Taleyə yazılan qəhrəmanlıq

Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi çərçivəsində “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin üzvləri Cəlilabad rayonun Sabirabad kəndində şəhid və qazi ailələri ilə görüşləri davam etdirir.

Müstəqil.Az xəbər verir ki, bu günlərdə lahiyə rəhbəri, “DSD” İB-nin sədri, tanınmış şair – publisit Faiq Balabəyli və digər layihə iştirakçıları Vətən müharibəsində taleyinə qəhrəmanlıq yazılan, düşmənə layiqli cavab verən bir qrup qazi ilə görüşüb, onların sosial problemlərinin həlli istiqamətində atılan hər bir addım və ehtiyacları haqda fikir mübadiləsi aparıblar. Eyni zamanda kənd qəbirstanlığında Vətən mühribəsi zamanı şəhid olmuş oğullarımızın məzarları ziyarət olunub.

“DSD” İB-nin üzvləri Vətən mühribəsi zamanı şəhid olan, Xüsusi Təyinatlı qoşunun “Paşam” ləqəbli zabiti, baş leytenant Musa Əsgərovun doğulduğu evdə olubar. Musanın anadan olduğu evin bir guşəsində yaradılan xatirə guşə ziyarət olunub, şəhidimizin anası Sevda xanımla söhbət edilib, ananın igid oğlu haqda ürək parçalayan söhbətinə qulaq asıblar. Təki Vətən yaşasın,  – deyən ana, qeyd edib ki, Musa uşaq vaxtlarından hərbi sahəni seçmişdi. Əvvəlcə C.Naxçıvanski adına hərbi liseyi, sonra H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdi. Türkiyədə dəflərlə kurslarda olmuşdu.

Qeyd olunmuşdur ki, Musa və onun kiçik dəstəsi müharibənin ən dəhşətli vaxtlarında kəşfiyyata çıxdıqları bir gün ərzində düşmənin 5 postunu dağıdaraq, çoxlu canlı qüvvəsini məhv etmişdir. Döyüş tapşırıqlarını uğurla yerinə yetirib geri qayıdarkən, Musa minamyot atəşi ilə yaralanmış, özünə keyidici iynə vuraraq sona qədər döyüşmüş, çoxlu  qan itkisindən şəhid olmuşdur. Təsadüfü deyil ki, Ali Baş Komandanın sərəncamı ilə igid zabitimiz “Azərbaycan bayrağı” ordeni, “İgidiyə görə” medalı ilə təltif olunub.

Kəndin digər şəhid olan XTQ-nun giziri Davud Yalçın oğlu Abbasovun da məzarı ziyarət olunub. Davudun atası Yalçın oğlu haqqında heç bir söz deyə bilmədi, qəhər onu boğdu. Oğlanlarımız dünyaya ona görə gəlib ki, Vətəni qorusun. Torpaqlarımız o zaman Vətən olur ki, onun uğrunda şəhid olanlarımız var.

Səfər çərçivəsində 44 günlük Zəfər Savaşının başlandığı gün şəhadətə yüksələn Sabirabad kəndinin Vətən müharibəsində ilk şəhidi Murad Nadir oğlu Babayevin məzarı da ziyarət olunb.

 

Şəkilin açıqlaması yoxdur.

Qeyd etdiyimiz kimi, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi çərçivəsində  Qarabağ uğrunda gedən döyüşlərdə onlarla övladı iştirak edən kənddə şəhid və qazi ailələri ilə silsilə görüşlərini keçirilməsi nəzərdə tutulub. Şəhid və qazi döyüşçülərin xatirəsini əbədiləşdirmək üçün “Onlar qəhrəmandırlar” adlı xatirə kitabı hazırlanıb, yaxın günlərdə nəşr olunacaq. Xatırlatmaq yerinə düşər ki,  bu görüşlərin və eləcə də keçiriləcək  tədbirlərin hər birinin ayrı-ayrılıqda KİV –də işıqlandırılaraq ictimailəşdirilməsi də Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  gerçəkləşir.

 Tural Səfərli

layihənin icrasında mətbuat üzrə əlaqələndirici

 

 

 

Share: