Sevgin, sinəmin sol yanını yandıran Qəhrəmanlıq ordenidi…

Gün Ay Umud

(yeni şeirlər)

Olur bəzən…

Gözlərinə köçər dolu buludlar
Göyüzünü kipriklərinlə
Qucaqlayıb
Ürəyinə axıdarsan yağışları.
Olur bəzən
“Sevirəm” demədən də sevə bilər insan.
Məsələn
Göz yaşlarının arxasındakı
Gülüş kimi,
Buludların arxasından
Boylanan günəş kimi…

Böyük bir sükut var aramızda
Susduqca qulağını batırırıq
Məsafələrin…
Sən mənə bir vüsal uzaq,
Bir həsrət yaxın…
Səninlə unutdum
Bu dünyanın doğmasını
Yadını…
Bütün əzbərləri pozduğum gecələrdə
Əzbərlədim adını…
Səni sevmək üçün biraz ah olmaq gərəkmiş,
Biraz günah.

İslaq saçlarımın ucunda
Bir dəniz üşüyər.
Ləpələri döydükcə ürəyimi
Giziltiyə dönərsən…
Yosun qoxusu
Dağılar ətrafa üzərlik əvəzi…
Və sən mənə üzdükcə
Çoxalar məsafələr…
Əyər yorulmasan
Bu dənizin dərininə dalmağı
Öyrən…
Əyər yorulmasan
Sənə get deyəndə qalmağı
Öyrən…
01.08.2021

 

Bizi kim aldatmışdı?!

Bizi kim inandırmışdı
Şeir,
Roman olacağımıza?!
Nağılda qalacağımıza?!

Bizi kim aldatmışdı
Hısslərin leysanında
Hərif-hərif doluya
Düşəcəyimizə?!
Göy qurşağında
Görüşəcəyimizə?!

İndi biz sətirlərin qucağından
Vərəqlərin qoynundan qopub
Səhifə-səhifə uçuşduqca göy üzündə
Ayağımızın altından qaçır
Yer kürrəsi…
İlişirik dünyanın boğazına…
Çırpıldıq həqiqətin üzünə…
Batdıq günahların gözünə.

Daha bu kitabın
Qopmuş vərəqlərində
Sevgi qanayır…
Sovrulan sətirlərlə
Külək oynayır…
Səpələnmiş vərəqlərdə
Ümid dayanacağımız
Elektirik dirəkləri,paltar
Zivələri…
Görüş yerimiz
Həsrət zirvələri…

Sərçələr
Hərif-hərif parçalayacaq
Hekayəmizi
Səhifələrin hələ pozulmamış
Sətirlərindən
Bir səs yapışacaq bütün
Romanların,
Şeirlərin yaxasından,
Susqunluğuyla qışqırıb
Deyəcək:
-Ən çox
Bizim haqqımız deyildimi
Qalmaq?!
Ən çox
Bizim haqqımız deyildimi
Getmək?!
Və ən çox
Bizim haqqımız deyildimi
Dəli olmaq?!

 

Asorti darıxmaq…

Heç kəs qayıtmadı, heç kəs dönmədi…

Kölgəsi sakitliyinin ayağına dolaşan
Bu adam yenə də darıxdı…

Yenə,
Özünü topladığı yerdə görəndə karıxdı…

Yenə də,
Küçələrin daş ürəyinə
Dabanları ağrısını pıçıldadı…
Bu gününü də, kədərinə adadı…
Yenə də,
Əlləri cibinin yaxasından asıldı…

Yenə də, fəryadını
Fit çalan dodaqlarının arasından
bulud kimi üfürdü havaya….
Bu günü də, ahının rəngiylə boyadı qaraya…
“Kaşki”lərinin arasında itirdi
Kimləri, nəyi…
Yenə də,
özünə etiraf edə bilmədi çox şeyi…

Nolsune…
Deməsə də çoxdan öyrənmişdi
Sevgi iki insanın bir-birinə əyilmə radiusu olduğunu,
Bütün hesablarının cəminin “o” elədiyini…

İndi öz kölgəsində oturan bu adam
xatirələrin səsini kəsmək üçün
Susqunluğuyla qışqırır
Darıxmağın üstünə…
İndi hər kəsi
Baxışlarıyla yola salır…
İndi,
dünyanı səssizə alır…

Birazdan o adam
dünənki kimi…
Özünü küçədə tək qoyub evinə qayıdacaq…
Səhər yene onu
darıxmağı oyadacaq…
Yenə it ulayacaq içində,
Hamını qapacaq…
Ayaqlarını qucağında,
başını dizlərinin üstündə tapacaq…
Taqəti bir az daha çox
Pencəyinin qucağinda qırışacaq…

Göyə üfürdüyü qara buludun hıçqırıq səsi
Şimşək olub
Göyün bağrını çartladacaq…
23.03.2021

 

Qəhvə falı
Fotoğrafı Aç

Saçlarım
Edam ağacına çevirdi
Əlimdəki darağı…
Bir şeir qucaqladı
Masadakı varağı…

Otağın boğazında düyünləndi
Gecəyə bağışladığım bir qəmli nəğmə…
Sükutu yaraladı
gözlərdən asılan bir nəmli kəlmə…

Biz susduq…
Hıçqıra- hıçqıra mahnı dedi sözünü..
İki fincan qəhvə ovuşdurdu
Yorğunluğun gözünü…

İnamsızlığımızın üzünə
Fincanları aşırdıq,
Gələcəyi uydurmaqçün
Qəhvəni fala tapşırdıq…
Arzular süzülüb səpələndi
fincanın dərinliyindən
Yol- yol, cığır- cığır…
Guya ki, bütün yollar
Arzulara yetirmiş…
Guya ki,
bizi qismət bir araya gətirmiş…

Gecə damcı- damcı süzüldükcə
mürgülədi boş yataq…
Külək köks ötürdükcə
Pərdə- pərdə dilləndi otaq…

Sən demə
Bütün nağıllar elə bitənə qədərmış…
Sən demə
Bütün arzular elə çatana qədərmış…
Sənin nağılın olum
Bircə cümləlik, kiçik
Mən sənin arzun qalım,
Mənə çatmağa gecik…

Daha məndən sənə qədər
Zaman işləməz sabaha.
Günahın qoluna girib,
Kölə olarıq bir aha…
Axı sən də bir yol idin,
yarımçıq, və kələ- kötür…
İndi ya qır fincanını,
Ya da bu nəğməni bitir!

Fotoğrafı Aç

PAUZA.

Hardasan?!
Barmaqlarını hördüyüm…
Bəs hər şey yaxşı olacaqdı?
Keçmişdən danışan
cümlələrin gələcəyi yoxdu daha…
İşə bax ey…
Yenə yadıma düşdün, yadımdan düşən adam…

İndi ruhumda inləyən neydi səni düşünmək,
Məst eləyən meydi səni düşünmək…
Sənə sərxoş misralar düyünlənər qəlbimin boğazında,
Ürəyimi süzərəm
bir şeirin ovuclarına…
Bir nəfəsə çəkər başına ilhamım…
Ayaqlarım dolaşar bir- birinə,
azıb qalaram
hisslərimin döngələrində…

Sətirlərdən günah qoxusu gələr…
Qarışqa cərgəsiylə düzülər həriflər…
O an dindən çıxaram bir anlıq…
Yenidən dirilmək şərtiylə
intihar edərəm…
Ölümüm zərrə- zərrə
qarışqa yuvalarına
daşıyar imanımı…
Elə kiçilərəm ki…

Üsyan öpüşər dodaqlarımda..
Ürəyimin ağrısı gizildəyib
üşüyər barmaqlarımda…
Ah qopar qaysaqlamış yaramdan..
Ömür ötər səninlə mənim aramdan…

Elə bilmə məndədir günah…
Küçələrin ayağına
düşdüyüm günü xatırla, məsələn…
Ya da…..
Ya da heç nə xatırlama…
Onsuz da
sənsizliklə ödəmişəm
nəfsimə daraşan xatirələrin hesabını…

Gözlərində güldüyüm,
barmaqların hördüyum.
Bu sənə son şeirimdir.
İllər sonra görüşsək,
mənə xatırlatma nə vaxtsa bizi…
İllər sonra görüşsək,
özümüzü elə aparaq ki,
guya tanımırıq bir- birimizi…

20.07.2020

Fotoğrafı Aç

Ağ günümdən qara kağız

Ümidim
minaya duşmüş əsgərin
İtirdiyi ayaqlarından xəbərsiz
Uduzduğu savaşın qələbə sevincidi…
Bilirdin?

“Yanındayam” demeyin
Taqətimin qoltuq agacıdı…
Soykənim?

Sevgin, sinəmin sol yanını yandıran
Qəhrəmanlıq ordenidi…
Agrıdır?

Mən parçalara bölünmüş
məmləkətin
Səndə sığınacaq tapmiş
Məcburi köçkünüyəm
Çətindi?

Öz torpağında əsir düşmüş qadının
Hislerindən qandallanan girovuyam…
Səndəyəm?

Yenicə süddən kəsilmiş korpənin
Süd şüşəsinə həsrət qalmış,
Sənə susayan fəryadıyam …
Eşidirsən?

Uşaqlığından doymamış,
Alin yazısını, kor sevginin
Qan aglayan göz yaşıyla yazan
Anasına çatmayan əsgər məktubuyam…
Oxumusan?

Mən cəhənnəmdən yol gəlib
vətəni sinən bilib
uyuyan kərbəla şəhidiyəm…
Cənnətimsən?

Share: