Televiziyada aparıcı kimi sərbəst mülahizə yürütmək ilk dəfə ona nəsib olub… -Elman Eldaroğlu yazdı

Televiziyada aparıcı kimi sərbəst mülahizə yürütmək ilk dəfə ona nəsib olub… -Elman Eldaroğlu yazdı

İntellektual, mehriban, realist və ədalətli xanımdır. Ən çətin mühitə belə asanlıqla uyğunlaşa bilir. Sosial, iddialı və sevgi doludur.

Daxilində tarazlıq yaratmağı bacarır. Fəaliyyətində ahəngdar, harmonikdir. Onun mülayim görünüşünə aldanmayın, arxasında son dərəcə iradəli və mübariz bir şəxsiyyət gizlənir. Doğrudur, qayda-qanuna önəm verir, amma müstəqilliyini heç zaman əldən verməməyə, azadlğını qorumağa çalışır. Bədii fəaliyyətdən zövq alır və yüksək mədəni səviyyəsi var…
Deyir ki:- “Bugünkü Azərbaycan mediasının kənardan görüntüsü və ya keyfiyyətli olub-olmaması barədə media nümayəndələri və media ekspertləri tərəfindən çox danışılıb, çox tənqid olunub, onun yenilənməsi üçün ən müxtəlif yollar təqdim olunub. Təkrarçılıq etmədən mənə qədər deyilənlərə onu əlavə edə bilərəm ki, bu gün Azərbaycan mətbuatı bir natamamlıq kompleksini yaşayır. Elə təəssürat yaranıb ki, istər çap, istərsə də elektron media ac qalmamaq üçün bir qisim topluma yaradılan bir məşğuliyyətdir. Media cəmiyyəti formalaşdırmaq, irəli aparmaq əvəzinə cəmiyyət onu öz təfəkkürünə, düşüncə, həyat tərzinə uyğunlaşdırıb…”
…Olduqca optimistdir. Hər kəsə yaxşı tərəfdən baxmağa alışdığından, pis adamlarda belə yaxşı tərəfləri görmək qabiliyyəti var. Həssas və şəfqətlidir. Estetik qavrayışlara böyük əhəmiyyət verir. Çətinliklərlə üzləşən zaman çox ustalıqla öhdəsindən gəlir. Yardımsevər xasiyyəti var və hər kəsə kömək etməyə çalışır…
“Bəzən onlayn mediada hətta ixtisaslı jurnalistlərin də qeyri-səhih informasiyalarına rast gəlirsən. Peşəkar jurnalist üçün xəbərin gecikib-gecikmədiyi əsas deyil, əsas onun ötürdüyü xəbərin səhihliyidir. Çünki bundan onun nüfuzu, etibarlılığı asılıdr. Lakin Azərbaycan reallığında dezinformasiyanın yayılması adi bir hal kimi qəbul olunur, nonsens yaratmır və nə həmin media qurumunun, nə də xəbəri ötürən müxbirin nüfuzuna, etibarlılığına xələl gətirmir. Çünki bugünkü medianın özü nüfuzluluq və etibarlılıq təsnifatından uzaqdır, dənizdə yelkənsiz qayıq vəziyyətindədir. Külək hara əsirsə, ora da üzür.”- söyləyir.
…Zövqü çox gözəldir. Təbiiliyin vurğunudur. Kobud və ya sərt insanlardan instinktiv olaraq uzaqlaşır. Tarazlığı qoruduğundan, həmişə orta zəmini tapır və buna görə də mükəmməl dost və tərəfdaş kimi etibar qazanır. Hər işin ədalətli olmasını xoşlayır, haqsızlığa dözümü yoxdur. Həyatda sülh və harmoniya tərəfdarıdır. Kiminsə xətrinə dəyməyə meyilli deyil və kiminsə ondan inciməsinə səbəb yaratmır. Əziyyət çəkən birini görəndə, əlindən gələn yaxşılığı etməyə çalışır…
Deyir ki:- “Bu gün jurnalistika fakültəsi istənilən sayda məzun buraxa bilər, ölkədə onlarca elektron media işlək ola bilər, amma ölkənin və cəmiyyətin həyatında söz sahibi ola bilmirsə, ictimai fikri dəyişdirə bilmirsə, özünün müqavimət immuniteti yoxdursa, jurnalistin söz azadlığı onun çalışdığı qurumun maliyyəçisinin sifarişinə təslim olunursa, həqiqətən də dördüncü hakimiyyətə çevrilmək istəyi və şansı yoxdursa, onda keyfiyyətli mediadan danışmaq mənasızdır. Bütün inkişaf etmiş ölkələrdə mətbuat mənsub olduğu ölkənin ən strateji və birinci dərəcəli mexanizmidir…”
O, 1966-cı ilin sentyabr ayının 24-də Şəki şəhərində dünyaya gəlib. 1972-ci ildə Bakıda 3 saylı tam orta məktəbin birinci sinfinə gedib və 1982-ci ildə həmin məktəbi bitirib. Orta məktəbdə oxuduğu illərdə, eyni zamanda 21 saylı musiqi məktəbində də ibtidai musiqi təhsilə yiyələnib. Orta məktəbi bitirəndən sonra 1982–1986-cı illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində fortepiano sinfi üzrə orta ixtisas musiqi təhsili alıb. 1988–1994-cü illərdə BDU-nun jurnalistika fakültəsində təhsilini davam etdirib. Əmək fəlaiyyətinə 1986-cı ildən başlayıb. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun nəşriyyatında redaktor, “İnşaatçı” qəzetində korrektor işləyib. Sonradan həyatını televiziyaya həsr edib və ölkənin müxtəlif televiziya kanallarında çalışıb…
Tanınmış telejurnalist, milyonların sevimlisi İlhamiyyə Rza onu belə xarakterizə edir: “O, televiziyaya gələndə qarışıq dövr idi. Həmin dövrdə sərbəst, özünəməxsus tərzlə aparıcılıq etmək tərzi ilk dəfə ona nəsib oldu. Həm təfəkkürü və həm də məntiqli danışığı, hadisələri düzgün təhlili ilə seçildi. Bu da onu tmaşaçılara sevdirə bildi…”
…Ömür-gün yoldaşı Dilavər Əzimli Cəlilabad rayonunun Ağdaş kəndində anadan olmuşdu. AMEA Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent idi. Uzun müddət koronavirusdan müalicə olunmasına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 2021-ci ildə vəfat edib…
Bəli, söhbət jurnalist, ssenarist, televiziya aparıcısı, tərcüməçi, redaktor Arzu Qazıyevadan gedir. 2026-cı il onun üçün əlamətdar ilidir, bir neçə aydan sonra yubileyini qeyd edəcək…
Elman Eldaroğlu
Share: