6 may bir çox əlamətdar hadisələrlə qeyd oluna bilər. Bizim üçün isə, 6 may məmləkətin halal söz adamlarından olan, əziz dostumuz, ünlü şair Elbariz Məmmədlinin dünyaya gəldiyi gündür. Əziz qələm dostumuzu ürəkdən təbrik edir, ona həyatda həmişə sevinci günlər arzulayırıq.
Elbariz Məmmədli 6 may 1960-cı ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olmuşdur. 1977-ci ildə Şəmkir rayonunun “Komsomol” sovxozunda fəhlə kimi əmək fəaliyyətinə başlamış, 1978-1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.
E. İ. Məmmədov 1985-ci ildə Azərbaycan dəmir yolunun Keşlə stansiyasında qatar tərtibçisi kimi fəaliyyətini davam etdirmişdir. 1991- ci ildən 2022-ci ilə kimi “Azərbaycan dəmiryolçusu” qəzetinin müxbiri olub. Hazırda İnfrastruktur Departamenti BHİK-in mütəxəssisidir.

Qırx ildən artıqdır ki, respublika mətbuatında bədii və publisistik yazıları ilə çıxış edir.
1996-cı ildə publisistik fəaliyyətinə görə “Qızıl qələm” mükafatına layiq görülüb. “Durna harayı” adlı ilk şerlər kitabı 1993-cü ildə, “Mən savaşa çağırıram” adlı ikinci kitabı 2006-cı ildə, “Dünya iki rəngdədir” adlı üçüncü kitabı 2010-cu ildə çapdan çıxmışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.
Azərbaycan Dəmir Yolunda fəaliyyətinə görə “Fəxri dəmiryolçu” adına layiq görülüb.
Əziz qələm dostumuzu bir daha ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır, sevgili dostları onun şeirləri ilə salamlayırıq.
Elbariz MƏMMƏDLI
PAYIZ SƏNİ XATIRLADIR,ƏZİZİM
Ümidimin yenə günü qaralıb,
Günlərimin dar macalı daralıb,
Duyğularım yarpağı tək saralıb,
Payız səni xatırladır, əzizim.
Gecələrin hönkürtü var içində,
Ömrüm-günüm uralanır, “biçində”,
Durnaların həsrət dolu köçündən,
Payız səni xatırladır,əzizim.
Yay ötməmiş dağ başında duman var,
Çiçəyindən hələ neçə uman var,
Aramızda bir saralmış zaman var,
Payız səni xatırladır,əzizim.
Buludların tər içində atları,
Gör, nə vaxtsız “dingildədir” otları,
Ürəyimdə xatirədən qatları,
Payız səni xatırladır,əzizim.
Çiçəklərin olum-ölüm qorxusu,
Gözlərində daşa dönüb yuxusu,
Nəfəsində ayrılığın qoxusu,
Payız səni xatırladır,əzizim.
Çıxammıram həsrətinin əlindən,
Düşəmmirəm dərd dağının belindən,
Ləçəkləri səpələnən gülündən,
Payız səni xatırladır, əzizim.
Sevdan üçün keçdim ömrün başından,
Duz yaladım yanağımın yaşından,
Çaylaqların tənha qalan daşından,
Payız səni xatırladır, əzizim.
Payız məni xatırladır, əzizim.
SƏNDƏN UZAQDA
Fikrimi bir yerə cəmləyəmmirəm,
Həyat nə ağırmış , səndən uzaqda.
Dünyanın nə qədər qar –yağışı var,
Canıma yağırmış, səndən uzaqda.
Yollar həsrətinə pərçimlənibmiş,
Buludlar qəmindən əlçimlənibmiş,
Dörd bir tərəfimə dərd çilənibmiş,
Ruhumu sağırmış, səndən uzaqda.
Elə inanmışdım, xoş olan günə,
Duyğusu göylərə baş alan günə,
Çatmır boş əllərim, boşalan günə,
Hamısı nağılmış, səndən uzaqda.
Bilmirəm, sonuna nə qalıb ömrün,
İşınə yaramır bu halım, ömrün,
Qapını kəsdirən qocalıq ömrüm,
Yetimmiş, fağırmış, səndən uzaqda.
QATARLAR ŞÜTÜYÜR GECƏ YARISI
Qatarlar şütüyür gecə yarısı,
Ümidlər yol gedir, gözü mürgülü.
Uzaq vağzallarda yol gözləyən var,
Ürəyi qanadlı, üzü mürgülü.
Pozulur gecənin tənha sükutu,
Qatarlar qılınc tək kəsir zülməti.
Ağaclar elə bil canlı adamdır,
Yollar kənarında – başında çətir.
Şütüyür qatarlar – üzü səhərə,
Bir azdan qızaran üfüq yanacaq.
Uzaq vağzallarda heykəl adamlar,
Bir şirin görüşə qanadlanacaq.
Sonuncu sərnişin enəcək harda?
Görəsən, səfəri nə ünvanlıdır?
Mənzilə çatmağa elə tələsir,
Elə bil qatar da həyəcanlıdır.
Kimin duyğusudur gözü yol çəkən?
Kimdi yuxusunda qatarlar görən?
Ümidlər küləklə uçsa mənzilə,
Qatarlardan tezmi çatarlar, görən?
Göz yuxuya həsrət, ürək dincliyə,
Yollar da uzanır, bitirmək olmur.
Duyuğuda mənzilə yetən istəyi,
Hələ ki, qatarla yetirmək olmur.
Öldürür özünü çöldə küləklər,
Bağlı pəncərələr sipər kimidi.
Gecənin içindən sıyrılan qatar.
Zülmətdə işıqdan çəpər kimidi.
Elə hökmlüdür bu saat, bu an,
Qatarlar həsrəti yenəsi kimi.
Geyib ayağına naxış yolları,
Elə bil mirvarı dənəsi kimi.
Qatarlar şütüyür gecə yarısı,
Ümidlər yol gedir, gözü mürğülü.
Uzaq vağzallarda yol gözləyən var,
Ürəyi qanadlı, üzü mürgülü…
YAŞADIM
Yolu-izi daş-kəsəkli olsa da,
Mən bu ömrü bir üzümlə yaşadım.
Tanrı verən qismətimlə, payımla,
Öz haqqımla, öz düzümlə yaşadım.
Əl atmadım ətəklərə, əl üçün,
Qabar oldu, daş bağladı əl içim,
Düşüncəmi əydirmədim dil üçün,
Öz duyğumla, öz sözümlə yaşadım.
Sıyrılanda divanların içindən,
Əzab adlı ünvanların içindən,
Önə çıxıb susanların içindən,
Dik qəddimlə, dik gözümlə yaşadım.
Yaş ötüşür, dirənişi əllidi,
Burdan belə nə başlayır, bəllidi.
Gedən ömür qalan izin həllidi,
Şükr Tanrı, öz izimlə yaşadım.
HARDASAN?
Üşüyən qəlbimin yaz həsrəti var,
Hardasan ruhumun odası, harda?
Hara üz tuturam, yolu dumanlı,
Bitib bu istəyin nidası, harda?
Elə yol gəlirəm mən, üzü sənə,
Çəkilib həsrətin çən üzü sənə,
Ürək göndərirəm dan üzü sənə,
Hardasan, eşqimin qadası, harda?
Ümidim bu yolda əliyalındı,
Bilmirəm, sevinci harda çalındı,
İndi düşündüyüm sənin halındı,
Hardasan duyğumun adası, harda?
Son görüş əzabdı, son iz aldanış,
Bir üz həsrət dadır, bir üz aldanış,
Hamı gerçək oldu, tək biz aldanış,
Qaldı eşqimizin sədası, harda?
Torpaqdan boy atan çiçək kimiydik,
Ritmi qoşalaşmış ürək kimiydik,
Biz ki, birbirinə gərək kimiydik,
Soldu könlümüzün butası, harda?






















