Sevgili Manjola – Elnur Nəhmətin yeni hekayəsi

(hekayə)
Evlilik zənciri o qədər ağırdır ki,onu ikilikdə daşımaq lazım gəlir…
Aleksandr Düma
– Ata, ay ata, sənə məktub gəlib!
Qızım məktubu mənə verib qarşıma keçdi və atılıb-düşərək əllərini bir-birinə vurmağa başladı:
-A-ta, o-xu, o-xu, o-xu!
Eynəyi taxıb zərfin üstünə baxdım:
Косово, город Приштина. От Манжолы. Хасану.
Əllərim əsdi. Məktubu götürüb eyvana qalxdım. Yox, oxuya bilməyəcəm… Bütün bədənimi soyuq tər basdı. Qızım kənarda dayanıb artıq neçənci dəfə idi ki, təkrar edirdi:
– Ata, oxu! Ata, kimdəndir?
 
Eyvandan otağa keçib qapını içəridən bağladım. Qızım qapının dəstəyindən yapışıb ehmalca çəkməyə başladı. Bu hissin adını qoya bilmirəm: utanırdım, yoxsa qızımdan ehtiyat edirdim?!
Məktubu oxumağa başlayanadək həyatımın hərbidə keçən iki ili lent kimi gözümün qarşısında canlandı…
 
2006-cı ilin qış aylarında orduya çağırılmışdım. Boy-buxunuma görə məni kəşfiyyatçı kimi qeydə aldılar. İki ay gecə-gündüz məşq etdik, ilan- qurbağa əti yedik, bir sözlə, bütün çətinlikləri görüb bərkidik. Xidmətimin üçüncü ayında artıq bütün diviziyada tanınmağa başladım. Erməni postuna yaxınlaşıb 14 saat qarın içində qaldıqdan sonra yüksək rütbəli bir zabitinin əl-qolunu bağlayıb qərargaha gətirən əsgəri kim tanımazdı ki?! Həmin hadisə, yəni göstərdiyim qəhrəmanlıqdan hamı danışırdı. Amma elə o 14 saat qar içində qalmağım da qara ciyərimdə ağrılar yaratmışdı. İki həftəlik müalicədən sonra isə azca yaxşılaşmışdım.
Bəzən sıxılırdım, çünki həm bədənimdəki ağrılar sevinməyə qoymur, həm də tərif eşitməyi xoşlamırdım. Mən, sadəcə, xidməti borcumu yerinə yetirmişdim. Həmin günlərdə taqım komandirimiz Səfərovun mənə verdiyi 20 günlük məzuniyyətdən də imtina etdim. Xahiş etdim ki, həmin 20 günü ehtiyacı olan iki əsgər arasında bölsün. Səfərov xeyli güldükdən sonra razılıq vermişdi. Bir sözlə, bütün əsgər və zabitlərin hörmətini qazanmışdım.
 
 
Elə həmin ilin yayında Sülhməramlı bölmənin tərkibində Kosovoya göndəriləcək əsgərlərin siyahısına salındım. Xarici dilləri bilməyim, göstərdiyim igidlik həmin siyahıya düşməyimə səbəb olmuşdu. Bilmirdim, sevinim, yoxsa əksinə. Daim gördüyüm silahdaşlarımdan ayrılmaq çox çətin idi. Səfərov özünün də gedəcəyini deyəndə razılaşmaya bilmədim.
 
34 hərbçi iki gündən sonra Kosovoda idik. Həmin taqım komandirim Səfərov, bir çavuş, qalanı da müxtəlif hərbi hissələrdən gələn əsgərlər.
Kosovonun paytaxtı Priştina yaxınlığında olan dörd kəndə nəzarət edirdik. Həmin ərəfələrdə kimi kimdən qoruyacağımız barədə saatlarla dərs keçirdilər. Amma düşüncələrimdə bir düşmən vardı – erməni. Erməni isə, əlbəttə, orada yox idi.
Qış ayları yaxınlaşırdı. Başqa bir iqlimdə yaşamaq səhhətimdəki problemləri üzə çıxarmağa başladı. Xəstələnib yorğan-döşəyə düşmək isə mənim üçün ölümdən betər idi. Ağrılarım artsa da, kimsəyə bildirmirdim.
 
Amma bir gün komandirim gecə vaxtı yuxuda sayıqladığımı, zarıdığımı görüb məni oyatmışdı.
Üzündəki ifadədən açıq-aşkar peşman olduğu oxunurdu, çünki məni bura məcbur gətirmişdi. Həkimə getmək üçün icazə verdi. Lakin onu dinləmədim. Növbəti gün eyni halı yaşadığım üçün Səfərov özü məni kəndin tibb məntəqəsinə apardı. Həkimlər yoxlanış aparıb təşvişə düşdülər. Orada qəbul etməyib Priştinanın mərkəzi xəstəxanasına aparmaq lazım olduğunu dedilər.
 
Hər şey onda başlamışdı. Vəziyyətimin ağır olduğunu deyəndən sonra artıq heç nəyi hiss etməmiş, hətta neçə saat, neçə gün keçdiyini bilməmişdim.
 
Gözümü açanda başımın üstündə ağ xalatlı həkimləri gördüm. Qoluma taxmaq istədikləri xeyli sayda kəpənək iynələr vardı. Ağrını hiss etmirdim. Bədənimə nə qədər iynə sancmışdılar!
Birdən həmin kəpənəklər əllərindən çıxıb havada uçuşmağa başladı. Həkimlərdən biri əlini azca qaldırıb həmin kəpənəkləri tutur, yenə də qoluma yaxınlaşdırırdı. Bu, hallüsinasiya idi. Lakin həmin həkim tez-tez gülümsəyib sağ tərəfə işarə edirdi, yəni sağ tərəfə baxım.
Başımı həmin tərəfə çevirəndə diksindim. Qarabasmalar çəkildi. Böyrümdəki çarpayıda mələk kimi bir qız yatmışdı. Mənim qoluma taxılan iynələrdən onun qolunda da var idi.
Tibb bacısı mənə baxıb danışırdı, amma nə dediyini anlamırdım. Fikrim artıq qonşu çarpayıda qalmışdı.
Yanağında qapqara xalı olan bu qız içimdə qəribə hislər yaratmışdı.
Bir azdan neçə kəpənək də o xalın üstünə qondu.
Həkimin danışığını yavaş-yavaş eşitməyə başlayırdım:
– Sən komada olduğun gün xəstəxanada olan hər kəs həyəcanlı idi. Qara ciyər köçürmək lazım olduğunu hamı bildi. Əsgər dostların gəlmişdi. Komandirin əməliyyata razı idi, amma qan qrupunuz düz gəlmədi. O biri əsgərlərdən də donor olmaq istəyən var idi, onlar da uyğun gəlmədi. Manjola – əlini yan çarpayıya uzatdı – donor olmaq istədi. Hər şey uyğun gəldi. İndi qara ciyərinin bir hissəsi onundur. Manjola həm də bizim həkimlərdəndir. İşə təzəcə düzəlib. O səni haradan tanıyır?
Həkimin sualından sonra yenə də başımı yana çevirib adını indicə eşitdiyim, həyatımda gördüyüm ən gözəl qıza baxdım. Onu ilk dəfə görürdüm. Amma mənə elə gəlirdi ki, lap uşaqlıqdan bir yerdə böyümüşük.
Sevgi insanları bir göz qırpımında tapır.
 
 
Qarşına yüzlərlə əks cinsin nümayəndəsi çıxır, amma sən birinə aşiq olursan. Mən niyə belə olduğunu yox, həmin anı düşünürəm həmişə. Gördüyün an var ha, onu. Vurulma, aşiq olma bir saniyə çəkir, amma o saniyə ömür boyu yaddan çıxmır. Bir saniyənin şirinliyinə bax, ilahi!
Ayılmışdım. Özümü çox rahat hiss edirdim. Manjolanın oyanmasını, ilk sözünü, gözlərinin dərinliyində olanları daha aydın duymaq üçün tələsirdim.
Gözləyə-gözləyə yuxuya getdim.
Üzümə toxunan nəfəs hiss edib ayıldım. Manjola çarpayımda əyləşib saçlarıma sığal çəkirdi:
– Sevdim səni. Bilmirəm, necə oldu, amma vuruldum sənə. Elə bildim, sağalmayacaqsan. Sən öz canını belə istəyirsənsə, başqalarını heç sevməzsən ki!
 
 
Sağaldığım günlərdə Manjola yenə də mənimlə idi. Bütün iş-gücünü atıb çarpayımın qırağında əyləşirdi. Manjola Kosovoda yaşayan albanlardan idi. Valideynləri onu uşaq yaşlarında atmış, yetimxanada böyümüşdü. Təhsil almış, həkim kimi işləməyə başlamışdı. Alban qızı ilk baxışdan mənə vurulduğunu etiraf etmişdi. Mənə elə gəlirdi başıma gələnlərin hamısı bizim qovuşmağımıza xidmət edirmiş. İkimiz də günboyu ana dilimizdə düşünüb rus dilində danışırdıq.
 
2008-ci ildə Kosovo müstəqilliyini bəyan edib ərazisindəki bütün hərbi birləşmələrin ölkəni tərk etməsini tələb etdi və bizim bölmə vətənə qayıtdı. Mən isə Manjola ilə ailə qurub Kosovo vətəndaşlığını qəbul etdim, vətənə dönmədim.
Evliliyimizin ikinci ilində qızımız dünyaya gəldi.
İndi ayrılma səbəblərimizi deməyə çəkinirəm. Körpə uşaq kimi hər gün Azərbaycana qayıtmağımızı istəyirdim. Aramızdakı sevgi tükənirdi. Bir-birimizə heç vaxt kobud davranmadıq, amma ikimiz də izah edə bilməyəcəyim boşluğa düşmüşdük.
Manjolanın razılığını alıb qızımla bərabər vətənə döndüm. Evlənmədim. Onu tək böyütməyə başladım.
 
“Sevgili Həsən. Tez-tez ixtiyarsız olaraq həmin günlərə qayıdıram. Həyatımdakı ən xoşbəxt günlərimə.
Düşünürdüm ki, hər şey düzələcək, xoşbəxt olacam. Sən gedəndən sonra ailə qura bilmədim. Günah dalıyca günah işlədim.
Sənin qiymətini bilə bilmədim.
Sənsizlik cəhənnəm kimidir.
Fikirləşirdim ki, qızımızı məndən uzaqda böyütməyin çox yaxşıdır.
İndi bütün varlığımla balamı istəyirəm. Onu mənə, ya da məni ona apar. Səhv etdik, ikimiz də səhv etdik
Səni həmişə sevdim, yenə də sevəcəm.
Məni balama qovuşdur, yalvarıram”.
Səni həmişə sevən Manjola
Qapını açıb çölə çıxdım. Qızım yenə də israr edirdi: Ata, oxu, oxu, kimdəndi?
Onu bağrıma basdım. Səni anasız qoyduğum üçün məni bağışla, qızım,- dedim.
 
 
 
 
 
Share: