Vəkillik peşəsi tarixən ədalətin son sığınacağı sayılıb. Haqqı tapdanan insan üçün vəkil ümid, hüquqsuzluq qarşısında sipər olub. Bu peşənin “şərəfli peşə” adlandırılması da təsadüfi deyil. Vəkillik təkcə hüquqi bilik deyil, yüksək vicdan və mənəvi məsuliyyət tələb edir.
Bu gün ciddi vəkillik hələ də ədalətin tərəfindədirmi? Yoxsa sadəcə pul qarşılığında göstərilən formal xidmətə çevrilib?
Qanun vəkilin qarşısinda dürüstlük, vicdanlı fəaliyyət və müştərinin maraqlarının sona qədər müdafiə etmək kimi vəzifə qoyub. Reallıq isə göstərir ki, bu prinsiplər çox vaxt kağız üzərində qalır. Təəssüf ki, bəzi vəkillər üçün peşə artıq haqqın müdafiəsi deyil, asan qazanc və məsuliyyətsizliyin pərdəsidir.
Ən acınacaqlı hallardan biri ilkin mərhələdə verilən pafoslu vədlərlə sonrakı fəaliyyətsizlik arasındakı kəskin ziddiyyətdir. “Narahat olmayın”, “iş nəzarətimizdədir” deyən vəkil proses başlayan kimi passiv müşahidəçiyə çevrilir. Müdafiə formal xarakter alır, hüquqi mövqelər zəif qurulur, sübutlar ya səhlənkarlıqdan, ya da bilərəkdən diqqətdən kənarda qalır. Bu artıq peşəkarsızlıq deyil, vəzifə borcunun açıq şəkildə pozulmasıdır.
Daha təhlükəli və eyni zamanda daha biabırçı bir reallıq da var. Hətta bu gün bəzi vəkillər müdafiə etdikləri tərəfin maraqlarını qorumaq əvəzinə, qarşı tərəflə qeyri-etik əlaqələr quraraq müştərinin əleyhinə fəaliyyət göstərirlər. Bu cür davranış artıq sadəcə məsuliyyətsizlik deyil, peşə etikasına və hüququn özünə açıq xəyanətdir.
Bu reallıqla mən də şəxsən üzləşmişəm. Hüquqi baxımdan tam aydın, fakt və sübutlarla mənim xeyrimə olan bir iş, bütün bunlara baxmayaraq, məntiqə və qanuna zidd qərarla nəticələndi. Hakimin qərəzli qərarı ilə bağlı şikayətlər verilib. Bu, ayrıca mövzudur. Burada əsas məsələ vəkilin öz öhdəliklərini yerinə yetirməməsi, peşə məsuliyyəti göstərməməsidir.
Proses boyu əsas hüquqi mövqelər ya düzgün müdafiə olunmadı, ya da ümumiyyətlə gündəmə gətirilmədi. Elementar sübutlar belə müdafiəsiz qaldı. Nəticədə ortaya çıxan qərar hüquqi sənəddən çox, səhlənkarlığın məhsulu təsiri bağışladı.
Daha biabırçı məqam isə məğlubiyyətdən sonrakı davranış idi. Nə məsuliyyət hissi, nə peşəkar etiraf, nə də vicdan qarşısında hesabat verildi. Əvəzində isə tanış bəhanələr səsləndi, “əlimizdən bu qədər gəldi”, “sistem imkan vermədi”. Bunlar izah deyil, məsuliyyətsizliyin etirafıdır.
Məhkəmə prosesində öz hüquqi mövqeyini qoruya bilməyən vəkil müştərinin hüquqlarını necə müdafiə edə bilər? Qanunu pozan, prosedurları düzgün icra etməyən vəkilin ədalətdən danışmağa mənəvi haqqı yoxdur. Bu, vəkillik peşəsinin mahiyyətinə ziddir.
Belə hallar təkcə ayrı-ayrı vəkillərə deyil, bütövlükdə hüquq sisteminə qarşı dərin inamsızlıq yaradır. İnsan haqqını qorumaq üçün müraciət etdiyi şəxsdən biganəlik gördükdə, ədalət anlayışı onun üçün boş və mənasız bir sözə çevrilir. Bu isə cəmiyyət üçün son dərəcə təhlükəlidir.
Bəli, vicdanla çalışan, sona qədər mübarizə aparan vəkillər var və onlar bu peşənin şərəfini qoruyurlar. Amma mənfi nümunələr artdıqca problem artıq fərdi deyil, institusional xarakter alır.
Vəziyyət dəyişməlidir. Əlaqədar qurumlar artıq susmamalı, bu sahədə yol verilən pozuntulara son qoymaq üçün ciddi və prinsipial mövqe ortaya qoymalıdırlar. Vəkillərin fəaliyyəti üzərində real və effektiv nəzarət mexanizmləri qurulmalı, qeyri-peşəkar və qeyri-etik davranışlar cəzasız qalmamalıdır. Vəkillər anlamalıdırlar ki, bu peşə sadəcə qazanc mənbəyi deyil, ictimai etimadla bağlı ağır bir missiyadır.
Nəticə sadədir, vəkillik şərəfli peşədir. Yalnız şərəflə icra olunanda. Ad, titul və diplom heç nə ifadə etmir. Əsas olan əməl, mövqe və vicdandır. Qanunu bilib onun ruhuna xəyanət etmək isə peşəkarlıq yox, hüquqa qarşı cinayətdir.
Yaxın vaxtlarda bəzi vəkillərin fəaliyyəti ilə bağlı konkret faktlara və sənədlərə əsaslanan geniş və detallı yazı dərc ediləcək. Həmin yazıda adlar, məsuliyyət və nəticələr ictimaiyyətin mühakiməsinə təqdim olunacaq.
(ardı var)

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.






















