Mə nim polisim…

Mə nim polisim…

Ötən əsrin 90-cı illərində Azərbaycanda əsl dərəbəylik hökm sürürdü. Həmin dövrdə cinayətkar ünsürlər fəallaşaraq, qorxunc bir qüvvəyə çevrilmişdilər.

İstədikləri adamı öldürür, iş adamlarını, imkanlıları talan edir, adam oğurluğuyla məşğul olur və əhalini qorxu altında saxlayırdılar. Ölkədə reket dəstələri at oynadırdı. Onlar ölkə qanunlarını tanımaq istəmirdilər. Vəziyyət o yerə gəlib çatmışdı ki, aralarında bəziləri gözəl xanımları “oğurlayıb” namusuna sataşırdılar. Acı olsa da bu bir həqiqətdir. Yaxşı yadımdadır, o vaxt reketlər Sumqayıtda müəssisə rəhbərlərinin başına silah dirəyir, tələblərini həyata keçirtdirirdilər. Avtomobil dayanacaqlarına girib, təzə avtomobilləri götürüb aparırdılar…
Güc strukturlarından çəkinməyən bu adamlar açıq-aşkar özləri ilə silah gəzdirirdilər və şəhərdə tez-tez atışma səsləri gəlirdi. O qədər dərəbəylik hökm sürürdü ki, bəzi iş adamları “cangüdən” adı altında silahlı dəstə saxlayırdı. Necə deyərlər, ölkə başdan ayağa “Xorasan bazarına” dönmüşdü. Azərbaycana yeni hakimiyyətin gəlişi ilə cinayətkar ünsürlər qısa vaxtda zərərsizləşdirilib sıradan çıxarıldı…
Doğrudur, daxili işlər orqanlarında da yarıtmaz adamlar var, amma bu o demək deyil ki, bu qurumun işi ümumilikdə yarıtmazdır. Polis kimdir?- o da bizim ailənin bir üzvüdür, insandır. Onun da ana-atası, qardaş-bacısı var. Əgər hər hansı bir polisin kobudluğu ilə üzləşmisinizsə, demək onun tərbiyəsi qüsurludur və bu onun böyüdüyü ailənin, cəmiyyətin günahıdır. Bir polisin tərbiyəsizliyinə görə, bütöv bir strukturun fəaliyyətini şübhə altına almaq olmaz…
ABŞ-da yaşayanda fərdi avtomobilimin iki dəfə şüşəsini sındıraraq oğurluq etmişdilər. Polisə müraciət etsəm də heç bir ölçü götürülmədi, şikayətim cavabsız qaldı. Və dünyanın bir nömrəli ölkəsində buna bənzər hadisələr çox olur. Amma bizdə polis öz çevikliyini qoruyub saxlamaqdadır. Məhz polisin böyük zəhməti hesabına sakit, əminaman bir ölkədə yaşayırıq…
Bəli, Azərbaycan polisi güclüdür, çevikdir, cəmiyyətin ümid yeridir. İnanıram ki, zaman-zaman Azərbaycan polisinin xidməti fəaliyyəti daha da yüksələcək və “Azərbaycan polisi” deyiləndə, göz önündə dünyanın ən qüsursuz POLİSİ canlanacaq…
Elman Eldaroğlu
Share: