Təklərin Doğması – Soylu ATALI

Dövrün, zamanın tikdiyi möhtəşəm saraylar – içində böyütdüyü bəşər övladının səmtini necə bəlirlədi?! Yolunu haralardan saldı?! Biz bunları tarix səhifələrindən oxusaq da, ürəyimizdə işıq, ağlımızda təpər yarada biləcək səbəb tapmırıq.

Çünkü bəşər övladının yaşamı gözlərimizin önündə qaralmalardan başqa bir şey canlandırmır. Çünkü İnsanlığın gözəlliyi tarixdə özünə yer tapa bilmir. Təklərin varlığına yazılmaqla zamanlardan yüksəyə qalxır. Tarixsə zamanın gördüklərini, göstərdiklərini bizə ötürür, ondan yüksəyə qalxanları deyil. İnsanlığın ucalığında olanları göstərə bilən tarix yazılmır. Beləlikə, İnsanlığın bütöv ölçü kimi yaşamda üzə çıxması olumsuz bir nağıl etkisi kimi alqılanır. Ancaq təklərin varisləri tükənmirlər. Sonrakı aşamalarda yenidən ortaya çıxır, çağın ötəri tələblərinə boyun əymirlər. Zamandan yüksəyə qalxanların könül dünyasına can atır, bu sonsuz dünyanın mürşüdlərinə müridlik eləmək üçün dövrün qapalı, qaranlıq dünyasından qopmağa çalışırlar. Varislik gələnəyi qırılmır, başa çatmır. İnsanlığın gözəlliklərini, gizlinlərini (sirlərini) yaşamaqla qədimliyi öz çağlarına tanıtmaq ərdəmliyinə yetirlər. Biz bunu daha çox yaradıcı ortamda izləyə bilirik. Çünkü bütün dolğunluğu ilə gerçəkləşməyən xəyallar dünyasını bizə duyğular tanıda bilir. Duyğular – bədii yaradıcılığın sonsuz üfüqlərə qoşan qanadları kimidir. Zamanın çirkinliklərindən arınan duyğular gələcəyin sönməz işığının pərvanələri kimi mövcud olurlar. Bu pərvanələr üçün oda atılmaq – yaşamaq demək olur. Çətinliklər onların kimliyini bildirən seçimdir. Onların ömür səhifəsinə rahatlıq, kef anlayışları yazılmaz. Varlığın sirlərinə qovuşmağın, ruhani yolçuluğun öz anlayışları olur. Bu anlayışları biz həmin yolçuların yaradıcılığından oxuyur, bununla onların ömür yollarına bələd oluruq.
İndi Təklərin varislərindən birinin – Əhməd Fərhadın “Qurun dar ağacı başımın üstə” kitabı qarşımdadır. Həm gerçəkliyin görsənişləri ilə barışmayan, həm də olduqca təvazökar bir soydaşımızın duyğuları ilə təmasdayam. Onun duyğularını oxuduqca, bəzən insani ağrılarının, acılarının doğurduğu göz yaşları canlanır xəyallarımda, bəzən də çılğın harayları cingildəyir qulaqlarımda. Bunlar onun poetik vərdişləri deyil, içində bəsləyib boya-başa çatdırdığı ağrılı taleyidir.

Könül istəyinin oldum dustağı,
Getdi göz yaşımla gözümün ağı,
Məndən öyrənibdi oda yanmağı,
Özü ustad sanır pərvanə məni.

Oxşamaz könlümü toy-büsat, şənlik,
Olsa da dörd yanım yaşıl çəmənlik,
Baxıram bu dünya deyilmiş mənlik
Hansı günə doğdun ay ana məni?!

İşığı anlayan kəs, onu qaranlığa vərdiş elətdirməyə çalışan dövrə etiraz edər. İçində anladığı dünya ilə özündən ayrılmış gerçək dünyanın təzadları arasında qalmaq istəməz, bundan sıxılar, fəryad qoparar…

Duymağa qəlbimin hərarətini,
Əlini əlimə ver, verə bilsən.
Necə sevdiyimi anlamaq üçün,
Mənim ürəyimə gir, girə bilsən.

Dünyanın gedişində gerçəkləşməyən gözəllikləri insan öz içində tapa bilər. Bunun üçün içini dünyaya çevirmək gərəkdir. İçi dünya olan öz dünyasının qapılarını hər kəsin üzünə açar. Dünyadakılara çağırış edər, Yunus Əmrəyə doğmalaşar. “Gəl, mənim dünyamda dünyanı tanı” söyləyər…
İçində dünyalaşan vətənləşər. Öz içində, sevgisi ilə böyütmək istədiklərindən vətənə yiyə olmalarını umar.

Əzəldən bu yurdun türk oğluyam mən,
Bu yurda, vətənə çox bağlıyam mən,
Bütöv Azərbaycan soraqlıyam mən,
Məni öz qanıma, düzümə qaytar,
Qaytar türklüyümə özümə qaytar.

İllərlə başıma döyüb yad əli,
Adıma söylənib sərsəm, ya dəli,
Demirəm səbr ver, olum silləli,
Haqqımı almağa dözümə qaytar,
Qaytar türklüyümə özümə qaytar.

… Təklərə doğmalaşmağı özünün ağ günü saymaq da təkcəlikdir. Ayrılmaqdır hamılaşmaq gedişlərindən. Bu ayrılıq səni bu günün gözündə dəli göstərər. Ancaq gələcəyə boylananların sevgisində vəli olarsan.
Təkləri sevməkdən, təklərə doğmalaşmaqdan çəkinməyənlərə biz də öz alqışlarımızı sunuruq.

Share: