Elman Eldar oğlu Mustafayev  AÇIQ ŞİKAYƏT MƏKTUBU

Elman Eldar oğlu Mustafayev  AÇIQ ŞİKAYƏT MƏKTUBU
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Vergi Xidmətinə, Dövlət Əmək Müfəttişliyinə, Fövqəladə Hallar Nazirliyinə Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143 A ünvanında yaşayan Elman Eldar oğlu Mustafayev tərəfindən
         AÇIQ ŞİKAYƏT MƏKTUB
Hörmətli, Cənablar! Bu məktubumla Sizə bildirirəm ki, yuxarıda adıçəkilən binanı 29 mart 2024-cü ildə dövlət qeydiyyatından keçən “Binəqədi-38” MMMC idarə edir. Dəfələrlə müvafiq dövlət strukturlarna şikayət etsəm də “Binəqədi-38” MMMC-də baş verən qanuna zid hərəkətlərlə bağlı heç bir ölçü götürülmür. Belə ki, burada çalışan işçilərin, yəni komendant, inzibati işçi, xadimə və sairləri rəsmi əmək müqaviləsi olmadan çalışırlar. Hətta aralarında heç bir iş izni olmayan Gürcüstan vətəndaşı da var. Bundan əlavə “Binqədi-38” MMMC-nin sədri Eldar Səfərov heç bir rəsmi əmək müqaviləsi olmayan komendant Şamil Ağa oğlu Əliyevi imzalayıb möhürlədiyi saxta protokolla binanın yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs təyin edib. Bu isə məni çox narahat edir. Sabah binamızda yanğın baş verərsə tələf olan insanların necə deyərlər, qanları batacaq. Həmin 0001/3-2-2026 nömrəli protokol FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci Ərazi Dövlət Yanğın İdarəsinə təqdim edilib və onların dəftərxanasında özüm görmüşəm. Bu isə qanunvericiliyin ciddi şəkildə pozulması olsa da Eldar Səfərov adıçəkilən binanın yanğın təhlükəsizliyinin bərbad halda olduğunun məsuliyyətindən yayına bilib. Saxta protokol imzalamaqla MMMC sədri faktiki olaraq komendant Şamil Ağa oğlu Əliyevlə aralarında əmək münasibətlərinin olduğunu rəsmən etiraf etmiş olur və bu sənəd yoxlama zamanı əsas sübut rolu oynaya bilər. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (elektron sistemdə qeydiyyatdan keçmədən) fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə “Binəqədi-38” MMMC-nin sədrini fiziki şəxs kimi inzibati cərimə gözlədiyi halda ona gözün üstə qaşın var deyən də yoxdur. Eyni zamanda, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, MMMC-nin sədrinə işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi yolu ilə gəlirlərin gizlədilməsinə şərait yaradıldığı üçün maliyyə sanksiyası kəsilməlidir. Amma nə olsun, necə deyərlər, sədr öz işindədir, heç kimi də saya saymır, heç kimlə hesablaşmaq da istəmir.
Cənablar, sizdən xahiş edirəm ki, binamızda hökm sürən bu özbaşınalığa- rəsmi əmək müqaviləsi olmadan ölkə və xarici vətəndaşların işləməsinə, sənədlərin saxtalaşdırılmasına, o cümlədən “Binəqədi-38” MMMC-nin rəhbərliyi tərəfindən törədilən bütün qanun pozuntularına qanuna müvafiq münasibət bildirəsiniz.
5 oktyabr 2026-cı il
Hörmətlə, Elman Eldar oğlu Mustafayev,
Jurnalist, publisist
Əlaqə nömrəsi: 055-215.33.65
Share: