Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbə-gənclərlə maarifləndirici görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbə-gənclərlə maarifləndirici görüş keçirilib

Bu gün, 29 aprel tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və Fiziki Tərbiyə Fakultəsində tələbə-gənclərlə maarifləndirici görüş təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Tələbə-gənclər arasında milli kimlik və milli-mənəvi dəyərlərin innovativ və interaktiv yanaşmalarla təbliği” adlı layihə çərçivəsində baş tutub. Layihə gənclərin maarifləndirilməsi, onların milli dəyərlərə bağlılığının gücləndirilməsi və müasir çağırışlar fonunda milli kimliyin qorunması istiqamətində mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və Fiziki Tərbiyə Fakultəsinin dekanı sosiologiya üzrə fəlsəfə doktoru Anar Fərmayılov qonaqları salamladıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və Fiziki Tərbiyə Fakultəsində tələblərin ixtisasları üzrə biliklər əldə etməsilə yanaşı həm də milli ruhda tərbiyyə olunmasına xususi diqqət yetirildiyini qeyd etdi. Sabahın müəllimləri olan tələbələrimiz öz şagirdlərində ilk növbədə vətənpərvərlik ruhunun aşlaması üçün özləri bu dəyərlərin sahibi olmalıdır. İnanıram ki bu günki tədbir həm də bu baxımdan tələbələrimizin ürəyincə olacaq. İlk çıxış üçün söz tədbirə qonaq qismində dəvət olunan Azərbaycan Yazıçılar birliyinin katibi, şair, tərcüməçi, esseist Səlim Babullaoğlu verildi. Səlim Babullaoğlu  bu gün ölkəmizin qazandığı tarixi zəfər haqqında danışaraq bildirdi ki, 1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında mənfur düşmənin işğalçılıq siyasəti durdurulduqdan sonra bütün istiqamətlər üzrə iqtisadiyatdan tutmuş ordu quruculuğuna qədər böyük qələbəyə hazırlıq prosesinə start verildi. Heç şübhəsiz ki, Azərbaycan ədəbiyyatı bu tarixi missiyadan kənarda qala bilməzdi. Şair Qabilin 44 günlük vətən müharibəsindən 24 il öncə yazdığı bir şeir bu baxımdan çox əlamətdardır. Uzun illər Azərbaycan televiziyaları öz efirlərində bu şeiri təkrar-təkrar səsləndirməklə təkcə ordumuzu yox bütövlükdə xalqımızı bu qələbəyə hazırlayırdı. Söhbət şair Qabilin “Ümid sənədir ancaq Azərbaycan əsgəri” şeirindən gedir. Heç şübhəsiz ki, bütün bu hazırlıqlar fonunda doğru zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz işğal altında olan yurd yerlərimizi azad etdi. Bu gün də ədəbiyyatımız yeni qəhramanlarımızın ümumiləşdirilmiş obrazları ilə bu tarixi zəfəri tərənnüm edir. Siz gənclərdə öz vətəndaş mövqeinizi doğru-dürüst dərk edərək. Bu prosesdə yaxından iştirak etməlisiniz və inanıram ki, sizlərə yaradılmış bu gözəl şəraitdən düzün bəhrələnərək dövlətimiz üçün layiqli vətəndaş olmaq istiqamətində gərəkilən addımları vaxtında atacaqsınız. Hər birinizə uğurlar arzulayıram.

 Növbəti çıxışçı Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Emin Həsənli tədbirin baş tutmasına yaradılan şəraitə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin və İncəsənət və Fiziki Tərbiyə Fakultəsinin rəhbərliyinə təşəkkür edərək bildirdi ki, həyata keçirdikləri layihənin məqsədi Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər arasında milli kimlik, milli-mənəvi dəyərlər və zəngin mədəni irsin daha dərindən mənimsənilməsinə xidmət edir. Onun sözlərinə görə, layihə çərçivəsində təşkil olunan görüşlər interaktiv metodlar, açıq müzakirələr və praktiki yanaşmalar vasitəsilə həyata keçiriləcək və gənclərin mövzuya daha aktiv cəlb olunması təmin ediləcək.

Emin Həsənli vurğulayıb ki, layihənin əsas məqsədi gənc nəslin milli şüurunun gücləndirilməsi, onların tarixi köklərə bağlılığının artırılması, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsidir. O həmçinin qeyd edib ki, təşkilatın indiyədək həyata keçirdiyi bütün tədbirlərdə gənclərin vətənə bağlılığının möhkəmləndirilməsi, cəmiyyətdə birlik və həmrəylik ruhunun təşviqi əsas prioritet olub və bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək.

Sonra layihənin eksperti Taleh Əliyev mövzunun aktuallığına toxunaraq bildirib ki, müasir qloballaşma şəraitində gənclər müxtəlif xarici təsirlərə daha açıq olan sosial qruplardan biridir. Bu baxımdan onların milli kimliyinin qorunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ekspert qeyd edib ki, milli ruhda formalaşmış gənclik dövlətin gücünün, sabitliyinin və davamlı inkişafının əsas dayaqlarından biridir. O əlavə edib ki, gənclərin düzgün istiqamətləndirilməsi və maarifləndirilməsi gələcəkdə sağlam və güclü cəmiyyətin formalaşmasına zəmin yaradır.

Görüş interaktiv formatda davam edib, tələbə-gənclər çıxışçılara onları maraqlandıran sualları ünvanlayıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edərək layihəyə maraq və dəstəklərini ifadə ediblər.

Məlumat üçün bildirək ki, üç ay müddətində icra olunacaq layihə çərçivəsində Bakı şəhərində yerləşən 7 ali və orta ixtisas təhsil müəssisəsində maarifləndirici görüşlərin təşkili, eləcə də yekun təqdimat tədbirinin keçirilməsi nəzərdə tutulur. Layihə gənclər arasında milli-mənəvi dəyərlərin təşviqi, onların ictimai fəallığının artırılması və milli kimlik şüurunun möhkəmləndirilməsi istiqamətində davamlı və sistemli fəaliyyətin gücləndirilməsinə xidmət edir.

Share: