Yavər Moranküllü Bilal ALARLININ təqdimatında

(Faciəli ölümünün bütün məqamlarını şeirlərində təsvir edən şairin faciəli taleyi)

Yavər Moranküllü – Yavər Fərhad oğlu Nuriyev 1941-ci il iyulun 1-də Cəlilabad rayonunun Ləkin kəndində anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universitetini) bitirib və 42 ildən çox Ləkin tam orta məktəbində müəllim işləyib, məktəb direktoru vəzifəsində çalışıb. Bu şərəfli vəzifə sahibi bədii yaradıcılığından da qalmır, şeir yazır, hətta dünyasını dəyişənə qədər “Şəms” nəşriyyatının Cənub bölgəsi üzrə təmsilçisi kimi mədəni-ictimai fəaliyyətlə məşğul olurdu. Sağlığında üç poetik toplusu nəşr olunub. İlk kitabı “Ayrılıq səbrimi kəsdi” adlanır və 2006-cı ildə işıq üzü görüb. İlk kitabına ön söz yazan Sərvaz Hüseynoğlu şair Yavər Moranküllünü “daha çox milli adət-ənənələrimizə sonsuz duyğularla, yaşam tərzi ilə bağlı yüksək dəyərlərə malik bir ziyalı olduğu” üçün  sevdiyini bildirir. Şairin ilk kitabına lirik şeirlər, qəzəllər, hətta mərsiyələr daxil edilmişdir. Amma bu şeirlərin içərisində gəraylı və qoşmalar kamilliyi ilə seçilir:

 

Nə bozlarsan, Xan Arazım,

Dağla düzün arasında?

Sağalmaz yaralar bitib

Qaşla gözün arasında?

 

Dünyamız yaman qarışıb,

Tikanlar gülə sarışıb.

Yalan vədlər həddin aşıb

Doğru sözün arasında.

 

Taleyini düşün, anla,

Boğulursan nahaq qanla.

Didərginik Naxçıvanla

Bal Təbrizin arasında.

 

Vuruşlarda ucalmışıq,

Qala söküb, bürc almışıq.

İndi, qardaş, tək qalmışıq

Suyun, közün arasında.

 

Qara yellər haradan əsdi,

“Ayrılıq səbrimi kəsdi”.

Bu sərhədlər daha bəsdi

İkimizin arasında.

 

Yavər Moranküllünün ”Ümidim asılıb dar ağacından” adlı ikinci şeir kitabı 2010-cu ildə işıq üzü görüb. Kitaba daxil edilən şeirlər haqqında annotasiyada maraqlı bir qeyd var: “Yavər Moranküllünün yaradıcılıq tendensiyası daha çox bizim min illik şeir, dastan yaradıcılığımızdan süzülüb gəlir. Onun şeirləri daha çox sənətkar qüdrətinin nəyə hesablandığını ifadə edir”.

Belə bir təqdimatla ədəbiyyata qədəm qoyan Yavər Moranküllü xalq şeiri ənənələrini qoruyub saxlamağa çalışır, poetik fikrini daha çox gəraylı və qoşmalarla ifadə edir:

 

Eşqimin sovqatı ahımdır hələ,

Nimdaş günlərimdə izi qalıbdı.

Ömür yaşamıram, vallah, kiminsə

Bu eşqin dalınca gözü qalıbdı.

 

Eşq – şeirə süzülən sətirdi elə,

Közərən ömrümə xətirdi elə.

Ürəyim ahıma çətirdi elə,

İçindən talanıb izi qalıbdı.

 

Ömürdən ayrılan bir ildim, – gəldim,

Məni gözləyən var, bilirdim, – gəldim.

Biri öldürmüşdü, dirildim gəldim,

Hələ öldürməyə yüzü qalıbdı.

 

Şairin ikinci kitabına da ön sözü Sərvaz Hüseynoğlu yazıb. O, şairin şeirlərini “yerdə həsrət qaralayanların göydə məskən salmaq istəklərinin ləpirləri kimi yaddaşa iz salıb keçdiyini” bildirir: “Bu şeirlərdə pak bir dünyanın hər kəsə tanış olan aurası sayrışır, hər an yetmək istənilən, ancaq yetişməsi çətin olan bir ilğın səyrişib keçir”. Yavər Moranküllünün şeirləri yaşantılarla birlikdə arzuların da poetik ifadəsidir:

 

Ahımdır eşqin sovqatı,

Duzlandı qəlbimin çatı.

Ürəyimin dərin qatı

Dərdimin duran yeridi…

 

Bu eşq mənə uzaqdı ta,

Ağır yükdü, – duzaqdı ta.

Odu sönmüş ocaqdı ta,

Ömrümün boran yeridi.

 

Onu da deyim ki, 2002-ci ildə yazılmış bu şeirə sonralar çox şair söz bənzətdi, amma Yavər Moranküllü təbiiliyini ala bilmədi. Onun üslubu da, deyim tərzi də mənimsənildi və Yavər Moranküllü kimi şeir yazanlar çoxaldı, amma heç biri Yavər Moranküllü ola bilmədi, necə deyərlər, bənzəri oldular, özünə əlləri çatmadı.

Şairin üçüncü kitabı “Nə vermişdi dünya, nə ala məndən?!” adlanır və 2011-ci ildə işıq üzü görüb. Adıgözəl Nuriyev yazır ki, 2014-cü ildə Yavər müəllimin dördüncü kitabı nəşriyyata təqdim olunubmuş. Çox təəssüf ki, həmin il avqustun 7-də baş verən amansız qəza nəticəsində Yavər Moranküllü dünyasını dəyişib və kitabın taleyindən kimsənin xəbəri olmayıb. Bu faktın özü təsdiq edir ki, Yavər müəllimin yaradıcılıq nümunələrinin xeyli hissəsi çap olunmamış qalıb.

Maraqlıdır ki, Yavər Moranküllünün şeirlərində özünün dünyadan köçəcəyi an “nöqtə-vergülünə” qədər təsvir olunub, sanki şair qeyri-adi fəhmlə başına gələcək hadisələri qabaqcadan görürmüş:

 

Sürdüyüm ömrümün sükançısıyam,

A zalım, bilinmir duracaq yerin.

Mən nə təmənnada, sən nə haydasan,

Gedirəm, gözləyir “dördbucaq” yerim.

 

Yaxud:

Dərdə bax e, məndən yuxarı çıxıb,

Gözümdən suyunun axarı çıxıb.

Ta gidi dünyanın paxırı çıxıb,

Torpaq yorğanımı çəkin üstümə.

 

Yaxud da:

Yıxılıb ölmək ucuz,

Gor yiyəsindən baha.

Ölüb yıxılmaq üçün

Yol gedirəm sabaha.

 

Son zəngdir, əzizlərim,

Ürəyimdə bu sancı.

Yaşamaq icarədir,

Ölmək onun qazancı.

 

Mən çoxdan ölmüşəm e…

Noolsun gözüm baxır.

Ay ana, oxşa məni,

Hamı durub darıxır.

 

Yavər Moranküllü yaşadığı kənddə, işlədiyi kollektivdə böyük nüfuz sahibi olub, onu kamil bir şəxsiyyət kimi həmişə seviblər. O qəfil qəzadan sonra bu ölümə göynəyənlər çox oldu. Adıgözəl Nuriyev isə Yavərsevərlərin fikrini “Ayrılığın səbrimi kəsdi” adlı yazısında daha yaxşı ifadə edib, ətrafının ona olan məhəbbətini ürək yanğısı ilə verə bilib: “Mənim üçün şeirlər ona görə müqəddəsdir ki, onlar Yaradanın ən yaxın bəndələri, danışan dilidir. Sanki Yaradan tərəfindən göndərilən mükafatları və bəlaları öncədən duyurlar. “Ayrılıq səbrimi kəsdi”, “Ümidim asılıb dar ağacından”, “Nə vermişdi dünya, nə ala məndən?!” şeir kitablarını yazanda Sən faciəli ölüm qoxusunu duymuşdun. Bəli, sən duymuşdun, elə ona görə üç böyük kitabının adını da faciəli sonluqla bitən cismani həyatına uyğun seçmişdin. Deyirdin, “Dünya pillə – kim ucaldı, kim endi?” Ucalan sən oldun, enən bizlər. Bütün səni sevənlər qan ağlayır”.

Əlbəttə, bu kövrək xatirələri həyəcansız oxumaq olmur.

Yavər Moranküllü öz şeirləri ilə yaşadığı bölgənin poetik xəritəsini də çəkib. Bölgənin yer-yurd adları ilk dəfə onun şeirlərində nəğmə kimi səslənir:

 

Bir tərəfi yurd yeri – Qazan Köşkü, Qazan xan,

Bir tərəfi dərd yeri – Kürdlər, Pərzin, Mehdixan.

Bir tərəfi mərd yeri – Dəvəboynu, Cavadxan,

Qılıncdiş qayaları yurda keşik çəkəndi,

Ləkin belə Ləkindi.

 

Dağları aş, qonaq gəl, edək səni feyziyab,-

Bulaq başı, göy çəmən, quzu əti, narşərab…

İçalatdan qovurma, qabırğadan çək kabab,

İçkiyə meyl etməzsən, Buzbulaq diş tökəndi,

Ləkin belə Ləkindi.

 

Yaxud:

Qalx Musaölənə harayla məni,

Köhlünün başından hay verim sənə.

Sallanaq enişə Dəvəboynundan,

Soyuqbulağımdan pay verim sənə.

 

Sürülər Novluda verər baş-başa,

Atıcı kolatı min bir tamaşa.

İstəsən yüz otuz, yüz əlli yaşa,

Nə qədər lazımsa say, verim sənə.

Yavər Moranküllü el arasında “Yavər Ləkinli” kimi də tanınır. Yavər müəllimin işıq üzü görməmiş yaradıcılıq nümunələrinin toplanıb ayrıca kitab halında nəşr olunmasına böyük ehtiyac var. Bu, onun ruhu qarşısında şeirsevərlərin ən böyük xidməti olar. Yavər Moranküllü yaradıcılığının daha ətraflı araşdırılmasına, faciəli həyatının, üsyankar poeziyasının, xüsusən mənzum məktublarının, satirik şeirlərinin öyrənilməsi və öyrədilməsi onu tanıyanların boynuna bir haqq qoyur.

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

 

Share: