Əminə Yusifqızı: “UCA YARADAN BİR DAHA MƏNƏ ŞƏHİD KİTABI YAZMAĞI NƏSİB ETMƏSİN”

Əminə Yusifqızı: “UCA YARADAN BİR DAHA MƏNƏ ŞƏHİD KİTABI YAZMAĞI NƏSİB ETMƏSİN”

Əminə Yusifqızı ilə söhbət jurnalistika tarixinin bir dövrünü vərəqləmək kimidir. Onun xatirələrində təkcə bir redaktorun, bir müəllifin ömrü yox, eyni zamanda sovet mətbuatından müasir rəqəmsal dövrə qədər uzun və dəyişkən bir yolun izləri var. Yevlaxın sadə ailə mühitindən başlayaraq, “Kür” qəzetinin baş redaktorluğuna qədər yüksələn bu yol, həm zəhmətin, həm də prinsipial jurnalist mövqeyinin hekayəsidir.
Onun səs tonundan rahatlıq, bərabərində ruhunun azadlığı, insana həyatın qayəsini çözmüş, onunla dinc rəftar etməyi bacaran bir xanım kimi gəlir. Niyə də olmasın, fədakar bir ömür, zəhmət, həyat təcrübəsi, onu tanıyanların sevgisi var həyatının geridə qoyduğu səhifələrində.
O, qələmi ilə düşüncəsinin gücünə inanmış, həqiqəti hər şeydən üstün tutmuş, bəzən bunun bədəlini ödəməkdən də çəkinməmiş bir qələm və fikir xadimidir. Bu müsahibə təkcə bir ömrün xatirələri deyil, həm də bir peşənin zamanla necə dəyişdiyinə dair səmimi etirafdır.
75 illik yubileyi ərəfəsində Əməkdar jurnalist, Tərəqqi medallı, Əminə Yusifqızı ilə hazırladığım bu müsahibəni Azərbaycan.media saytında “Əsl ziyalı ömrü” rubrikasından oxuya bilərsiniz.

– Hər kəsin özünəməxsus həyat hekayəsi var. Bəs Əminə Yusifqızının həyat hekayəsi haradan və necə başlayır?

 

–Yevlaxda doğulub boya-başa çatmışam. Ailədə on uşaq olmuşuq. İndi onların arasında dünyasını dəyişənlər də var. Hərəmiz bir sahənin mütəxəssisi olduq. Ölkə başçısının sərəncamı ilə ailəmizdə bir Əməkdar jurnalist, bir Əməkdar müəllim, bir də Əməkdar mədəniyyət işçisi var. Biz qardaş-bacılar əməyimizə verilən bu etimaddan qürur duyuruq. Böyük nəsilik, həm də mehribanıq. Ailə tədbirlərini, ad günlərini bir yerdə keçirməyi ənənə halına salmışıq.Vallah, toplaşanda böyük bir zala çətinliklə sığışırıq. Bu mehribanlığa, ailə dəyərlərinə görə rəhmətlik anam Nazxanım Səfərovaya borcluyuq. Doqquz uşağa ali təhsil vermək bir müəllim üçün çətin olsa da, o bunu bacarıb. Ömrüboyu xeyirxah olub, nədəsə çətinlik çəkənlərin yanında olmağı özünə borc bilib. İkinci dünya müharibəsinin iştirakçısı olması, qan-qada görməsi onun xarakterini sərtləşdirsə də, sahib olduğu kövrək hissləri yox edə bilməmişdi. Ölümündən 20 il keçsə də, hər il anım gününü yad edir, rayonda yaşayan kiçik qardaşımgilə yığışır, xatirəsinin işığına toplaşırıq. Atam Yusif mən orta məktəbi qurtaran ili rəhmətə getsə də övladı olmadığından bizimlə yaşayan bacısı Məhsəti bibimin sonsuz sevgisi və qayğsı bu gün də bizə örnəkdir. Bu ilahi sevgi və bağlılığı oğlum Azərə, qızım İlahəyə, nəvələrimə, nəticəmə çatdırmaq və onu yaşatmaq üçün söhbət açmaqdan yorulmuram.

 

– Əminə xanım, jurnalistikaya gəldiyiniz ilk illəri necə xatırlayırsınız?

 

– Mən jurnalistika fakültəsində 1970 –1975 ci illərdə təhsil almışam. Bakı Dövlət Universitetində böyük ziyalıların mühazirələrinə, dərslərinə qulaq asdım: Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Mir Cəlal Paşayev, Nurəddin Babayev, Qulu Xəlilov, Cahangir Məmmədov, Nəriman Zeynalov, Nüsrət Bağırov, Famil Mehdi, Seyfulla Əliyev, Xalid Əlimirzəyev, Zinyət Əlizadə, Əlikram Abdullayev, Qənbər Əsgərov, Mahmud Mahmudov, Yalçın Əlizadə, Akif Rüstəmov… Bax, onların adını indi də həyəcanla çəkirəm. Biz onlardan təkcə jurnalistikanın deyil, əsl insan olmağın sirlərini də öyrənirdik. Bu gün sevimli professorumuz Cahangir Məmmədov hər dəfə mənə “nənə” deyə müraciət eləndə elə bilirəm ən xoşbəxt insanam, yenə özümü Cahangir müəllimin qarşısında tələbə hiss edirəm. Təhsil aldığımız yer bizim üçün məbəd idi. Heç bir neqativ haldan bilmərrə söhbət gedə bilməzdi, necə deyərlər, gecə-gündüz oxumaqdan, öyrənməkdən usanmazdıq.

 

– Jurnalistikaya ilk başladığınız dövrlə bu gün arasında ən böyük fərq nədir?

 

– Çox böyük fərq var. Biz jurnalistikaya başlayanda qəzet, yazılı mətbuat hər şey idi. Heç vaxt ağlıma gəlməzdi ki, bir gün mətbuat, xüsusilə də qəzetçilik ənənəsi tarixə qovuşmaq təhlükəsi qarşısında qala. Qəzetə böyük hörmət vardı. Mən əsasən, felyeton janrına üstünlük verirdim, daha çox tənqidi yazılar yazırdım, başım ağrısa da. Məsələn, Surət Hüseynov Baş nazir olanda onun haqqında qəzetimizdə tənqidi materiallar dərc edirdik. Səbəbi də o idi ki, Surət Hüseynov o vaxt Yevlax Yun zavodunun direktoru işləmişdi, yəni yerli mövzular bizim üçün daha əlçatan idi. Ümumiyyətlə, “Kür” qəzetində çoxları haqqında tənqidi yazılar verirdik. Yaxşı yadımdadır, “Kür”çülərə dərs vermək üçün redak¬siyadan oğurluq etmişdilər. Bu barədə Polis şöbəsinə müraciətimi qeydə aldırdım və qəzetin hər nömrəsində polis şöbəsinin rəisini yuxuda görməyimdən bəhs edirdim. Qəzetin hər nömrəsində “Ədalətsayağı” rubrikasında yazırdım. Bir gün dəyərli Aqil Abbas “Ədalət” qəzetində yazmışdı: “Ay rəis, bir televizor nədir ki, onu tapa bilmirsiniz. Çalışın tapın ki, bu xanım redaktor da yuxu görməsin. Səhəri gün televizorumuz “tapıldı”. Sadəcə fərq onda idi ki, tapılan televizor təp-təzə idi. Onu da qeyd edim ki, yazdığımız tənqidlər müzakirə olunurdu, nəticələr çıxarılırdı, müəyyən tədbirlər görülürdü.
O dövr üçün hərdən darıxıram.

 

İlk yazınızı yazarkən hiss etdiyiniz həyəcan indi də varmı?
Bu gün də bir məqalə yazanda o hissləri yaşayırsınızmı?

