“Soyuq günəş” – sevginin, yaddaşın və insan talelərinin ağrılı salnaməsi

“Soyuq günəş” – sevginin, yaddaşın və insan talelərinin ağrılı salnaməsi

Azərbaycan tarixən müxtəlif xalqların, etnik qrupların və mədəniyyətlərin birgə yaşadığı unikal məkan olub.

Bu torpaqda yaşayan azsaylı xalqların hər birinin özünəməxsus adət-ənənələri, musiqisi, folkloru, mənəvi dəyərləri var. Lakin bütün bu rəngarənglik bizi ayırmır, əksinə, ümumi Vətən sevgisi, qarşılıqlı hörmət və birgə yaşamaq ənənələri ətrafında birləşdirir. Mən də talış xalqının nümayəndəsi olaraq bu zəngin mədəni müxtəlifliyin bir parçasıyam və hər şeydən əvvəl Azərbaycan vətəndaşıyam.

Məhz bu baxışla “Soyuq günəş” əsərində təsvir olunan milli dəyərlərə, insan talelərinə və mənəvi zənginliyə daha yaxınlıq hiss edirəm. Çünki burada söhbət yalnız bir xalqın deyil, Azərbaycan insanının ortaq duyğularından, sevgi və ağrı dolu talelərindən gedir.
…Ekranda bir kənd görünür… Sakit küçələr, tanış insan simaları, illərin arxasında gizlənən xatirələr. Lakin bu sakitliyin içində böyük bir ağrı, yarımçıq qalmış ömürlər və heç vaxt unudulmayan bir sevginin səsi duyulur. “Soyuq günəş” filmi insanı yalnız hadisələri izləməyə deyil, bir taleyin, bir nəslin, bir dövrün ağrılarını duymağa çağırır.


Bu filmə baxarkən tamaşaçı qarşısında sadəcə Yarqunatla Yarmətin məhəbbət dastanı canlanmır. Burada müharibənin ayırdığı insanlar, zamanın sınağından keçən sevgilər, qorunub saxlanılan mənəvi dəyərlər və Qafqaz insanının xarakteri görünür. Hər səhnədə bir ömrün səssiz fəryadı, hər baxışda deyilməmiş sözlərin ağırlığı hiss olunur.
“Soyuq günəş”in təsiri onun dramatik hadisələrində deyil, insan qəlbinin dərinliklərinə enə bilməsindədir. Film bitdikdən sonra belə Yarqunatın kədəri, Yarmətin həsrəti və o taleləri yaralayan zamanın izləri yaddaşdan silinmir.
Sədaqət xanım Kərimovanın əsəri əsasında çəkilən bu film bir sevgi hekayəsindən daha artıqdır. Bu, itirilmiş illərin, müharibənin dağıtdığı arzuların və insan mənəviyyatının sınmaz gücünün ekran salnaməsidir.
Əsərin müəllifi etiraf edir ki, ömrü boyu heç bir hadisə ona “Soyuq günəş”də təsvir olunan talelər qədər təsir etməyib. Doğulub boya-başa çatdığı Qusar rayonunun Yarqun kəndində baş verən real hadisələrdən ilhamlanaraq qələmə aldığı bu əsər onun üçün sadəcə bir roman deyil, həyatının ayrılmaz hissəsidir. Məhz bu səmimiyyət əsərin hər səhifəsində, filmin hər kadrında duyulur.
Romanın və filmin əsas xəttini təşkil edən Yarqunatla Yarmətin böyük, lakin nakam məhəbbəti insanı əsl sevginin mahiyyəti haqqında düşünməyə vadar edir. Onların sevgisi yalnız iki gəncin taleyi deyil. Bu, sədaqətin, mənəvi saflığın və insanın daxili zənginliyinin ifadəsidir. Həyatın sərt qanunları, zamanın amansız sınaqları və müharibənin gətirdiyi faciələr qarşısında belə bu sevginin dəyəri itmir.
“Soyuq günəş”in ən mühüm xüsusiyyətlərindən biri onun milli ruhudur. Sədaqət xanım əsərdə mənsub olduğu ləzgi xalqının həyat tərzini, mənəvi dünyasını, adət-ənənələrini böyük həssaslıqla əks etdirir. Burada əlavə bəzəklərə, süni təsvirlərə ehtiyac qalmır. Çünki əsərin gücü həyatın öz həqiqətindən, insanların səmimi duyğularından gəlir.
Filmin təsir gücünü artıran mühüm amillərdən biri də onun milli koloritidir. Ləzgi xalq musiqisi, milli rəqslər, adət-ənənələri yaşadan səhnələr ekran əsərinə xüsusi rəng, özünəməxsus ruh və canlılıq gətirir. Musiqinin kövrək sədaları, rəqslərin ahəngi və xalqın mənəvi dünyasını əks etdirən görüntülər tamaşaçını hadisələrin baş verdiyi mühitə daha da yaxınlaşdırır.
Bu elementlər sadəcə bədii bəzək deyil, filmin ideya yükünü tamamlayan mühüm vasitələrdir. Ləzgi xalqının sevincini, kədərini, dözümünü və həyat fəlsəfəsini ifadə edən musiqi və rəqslər əsərin milli ruhunu daha dərindən hiss etdirməyə imkan verir. Məhz bu cəhətlər “Soyuq günəş”i yalnız bir məhəbbət hekayəsi deyil, həm də bir xalqın mənəvi yaddaşını qoruyan sənət nümunəsinə çevirir.
Lakin “Soyuq günəş” yalnız bir xalqın hekayəsi deyil. Əsəri izləyən müxtəlif xalqların nümayəndələri burada öz həyatlarından, öz keçmişlərindən izlər tapa bilərlər. Çünki Qafqaz xalqlarını əsrlər boyu birləşdirən ortaq mənəvi dəyərlər, ailəyə, sevgiyə, böyüyə hörmət kimi anlayışlar bu əsərdə xüsusi yer tutur.
Filmin arxa planında XX əsrin ən mürəkkəb dövrlərindən biri dayanır. Hadisələr 40-80-ci illəri əhatə edir. Bu illər həm böyük ümidlərin, həm də ağır sınaqların zamanı idi. Böyük Vətən müharibəsi milyonlarla insan kimi Qafqaz xalqlarının da taleyinə dərin izlər saldı. Müharibə yalnız cəbhədə döyüşənlərin deyil, arxada qalan anaların, övladların, yarımçıq qalan sevgilərin də faciəsi idi.
“Soyuq günəş” bizə bir daha göstərir ki, müharibənin ən böyük qurbanları günahsız insanlardır. Onun dağıtdığı təkcə evlər, şəhərlər və torpaqlar deyil. O, insanların arzularını, sevgilərini, gələcəyə inamlarını da yaralayır. Bəzən müharibənin bitməsindən illər keçsə belə, onun ağrıları insan talelərində yaşamağa davam edir.


