içində yaşayan müəllimlik eşqidir.
Bəzən son illərdə müəllimlərimizin sözlərində, baxışlarında bir peşmanlıq, bir yorğunluq duyulur. “Uşaqlar əvvəlki uşaqlar deyil, valideynlər əvvəlki valideynlər deyil, məktəb də həmin məktəb deyil”, – deyirlər. Bəzən bütün bunların içində həyatdan bir bezginlik də hiss olunur.
Amma o keçmişə həsrətin içində əslində böyük bir məhəbbət var. Məktəbə, uşağa, təhsilə, Azərbaycanın gələcəyinə olan məhəbbət. İnsan çox sevdiyi üçün dəyişənləri də bu qədər ağrılı hiss edir.
Hər insanın ürəyinin bir yerində yaşanmamış arzuları da yatır.
Mən özüm də hərdən düşünürəm: alpinist olsaydım, dağlara qalxsaydım, zirvələri fəth etsəydim, bəlkə daha maraqlı bir həyat yaşayardım. Həkim olsaydım, bəlkə insanlara daha çox yararlı olardım, kiminsə ağrısına məlhəm olardım. Bəlkə hansısa ucqar bir yerdə kimsəsiz uşaqlara dəstək verər, kimsəsizlər yurdunda insanlara kömək edərdim. Bəzən düşünürəm ki, bəlkə mənim daha çox lazım olduğum başqa yerlər də ola bilərdi.
İnsan müəyyən yaşa çatanda arzularının da məcrası dəyişir. Özündən soruşur: görəsən, bu həyatda hansı arzularıma çata bildim?
Amma mən yazıçı oldum.
Və yazıçı olmaqla bəlkə də bütün o yaşamadığım ömürlərə toxuna bildim. Mən bir həkim obrazı yaradıb onunla birlikdə həkim, bir aktyor yaradıb onunla birlikdə aktyor ola bilərəm. Yazdığım insanın taleyindən asılı olaraq başqa-başqa həyatları yaşaya bilərəm. İnsan qəlbindəki təlatümlərə toxuna, onun sevincini, ağrısını, sevgisini, həsrətini sözə çevirə bilərəm. Deməli, mən yazıçılığı seçdim və həyatımı ona bağladım.
Elçin müəllim haqqında düşünəndə də ağlımdan keçir ki, yəqin onun da başqa arzuları olub. Bəlkə hansısa böyük kürsülərdən çıxış etmək, yüksək dərəcələrə çatmaq, elmi adlar almaq, ali təhsil müəssisəsində işləmək, elmi iş müdafiə etmək istəyib. Çünki onun zəngin düşüncəsi, biliyi və ideyaları insanda belə bir fikir yaradır. Amma Elçin müəllim bir məktəblə kifayətləndi.
O, şagirdlərini seçdi. O məsum gözləri seçdi.
Məktəbə və uşaqlara olan sevgisi onu illər əvvəl təyinatla gəldiyi doğma məktəbdən ayırmadı. Bəlkə başqa yerlərdə başqa uğurlara çata bilərdi. Amma o, hər il qarşısında əyləşən yeni uşaqlara bildiklərini öyrətməyi, onların böyüməsini, həyatda öz yerlərini tapmasını görməyi seçdi.
Müəllimlər Günündə, əlamətdar günlərdə şagirdləri mütləq onu görməyə gəlirlər. Hara getsə, harada olsa, müxtəlif peşələrin sahibi olmuş şagirdləri qarşısına çıxır. Gənc yaşlarından müəllimliyə başlayan Elçin Əliyevin ilk şagirdlərinin bir çoxunun indi əlli yaşı keçib. Amma bir an belə sevimli müəllimlərini unutmurlar.
Bundan qürurlu, bundan müqəddəs nə ola bilər?
Sosial şəbəkələrdə onun şagirdləri ilə çəkilmiş şəkillərini tez-tez görürəm. Elçin müəllimin çox ciddi görkəmi var. Həzin, sakit, mənalı baxışlarına baxanda adama bəzən elə gəlir ki, bu insan heç gülmür. Amma uşaqların arasında onu tamam başqa görürəm. O məsum uşaqların, şagirdlərinin içində üzündə yaranan gözəl, səmimi təbəssümü başqa heç yerdə görmək olmur. Sakit baxışlarından belə bir xoşbəxtlik sezilir.
Bəlkə insanın xoşbəxt olduğu yer də elə onun həqiqi yeridir.
Mən dağlara baxıb fəth etmədiyim zirvələri düşünə bilərəm. Amma hər insanın zirvəsi dağın başında deyil. Mən öz yolumu sözdə tapdım. Elçin müəllim isə bəlkə də öz zirvəsini şagirdlərinin arasında tapdı.
Elçin müəllim həm də söz sahibidir. O, yalnız sinif otağında tarixdən danışmır, qələmi ilə də yaşadığı dövrün əlamətdar günlərini, hadisələrini insanlara çatdırır. Müxtəlif dərgilərdə köşə yazıları, tarixi mövzularda məqalə və esselərlə çıxış edir, az bilinən faktları araşdıraraq oxucuları ilə bölüşür. Onun yazılarında illərlə topladığı bilik, mütaliə və müşahidələrlə yanaşı, doğulub boya-başa çatdığı Buzovnaya bağlılığı da duyulur. Bu yazılar Buzovnanın necə zəngin bir mühit olduğunu, Azərbaycana neçə-neçə sənət adamı bəxş etdiyini dəüzə çıxarır.
Ədəbiyyat tədbirlərində də bir ədəbiyyatçı qədər maraqlı fikirlər irəli sürür. Verilişlərdə tarixçi ekspert kimi çıxış edir, Türkiyə universitetlərinin onlayn konfranslarına qatılır, illər ərzində qazandığı bilik və düşüncələrini daha geniş auditoriya ilə bölüşür.
Sənətkardan söz düşmüşkən, Elçin müəllimin kiçik qardaşı Vüqar Əliyev rəssam, Əməkdar artist və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimidir. Gördüyü işlər və layihələri ilə seçilən sənətkarın sərgilərinin çoxsaylı izləyiciləri var. Sənətkar qardaşı olan Elçin Əliyevin daxili aləmində də yaradıcı bir işıq var. Bu yaradıcılıq onun müəllimliyində, yazılarında, insanlarla münasibətində özünü göstərir. Məncə, bu cür ustad müəllimlərin qədrini bilmək lazımdır. Bu gün mən bir müəllimdən – Elçin Əliyevdən danışdım. Amma bilirəm ki, Elçin müəllim kimi haqqın yanında dayanan, dürüst, son dərəcə istedadlı, bilikli və gərəkli müəllimlərimiz var və dünya durduqca da olacaqlar. Sözüm odur ki, belə ziyalıların qədrini bilək. Həyatımızdan belə insanların, belə müəllimlərin keçdiyinə görə həyata şükür edək.
Müəllimlərimizi unutmayaq.
Aysel Fikrət