– İndi məqalə yazmaqda elə də aktiv deyiləm. Ancaq yazdıqlarıma böyük məsuliyyət hissiylə yanaşıram. Əvvəlki həyəcanım daha olmasa da, məsuliyyət hissim hər zaman qalır. Yazdığım mövzunu dərindən araşdırmaq, faktları düzgün təqdim etmək mənim üçün əsasdır.
1968- ci ildə “Azərbaycan qadını” jurnalında iki hekayəm dərc olunmuşdu. Həmin hekayələri anamın yaxın dostu, istedadlı yazıçı Ələviyyə Babayeva çap elətdirmişdi. Yadımdadır bu hekayələrin jurnalda dərc olunması məni əməlli başlı kövrəltmişdi və həyəcanlandırmışdı.

– Sovet dövründə yazmaqla bu gün yazmaq arasında nə dəyişib?

– Əslində çox şey dəyişib. O zaman tənqidi yazılarıma görə dəfələrlə məni işdən çıxarmaq istəyiblər. Ancaq bu məni yeni bir tənqid obyekti tapmaqda çəkindirmirdi. Boynuma alım ki, “Kür” qəzetinə redaktor təyin olunandan sonra hiss etdim ki, əvvəlki qədər sərbəst və cəsarətli deyiləm. Bəlkə bu ondan irəli gəlirdi ki, əvvəllər başımın üstündə məni tənqidi yazılarıma görə hər dəfə müdafiə edən redaktorum İsrayıl Rzayev var idi. Artıq güvənə biləcəyim heç kim qalmamışdı. Həm də yazılara görə o qədər hücumlara məruz qalırdım ki, baş redaktor olandan sonra iyirmiyə yaxın əməkdaşımızın taleyinə cavabdehlik daşıyırdım. Bu da istər-istəməz məni daha ehtiyatlı olmağa vadar edirdi.

 

– Keçmişdə xəbərin yayılma sürəti ilə bu günü müqayisə edəndə
hansını daha sağlam hesab edirsiniz?

 

– Şübhəsiz ki, sosial media çox sürətlidi. Amma yazılı mətbuatda məsuliyyət daha böyük idi. Həm də sosial mediada gedən hansısa səhvi düzəldə bilirsən. Qəzetdə bu mümkün deyil. Necə deyərlər, qədimdən qaldığıma görə qəzetə bağlıyam. “Xalq qəzeti”, “525-ci qəzet”, “Ədalət” “Azərbaycan”, “Hürriyyət”, “Futbol”, “Novaya vremya”, “İki Sahil” , “Ədəbiyyat”, “Türküstan”, “Şərq” , “Bakı Xəbər” kimi qəzetləri bu gün də həvəslə oxuyuram.

 

– Əvvəllər oxucu – jurnalisti münasibət necə idi? İndi necədir?

 

– Mənə elə gəlir ki, jurnalistlik sadəcə peşə deyil, bir dünyagörüşüdür. Olanlara etinasız insan, başqalarının yaşadıqlarını hiss edə bilməyənlərdən jurnalist ola bilməz. Mətbuatımız cəmiyyətdə baş verən hadisələri təqdim edərkən informasiyanın doğura biləcəyi halın fərqinə varmalı, jurnalistlər bunu prinsp kimi qəbul etmlidirlər.
Bilirsiniz, əvvəllər redaksiyamıza nə qədər məktub gələrdi?! Mən “Kür” qəzetinin timsalında danışıram. Gələn məktublar qeydiyyata alınırdı və hər birinə cavab verilirdi. Oxucu ilə əlaqə çox güclü idi, münasibətlər də kifayət qədər sağlam qurulmuşdu. Demək olar ki, müxtəlif məsələlərlə əlaqədar hər gün redaksiyanın qapısını döyürdülər.
İndiki vəziyyətlə bağlı isə dəqiq fikir söyləməkdə çətinlik çəkirəm, çünki artıq qəzetdə işləmirəm. Amma bayaq sadaladığım qəzetlər bu gün də oxucunun zövqünü və fikrini ifadə edə bilirsə, deməli, onlar fəaliyyətlərini düzgün qurmağı bacarıblar.

 

– Uzun illər “Kür” qəzetinin baş redaktoru olmusunuz. Bir peşəkar media nümayəndəsi kimi o vaxtkı redaktorlarla indiki media rəhbərləri arasında
əsas fərqi nədə görürsünüz?

 

– Vallah, qibtə etdiyim o qədər gözəl redaktorlar var ki… Peşəkarlıqlarına, səriştəliklərinə, qələmlərinə son dərəcə hörmətim var. Hətta deyərdim ki, onların işi daha da çətindir. Belə fikirləşirəm ki, indiki redaktorların işi daha çətindir. Çünki, mən rayon mühitində, nisbətən kiçik bir dairədə çalışmışam. Amma indi baxın, paytaxtdan tutmuş Azərbaycanın bütün rayonlarına qədər qəzetlər oxunur, yayımlanır, izlənilir. Bu da media rəhbərlərinin üzərinə daha böyük məsuliyyət qoyur. Ona görə də bu gün çox sayda hər birimizin hörmət etdiyi tanınmış redaktorlarımız var. Biz onların adlarını həmişə hörmətlə çəkirik.

 

– Gənclik illərində ideal hesab etdiyiniz jurnalistika bu gün mövcuddurmu?

 

– Məncə, bu gün çox gözəl jurnalistika var. Mən həvəslə əksər yazıları oxuyuram. Həqiqətən də çox yaxşı materiallar hazırlanır. Oradan özüm üçün də çox şey öyrənir, götürürəm.

 

– Keçmişdən bu günə ən çox qoruduğunuz peşə prinsipi hansıdır?

 

– Fakt və həqiqət. Mənim üçün əsas prinsip bu olub. Kiçik bir məqamı belə özüm üçün məsuliyyətə çevirirdim. Mənim üçün həqiqət hər şeydən üstündür. Hər şeyi olduğu kimi yazmaq lazımdır. Əgər yaza bilirsənsə, düz yaz, yaza bilmirsənsə, o mövzuya toxunma.

 

– Əminə xanım, bir neçə ildir ki, Mətbuat Şurası Ahıllar Məclisinin sədr müavinisiniz. Bu qurumda işləmək ürəyinizcədirmi?

 

– Bəli, həm də çox. Əslində burda elə bir işim də yoxdu. Ahıllar məclisinin sədri Tahir Aydınoğlu ilə əl-ələ verib qocaman jurnalistlər, dəyərli mətbuat işçiləri üçün tədbirləri hazırlayır, yubiley yaşlarını qeyd edirik və sair. Düzü, əlli illik iş təcrübəmdən sonra təqaüdə çıxmışdım. Həyat yoldaşım rəhmətə gedəndən sonra övladlarım, nəvələrim Bakıda yaşadığından mən də Bakıya köçməli oldum. Ona görə də lap əvvəllərdən tanıdığım, hörmət etdiyim Rəşad Məcidin təklifini məmnuniyyətlə qəbul etdim. Çünki işsiz qalmaq, sakitcə oturub olanları seyr etmək xarakterimə uyğun deyildi və Mətbuat Şurasındakı çox sağlam mühit məni mənəvi cəhətdən dirçəltdi.

– Əminə xanım, bilirəm ki, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında II-ci Qarabağ müharibəsində həlak olmuş Yevlax şəhidlərinə həsr olunmuş kitabınızın prezintasiyası keçirilmişdir. Biraz da bundan danışaqmı?

 

– Müharıbə atəş kimidir, düşdüyü yeri külə döndərir. Qapıları döyür, açan olmasa da, özünü içəri salır. Körpəsinə, qocasına baxmadan, hər kəsi qarsıb-qovurur. 30 ildən çox idi ki, Qarabağ adlı yuvamız od tutub yanırdı. Yağı dadanmışdı yurdumuza. II Qarabağ müharibəsində həlak olmuş 67 yevlaxlı şəhiddən bəhs edən “Zəfər Fədailəri” adlı kitabım, 2021-ci ildə “Biz vətən üçün doğulduq” kitabım isə 2022-ci ildə nəşr olunmuşdu. Şəhidlərimizin yaşadıqları evləri birər-birər dəfələrlə gəzdim, ailələri ilə dəfələrlə görüşdüm. Nələr söyləmədi bu ailələr? Öncə torpağı oğluna, sonra oğlunu torpağa əmanət edən, beli bükülsə də əyilməyən şəhid atası belə söylədi: “Oğul el üçündür, Vətən yolunda şəhid olmaq üçündür”. Qayıdan yurdumuzdan qayıtmayan şəhidlərimin həyat yoldaşları söylədilər ki, torpaq o zaman Vətən olur ki, uğrunda bizim kimi gəlinlərin baş tacı şəhid olur. Ürəyi min yerdən çatlamış ana söylədi ki, oğluma toy etmək istəyirdim, amma o bəyliyi yox, şəhid olmağı seçdi. Qürur duyuram ki, Vətənimizin azad olmasında mənim oğlumun da payı var. Bu kitablar belə ərsəyə gəldi.
Və kitablarda son nöqtəni qoyanda, ağlımdan yalnız bu fikir keçirdi: “Uca Yaradan bir daha mənə, bütövlükdə heç kəsə şəhid kitabı yazmağı nəsib etməsin”.

 

– Haqqınızda deyirlər ki,güclü, xeyirxah, həyat dolu xanımsınız…
Sualımın axırını gözləmədən gülümsəyərək nəzakətlə özü davam edir:

 

– Mövlanənin bir kəlamı var:
“Məni məndə demə məndə deyiləm
Bir mən vardır məndə məndən içəri”.

Bəlkə də biz insanları sonadək tanımağa qoymayan elə bu içəri dünyamızdır.
Xeyirxah olmaq valideynlərimizdən mənə qalmış mirasdır. Xeyixahlıq işıqdır axı. Mənə, sənə, ona verilən işıq. Ən qaranlıq gündə kiminsə evinə bir işıq salırsan. Bəlkə də zəif bir işıq. Amma bu işığı vaxtında yandırdığına görə onu çox gur hesab edirlər. Kiməsə, nədəsə kömək etmək ən sevdiyim iş olub. Bu, məni həyata daha çox bağlayıb. Az çox nə qazanmışamsa, xeyirxahlığıma görə əldə etmişəm.
Güclü qadın olduğumu isə əvvəllər məmnuniyyətlə qəbul edirdim, indi yox. Bəzi problemlərin həllini tapmayanda isə son vaxtlar acizliyimi, gücsüzlüyümü təsdiq etməli oldum.
Həyat dolu insan olmağıma gəldikdə, çox hörmət etdiyim APA-nın baş direktoru Vüsalə xanım Mahirqızının bu sözləri yadıma düşür: “Əminə Yusifqızına baxanda adam yaşamaq istəyir.”
Əvvəllər düşünürdüm ki, həyatın ən gözəl günləri gənclikdə olur. İndi bu fikirdən çox uzağam. Sən demə, mənim kimi 75-i haqlayanda da xoşbəxt olmaq olur. Təki içində sevgi, bağlılıq, mərhəmət olsun, insan qala bilmək gücünü yaşada biləsən. Azərbaycanlı olduğunla fəxr edəsən. Təki yenə də lazımlı bir işin qulpundan yapışasan, adamlara gərəkli olduğunu duyasan. Nəvə-nəticəni bağrına basıb , öpüb əzizləyib yorulanda öz hücrənə çəkilib dərindən rahatlıqla nəfəs alasan.Yaşının çoxluğundan, ağarmış saçından, üzünə iz salmış qırışlardan, qosqoca qadın olduğuna görə səni həvəslə bağırlarına basan dostlarının təmasından, ruhunun azadlığından, hətta bu yaşda belə al-əlvan geyimindən, rəngbərəng şlyapalarından zövq ala biləsən, xırda bir nüansa görə heç kimə dodaq büzməyəsən. Paxıllıqdan uzaq olasan. Vallah, belə olanda istər-istəməz öz-özümə bu sözləri pıçıldayıram: “Yaşamalı dünyadır.”

 

Söhbətləşdi: Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media

Share: