Şəhid adı arxasında gözlənilən idarəçilik böhranı -Şərafəddin İLKİN yazdı

Şəhid adı arxasında gözlənilən idarəçilik böhranı -Şərafəddin İLKİN yazdı

Şəhidlər bu xalqın yalnız keçmişinin deyil, həm də bu gününün və gələcəyinin ən müqəddəs dayaqlarından biridir.

 

Onlar Vətən uğrunda canlarını fəda edərək, torpaqlarımızın azadlığı, dövlətimizin suverenliyi və xalqımızın qürurlu yaşaması naminə ən ali zirvəyə ucalıblar. Bu səbəbdən şəhidlərə hörmət və ehtiram yalnız mənəvi borc deyil, milli kimliyimizin ayrılmaz hissəsidir.
Müasir Azərbaycan cəmiyyətində şəhid anlayışı təkcə itki deyil, həm də qələbənin rəmzidir. Onların qəhrəmanlığı sayəsində illərlə işğal altında qalan torpaqlarımız azad edildi, xalqımızın milli ləyaqəti bərpa olundu. Bu böyük zəfərin arxasında dayanan şəhidlərin xatirəsi daim uca tutulmalı, onların ailələri isə dövlət və cəmiyyət tərəfindən davamlı qayğı ilə əhatə olunmalıdır.
Lakin təəssüf ki, bəzi hallarda bu müqəddəs dəyərin mahiyyəti kölgədə qalır. Xüsusilə bəzi rayon icra hakimiyyətlərində müşahidə olunan yanaşma ciddi narahatlıq doğurur. Belə ki, bəzi icra başçıları rəhbərlik etdikləri rayonların real sosial-iqtisadi problemlərini arxa plana keçirərək, bütün fəaliyyətlərini əsasən anım günlərinin təşkilinə və bunun ictimai nümayişinə yönəldirlər. Bəzi hallarda elə təəssürat yaranır ki, bu şəxslər dövlətin icra strukturu kimi deyil, yalnız mərasim və anım tədbirlərinin təşkilatçısı kimi fəaliyyət göstərirlər.
Şəhid ailələrinə diqqət və qayğı göstərmək şübhəsiz ki, vacibdir. Lakin bu, idarəetmədə əsas fəaliyyət istiqamətini əvəz etməməlidir. Rayonlarda işsizlik, infrastruktur çatışmazlıqları, sosial problemlər və digər həllini gözləyən məsələlər olduğu halda, yalnız anım tədbirlərinin ön plana çəkilməsi idarəçilik baxımından balanssız yanaşmanın göstəricisidir.
Daha düşündürücü məqam isə odur ki, bu problemləri dilə gətirən vətəndaşlara qarşı bəzən dolayı cavab kimi “şəhid ailələrinin problemləri ilə məşğul oluruq” arqumentindən istifadə edilir. Bu yanaşma həm mövzunun həssaslığından sui-istifadədir, həm də əsas problemlərdən yayınmaq cəhdidir. Şəhid adı heç bir halda tənqiddən yayınmaq üçün sipər kimi istifadə olunmamalıdır.
Lakin narahatlıq doğuran digər məqamlardan biri də odur ki, bəzi hallarda şəhid adı və bu müqəddəs anlayış ətrafında formalaşan həssaslıq fərqli məqsədlər üçün alətə çevrilir. İctimaiyyətdə səslənən iddialar və ortaya çıxan faktlar göstərir ki, bəzi rayon icra hakimiyyəti başçıları şəhidlərin adından istifadə etməklə müxtəlif obyektlərin tikintisini həyata keçirir. Lakin bu proseslərin şəffaflığı və nəticələri ilə bağlı ciddi suallar yaranır. Belə hallarda əsas problem yalnız vəsaitlərin təyinatı deyil, həm də müqəddəs dəyərlərin vasitəyə çevrilməsidir.
Şəhid ailələrinə qayğı göstərmək hər bir dövlət məmurunun, hər bir vətəndaşın borcudur. Bu, nə xüsusi xidmətdir, nə də nümayiş etdiriləcək fəaliyyət sahəsi. Əslində bu istiqamətdə görülən işlər səssiz, sistemli və davamlı şəkildə həyata keçirilməlidir. Əgər bu qayğı ictimai imic formalaşdırmaq vasitəsinə çevrilirsə, artıq məqsədindən uzaqlaşmış olur.
Dövlət idarəçiliyinin əsas prinsipi xalqın ümumi rifahının yüksəldilməsidir. Şəhid ailələrinə göstərilən diqqət də bu siyasətin ayrılmaz hissəsi kimi, digər problemlərlə paralel və balanslı şəkildə həyata keçirilməlidir.
Cəmiyyət olaraq bizim də məsuliyyətimiz var. Biz şəhid adının alçaldılmasına, onların xatirəsinin müxtəlif məqsədlər üçün istifadə olunmasına qarşı həssas olmalı, eyni zamanda səmimi və real iş görənləri də obyektiv qiymətləndirməliyik.
Nəticə etibarilə, şəhidlər bu xalqın qürur yeridir və onların haqqı heç zaman tam ödənilə bilməz. Onlara və ailələrinə göstərilən hər bir diqqət bu böyük borcun kiçik bir hissəsidir. Bu borcu yerinə yetirərkən səmimiyyət, şəffaflıq və məsuliyyət əsas prinsip olmalıdır.
Qeyd edək ki, növbəti yazılarımda bu yanaşmanı nümayiş etdirən konkret icra başçılarının fəaliyyətinə də ayrıca toxunacaq və onların adlarını ictimaiyyətə təqdim edəcəyəm.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: