İtaliya ilə Azərbaycan arasında münasibətlər

İtaliya ilə Azərbaycan arasında münasibətlər

Bildiyimiz kimi, İtaliya Azərbaycanın dost və strateji tərəfdaş ölkəsidir. Ölkələrimiz arasında münasibətlər durmadan inkişaf edir və bu gün artıq nümunə göstəriləcək səviyyəyə yüksəlib. Təsadüfi deyil ki, bu uğurlu əməkdaşlığın nəticəsi olaraq Azərbaycan İtaliyanın regionda əsas ticarət tərəfdaşına çevrilib. Bu tərəfdaşlıq xüsusilə enerji sahəsində özünü daha aydın göstərir. Məlumdur ki, Azərbaycan İtaliya üçün ən böyük xam neft tədarükçüsüdür. Eyni zamanda nəhəng Trans-Adriatik qaz kəməri vasitəsilə Azərbaycan Avropa üçün ən etibarlı enerji təchizatçılarından biridir. Bu layihə çərçivəsində ölkəmiz dost İtaliya üçün ən böyük təbii qaz tədarükçüsü kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin dinamik inkişafının növbəti mühüm mərhələsi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və mətbuata verilən bəyanatlar göstərdi ki, Bakı ilə Roma arasında əməkdaşlıq artıq ənənəvi enerji tərəfdaşlığı çərçivəsindən çıxaraq daha geniş geosiyasi və iqtisadi məzmun kəsb edir.

Onu da qeyd edim ki, İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə səfəri və yüksək səviyyədə qəbul olunması ölkələrimiz arasında qarşılıqlı etimadın, dostluğun və strateji tərəfdaşlığın yüksək səviyyədə olmasının bir daha təsdiqi oldu. İki ölkə arasındakı bu sarsılmaz bağ Avrasiya məkanında həm iqtisadi inteqrasiyanın, həm də siyasi sabitliyin həlledici sütununa çevrilib.

İtaliyanın Azərbaycan üçün əhəmiyyəti onun təkcə qlobal iqtisadi güc olmasından deyil, həm də regional və beynəlxalq müstəvidə nümayiş etdirdiyi prinsipial mövqedən qaynaqlanır. Belə ki, İtaliya Avropanın böyük dövlətləri və G7 üzvləri arasında Azərbaycan ilə strateji tərəfdaşlıq sənədi imzalayan ilk dövlətdir. 2020-ci ilin fevralında Roma şəhərində Azərbaycan Prezidenti və İtaliyanın Nazirlər Şurasının sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksəksəviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirib. Bu möhkəm təməl üzərində qurulan davamlı dialoq zamanın sınağından keçmiş və qarşılıqlı hörmətə əsaslanan strateji etimad körpüsü yaradıb.

Görüş zamanı Prezident İlham Əliyev vacib bir nüansa toxunaraq Ermənistandan gəlmiş xanım qonağın ölkəmizi ziyarət etməsinin xüsusi rəmzi məna daşıdığını, bunun isə Azərbaycana dost münasibətin göstəricisi olduğunu qeyd etdi. Prezident həmçinin ölkəmizin də İtaliyaya eyni münasibət bəslədiyini vurğulayaraq bu səfərin strateji münasibətlərimizin inkişafında həlledici rol oynayacağını bildirdi.

iki ölkə arasında tərəfdaşlığın ən mühüm və diqqətəlayiq istiqamətlərindən biri də İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəal iştirakıdır. Qarabağ və Şərqi Zəngəzurda İtaliya şirkətləri tərəfindən artıq 23 layihənin həyata keçirilməsi və ya icra mərhələsində olması İtaliya biznes dairələrinin Azərbaycana və regionun bərpasına olan inamının bariz göstəricisidir. Xarici şirkətlər arasında İtaliyanın qabaqcıl yerlərdə qərarlaşması təsadüfi deyil. Bu layihələr infrastrukturun qurulması, şəhərsalma, sənaye, energetika və mədəni irsin bərpası kimi strateji sahələri əhatə edir və regionun sürətli reinteqrasiyasına mühüm töhfə verir.Eyni zamanda, hərbi-texniki əməkdaşlıq, birgə istehsal imkanları və texnologiya transferi ilə bağlı müzakirələr əlaqələrimizin şaxələndiyini nümayiş etdirir.

Bunlarla yanaşı mədəni və akademik əlaqələr də genişlənir, bunu Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasına hazırlıq nümayiş etdirir ki, bu da növbəti uğur hekayəsinə çevrilərək bütün sahələrdə ikitərəfli əməkdaşlığımızı zənginləşdirə bilər.

Beləliklə, formalaşan yeni mərhələ Azərbaycan–İtaliya tərəfdaşlığını strateji müstəvidən çoxşaxəli və dayanıqlı əməkdaşlıq modelinə doğru aparır ki, bu da yaxın gələcəkdə daha uğurlu nəticələr vəd edir.

 

Nizami NOVRUZOV,

texnika üzrə fəlsəfə doktoru

 

Share: