Əlabbas Bağırsoy- Məmməd Arazın həmyerlisi… -Elman Eldaroğlu yazdı

Əlabbas Bağırsoy- Məmməd Arazın həmyerlisi… -Elman Eldaroğlu yazdı

Onunla Yardımlıda- yazıçı Aslan Quliyevin evində tanış olmuşuq. Doğrudur, sonradan yollarımız nadir hallarda kəsişib, amma haqqında topladığım məlumatlara, bir də təəssüratlarıma əsaslanıb onun obrazını yaratmağa özümdə güc tapacağıma inanıram. Axı, mayın 5-i növbəti ad gününü qeyd edəcək…

Bəli, bu dəfəki söhbəimin qəhrəmanı yazıçı, publisist, esseist Əlabbas Bağırsoydur. 1957-ci il may ayının 5-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Orta təhsilə həmin kənddə yiyələnib. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb.1978-ci ildə əmək fəaliyyətinə Şahbuz rayonunun Mahmudava kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi başlayıb. 1982-ci ildən sonra isə Bakı şəhər Tramvay-Trolleybus İdarəsinin yataqxanasında tərbiyəçi müəllim, Azərbaycan Dövlət Universitetinin nəşriyyatında korrektor, redaktor, dövri nəşrlər redaksiyasının müdiri, Evraziya Mətbuat Fondunda koordinator, Respublika Uşaq Təşkilatının orqanı “Arzu” qəzetində baş redaktor vəzifələrində işləyib. Sonradan Bakı şəhər metropolitenində mətbuat xidmətinin rəhbəri, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentində dövlət qulluqçusu kimi istehlakçıların və sahibkarların məlumatlandırılması bölməsinin müdiri və mətbuat xidmətinin rəhbəri vəzifələrində çalışıb. 2018-ci ildən Azərbaycan Dövlət Metrologiya İnstitutunun mətbuat xidmətinin rəhbəridir…
Yazıçı dostu Aslan Quliyev onu belə xarakterizə edir: “Əlabbas Məmməd Arazın yerlisidir. Düz, dürüst adamdır. Onu Azərbaycanda “Köhnə kişi” povesti məşhurlaşdırıb. Əslində özü də köhnə kişidir. Köhnə kişilər kimi dostluqda sadiq, duz-çörək qədri bilən, tanımadığı, bilmədiyi adamlardan belə yaxşılığını əsirgəməyən. Zamanında haqsızlıqlara çox məruz qalıb. Ədəbiyyatımızın incilərindən sayılan “Köhnə kişi” uzun müddət çap növbəsi gözləyib. Qarşısını kəsiblər, ağrılar, acılar, sıxıntılar yaşayıb. Amma heç vaxt ruhdan düşməyib, qələmə, sözə, yazıya sadiq qalıb. Gec də olsa yazıları işıq üzü görüb. “Qiyamçı” romanında xalqının faciələrindən ustalıqla söz açıb. Bu roman Milli Kitab Müsabiqəsinin xüsusi mükafatına layiq görülüb. Əsərdə Qarabağ hadisələrindən xeyli əvvəl tərk edilmiş ucqar sərhəd kəndində on il tək-tənha yaşayan, dağlar kimi qalın-qayım, sərt və inadkar Təbrizin – Ağ Gədiyin ramolunmaz bəbirinin başına gələn qəribə əhvalatlardan söhbət açılır. Real bədii zəmini olan yarımifik olaylar müəllifin xarabazara çevrilmiş Əyriqarın timsalında təsvir etdiyi kəndlərə söylədiyi ağıdı. Daha sonra “Qaraqovaq çölləri”, “Sonun başlanğıcı” roman və povestləri ilə ədəbiyyatımızda öz sözünü deyib. Bu gün də yazır və çap olunur…”
…Onun dünyaya gəldiyi gün həftənin 2-ci gününə- çərşənbə axşamına təsadüf edib. Çərşənbə axşamı doğulanlar məlumatı tez qavramaq qabiliyyəti ilə seçilirlər. Hər şeyi planlaşdırmağı və pulu məharətlə idarə etməyi bacarırlar. Ümumiyyətlə, bu insanların çoxu işdə çox uğurla inkişaf edir. Onların böyük yumor hissi, parlaq xarakterləri var…
İlk dəfə onun “Kişilik” adlı hekayəsi 1979-cu ildə “Ulduz” jurnalında işıq üzü görüb. Həmin dövrdən başlayaraq hekayə, povest və romanları müntəzəm olaraq mətbuatda çap olunur. Ötən əsrin 80-ci illərində daha bir neçə hekayəsi gün işığına çıxsa da, onun bir yazıçı kimi ədəbi uğuru daha çox Azərbaycan poetik nəsrinin ən gözəl örnəklərindən sayılan, lakin qələmə alındığı vaxtdan doqquz il sonra, 1989-cu ildə “Azərbaycan” jurnalında dərc edilən “Köhnə kişi” povesti ilə bağlıdır. Bu əsər onun yaradıcılıq pasportu olub. Bir sıra bədii əsərlərin müəllifidir. Haqında “Əlabbas: Sözün köhnə kişisi”, “Altmışıncı aşırım” kitabları və Türkiyədə “Temrin” adlı ədəbiyyat dərgisi dərc edilib…
Müsahibələrinin birində deyir:- “Söyləsəm ki, müstəqillik illərində ədəbiyyatımız üzərinə düşən missiyanı 100 faiz yerinə yetirib, yalan olar. Əslində heç bir missiya 100 faiz yerinə yetirilmir. İstənilən bir işdə məqsədə yalnız müəyyən qədər nail olmaqdan söhbət gedə bilər. Ədəbiyyatda da belədir. Xüsusilə hadisələrə obyektiv qiymət vermək baxımından böyük müddət tələb olunur. Amma həm də demək olmaz ki, əsrin sözügedən dörddə biri gədərki müddətdə ədəbiyyat dayanıb-durub, inkişaf eləmir. Şəxsən mənim də azərbaycanlı müəlliflərin imzasında oxumaq istədiyim əsərlər olub, təəssüf ki, oxuya bilməmişəm. Tapa bilməmişəm o əsərləri. Məsələn, Çingiz Aytmatov sağ olsaydı, istərdim görüm, ötən illərin mənzərəsini o necə yaradardı? O ranqlı yazıçılar Azərbaycanda da olub, hayıf ki, onların təqdimatında arzuladığım o əsəri oxuya bilmədim. Yaxud bizdə “Əcəl zəngi” niyə yaranmadı? Səbəb, doğrudanmı təkcə odur ki, bu cür movzularda qələm çalanların sayı hədsiz azdır? Ya o cür əsərlərin təbliğatı bizdə lazımi səviyyədə qurulmur? Bir həqiqət var ki, bizdə iki-üç nəfərdən savayı, qələm sahiblərinin heç biri müharibə üzü görməyib. Bəlkə də, “Əlvida silah” və “Əcəl zəngi” Heminqueyə ona görə dünya şöhrəti qazandırdı ki, o, od-alovunun içindən yad bir diyarda, İspaniyada müharibəni öz ayaqları ilə keçib getdi. Yaralandı, bir də qayıtdı. Robert Cordan kimi mükəmməl bir obraz yaradana qədər sanitar batalyonunda da olsa, sona qədər qalmağı bacardı. Bizdə isə istedadlı qələm dostumuz Nemət Veysəllidən başqa, bunu heç kim edə bilmədi. Söhbət Füzulidən düşmüşkən, Nemət elə orda, dədə-baba ocağında sılaha və qələmə sarılıb vuruşurdu. Yalnız təxəyyülün qüdrəti ilə şedevr yaratmaq olmaz. Yaxud Aqil Abbasın bir neçə əsəri də ona görə uğurlu alındı ki, az-çox o da göz şahidi olduqlarını ədəbiyyata gətirə bildi…”
Xülasə, mayın 5-i onun ad günüdür, bu dəfə 69 yaşı tamam olur. Mələklərin numerologiya sistemində 69 rəqəmi harmoniya, ilahi əlaqə, tarazlıq, mənəvi maariflənmə, yaradıcılıq və ehtiras simvolu hesab olunur. Həmçinin bolluq, uğur və xoşbəxtliyi təcəssüm etdirir. Əlabbas Bağırsoyu yeni yaşı münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu
Share: