Xarici ölkələrin dövlət xəstəxanalarına müraciət edən Azərbaycan vətəndaşları və əcnəbi şəxslər ölkə vətəndaşlarından fərqli olaraq, müayinə və müalicə üçün yüksək məbləğ ödəyirlər. Azərbaycanda isə ölkə vətəndaşları ilə əcnəbilərə tibbi xidmət qiymətində heç bir fərq qoyulmur.
Müstəqil.Az xəbər verir ki, bunun səbəbləri ilə bağlı Axar.az-a açıqlama verən Səhiyyə Nazirliyinin hüquq sektorunun müdiri Elxan Əzizov bildirib ki, həmin ölkələrin vətəndaşlarına tətbiq etdiyi tibbi sığorta bu fərqin yaranmasına səbəb olur.
“Tibbi xidmətin qiyməti 100 manatdırsa, onun bir hissəsi icbari tibbi sığorta tərəfindən ödənilir. Həmin ölkəyə səfər edən turistlərinsə sığortası olmadığı üçün onlar tam məbləği ödəyirlər. Bizdə də icbari tibbi sığorta tətbiq edilən zaman yerli vətəndaşlarımıza güzəştlər tətbiq ediləcək. Əgər hər hansı bir xarici ölkə ilə bu sahədə müqaviləmiz olarsa, müayinə və müalicənin məbləği müqavilə əsasında tənzimlənəcək”, – E.Əzizov deyib.
Tibb eksperti Adil Qeybulla da bunun səbəbini icbari tibbi sığorta və yaxud digər sığorta paketlərinə görə olduğunu bildirib:
“Demək olar ki, bütün ölkələrdə belədir. Bizim ölkədə hələlik icbari tibbi sığorta tətbiq edilmədiyi üçün ölkəyə gələn turistlərlə yerli vətəndaşlarımız eyni qiyməti ödəyir. Sığorta tətbiq edildikdən sonra vətəndaşlarımıza müayinə və yaxud müalicə zamanı müəyyən güzəştlər tətbiq ediləcək. Bu da turistlərlə onların xəstəxanalara ödədiyi məbləğ arasında fərq yaranmasına səbəb olacaq”.
Nərmin Ə.