Əsərin bu gün üçün də böyük mənəvi əhəmiyyəti var. Çünki tarix dəyişsə də, insanın sevgiyə, mərhəmətə və ədalətə ehtiyacı dəyişmir. Ətrafımızda hələ də müharibələrin, ayrılıqların, itkilərin izlərini daşıyan neçə-neçə “yarqunatlar”, “yarmətlər” var.
Filmə baxarkən bir daha Sədaqət xanımın istedadına, yaradıcılıq gücünə və milli-mənəvi dəyərlərə bağlılığına heyran qaldım. O, sadəcə bir sevgi hekayəsi yaratmayıb. O, bir dövrün yaddaşını, insanların ağrılarını, sevincini, ümidlərini və mənəvi dünyasını sənət dili ilə yaşadıb.
“Soyuq günəş” tamaşaçıya hazır cavablar vermir. Əksinə, onu düşünməyə, insan talelərinə daha həssas yanaşmağa, keçmişin dərslərini unutmamağa çağırır. Bu əsərin gücü də məhz bundadır. O, bir xalqın tarixindən danışarkən bütün insanlığın duyğularına toxunur.
Bu film sevginin zaman qarşısında məğlub olmadığını, insan yaddaşının heç vaxt tam silinmədiyini və mənəvi dəyərlərin ən ağır sınaqlardan belə keçə bildiyini göstərən təsirli bir sənət nümunəsidir.
“Soyuq günəş” bütün müharibə qurbanlarının, yarımçıq qalan ömürlərin və ürəyində sevgi yaşadan insanların xatirəsinə yazılmış bir ehtiram nəğməsidir.
Sonda qeyd etmək istərdim ki, “Soyuq günəş” kimi əsərlər milli yaddaşımızın qorunması, mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Sədaqət xanım öz yaradıcılığı ilə yalnız bir ədəbi əsər və ekran nümunəsi yaratmayıb, həm də insan sevgisini, xalqımızın zəngin mənəvi dünyasını və tariximizin ağrılı səhifələrini sənət dili ilə yaşadıb.
Dəyərli sənətkarımıza möhkəm can sağlığı, tükənməz yaradıcılıq enerjisi və bundan sonra da oxuculara, tamaşaçılara dəyərli əsərlər bəxş etməsi yolunda böyük uğurlar arzulayıram.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: