Şairə: “Onun fahişə olması məni çəkindirdi…” – Müsahibə

“İstedadın rüşeymində intellekt var. Bu, kompleks məsələdir. Amma mütaliə və digər vasitələrlə intellekt səviyyəsini yüksəltmək mümkündür. Yəni, əsas istedaddır. Şablon bir deyim var: istedad betonu yarıb çıxan bir gül kimidir. İstedad varsa, hansı yolla olursa-olsun, özünü göstərəcək”.

Müstəqil.Az yazıçı, şair Səhər Əhməd belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edir:

– Ortaya qoyulan əsərlər baxımından, mövcud ədəbi mühiti qiymətləndirsək keyfiyyət, yoxsa kəmiyyət faktoru üstün olar?

– Əlbəttə, kəmiyyət üstündür. Ümumiyyətlə, təkcə ədəbiyyatda yox, bütövlükdə sənətdə həmişə kəmiyyət üstün olub. Azərbaycan ədəbiyyatındakı intibah dövrlərini çıxsaq, yenə də kəmiyyət öndə durub. Elə olub ki, bir dövrü, hətta bir əsri bir şairə görə qiymətləndirmişik. Bu baxımdan da, kəmiyyət üstündür. Amma bütün dövrlərdə kəmiyyətin qiymətini verən az da olsa, əsər, yaxud yazarlar olub. Məsələn, XIX əsrdə Axundova, Seyid Əzimə söykənmişik. Amma son dönəmlər üçün pessimistəm, söykənməli yerlər çox azdır.

– Yəni, vəziyyət bu qədər acınacaqlıdır ki, ən azı bir nəfər də olsa, söykənəcək yerimiz yoxdur?

– Ad çəkmək mənim üçün həmişə çətin olub. Amma hələlik 1990-cı illərə söykənmişəm. Bəzən də bu fikirlərə görə qınayırlar ki, yazılan əsərlərin, yazarların sayı kifayət qədər çoxdur. Amma mən diqqətli oxucuyam.

Rəhmətlik Zərdüşt Şəfi vardı. Bir dəfə onun essesini oxudum. Baxdım ki, bu yeni nəfəsdir. Onun arxasınca çox qaçdım, kitab təqdimatında da iştiak etdim. Amma təəssüf ki, onun da ömrü yarıda qırıldı. İndi bir olsa, üstünə də beşini qoyub deyərəm ki, burada işıq var. Amma yoxdur. Xüsusilə də, son dövrlərdə durğunluq var, yeni nəfəs görmürəm. Yenə göz qabağında göz ağrıdan şeylərdir. Gənclərdə 1990-cı illərin nəfəsini görmürəm.

– Bəs, onlar nə işlə məşğuldurlar? Yazırlar axı…

– Ümumiyyətlə, hər dövr dahi yetişdirmək məcburiyyətində deyil. Digər yandan da, ədəbiyyata onilliklə baxmaq da doğru deyil. Ədəbiyyatın elə bir fəlsəfəsi də yoxdur ki, biz yeni Axundov yetişdirməliyik. Əlbəttə, davamlı olaraq oxuduqlarım var, bəyəndiklərim də var.

– Məsələn…

– Yenə də ad çəkməyəcəm. Çünki hadisə olacaq bir şey yoxdur. Yəni, hələlik ədəbi məktəb yaradacaq bir hadisə baş vermir. İstedadlı uşaqlar var, amma hadisə yarada bilmirlər. Yəqin ki, bu da bir günün işi deyil. Onlar da özlərini 10-20 il sonra formalaşdıracaqlar. Yenə də, kəmiyyət keyfiyyəti üstələyir. Çap olunmaq problemi yoxdur deyə, hamı yazır, bu da keyfiyyəti məhv edir. Yazan çoxdur deyə, içindən keyfiyyətlisini seçmək çətindir. Ədəbiyyat da o zaman olub ki, oxucular yaxşı yazanları asanlıqla tapa biliblər. Üzdə olan adamlar da o qədər çap olunurlar ki, gözdən düşürlər. Hansı saytı açırsan, eyni adamlardır. Bir az da bu, ədəbiyyatımızı gözdən salır.

– Oxucu da elə bil kim nə yazsa, əl çalır. Bəs oxucuya nə olub, niyə tez razılaşır, tez qəbul edir?

– Əvvəlki dövrlərlə müqayisədə indi oxucunun tipi də dəyişib. Amma oxucu var. Orijinal oxucular da var ki, yazarların əsərlərini ən xırda detallarına qədər bilirlər, yaxşı analiz qabiliyyətləri var. Sadəcə olaraq, diqqətli oxucuların sayı azdır. Ümumiyyətlə, orijinallıq həmişə məhdud olub. Əsl sənətkarlar kimi əsl oxucuların sayı da azdır. Bu da bütün dövrlərdə belə olub. Bəzən də belə oxucular üzə çıxmırlar, sevdiyi yazarları axtarıb tapmırlar. Amma oxucu obrazına girmiş fanatlar var ki, onlar ya imzanı tanıyırlar, ya da çox paylaşılmış yazıları bilirlər. Onlar oxucu deyil.

– Bəs ədəbi mühitdəki parçalanma haqda fikriniz nədir? İndi mühit ya bir-birlərini tərifləyən, ya da bir-birlərilə düşmənçilik edən qruplara bölünüb…

– Mən heç vaxt hansısa qruplaşmada olmamışam. Mən nəinki qruplaşmalara, ədəbi cərəyanlara da qarşıyam. Mənim üçün həmişə necə demək yox, nəyi demək vacib olub. Hansı əsər hansı cərəyana aid olsa da, həmişə ortada müəllifin ortaya qoyduğu daha ciddi fikri, daha səmimi düşüncəsi qalır. Hansısa qruplaşmada olmaq mənə xeyir gətirməz.

Amma əvvəlki vaxtlarla müqayisədə indi qruplaşmaların sayı xeyli azalıb. 2000-ci illərin əvvəllərinə, 2010-cu ilə baxanda, indi ədəbiyyat fərdi şəkildə yaranmağa başlayıb. Bir-birinin qara piarını aparan qruplaşmalar iflasa uğradılar. Amma yenə də var. Lakin onlar tək qalıblar. 2000-ci ilin əvvəllərində ədəbi mühitdə şoular göstəriləndə, mən bilirdim ki, bu proses iflasa uğrayacaq. Bəs sonra nə baş verdi? Vaxtilə bir-birlərini tərifləyənlər mətbəxin sirrini açmağa başladılar ki, mən filankəsi filan şeyə görə tərifləmişəm, filan şeyə görə tez-tez adını çəkmişəm… Yəni, heç vaxt qrupla, reklamla ədəbiyyat yaratmaq olmaz. Kimsə kiməsə görə, yaxud pula görə özünü reklam edirsə, o, öləndən sonra özünü reklam edə bilmir və tez də unudulur. Buna görə də ədəbiyyat bu günün işi deyil.

– Yəni, bu, keçid dönəminin ədəbiyyatıdır, yaxud ədəbiyyata keçid dönəmidir?

– Bunun keçid dönəmi olduğunu düşünmürəm. Keçid dönəmi 2000-2010-cu illəri əhatə edirdi. Həmin dönəm xaotik idi. Amma indi çox yaxşıdır. 2000-ci illərdə ədəbiyyata gələnlər isə iddia etdilər ki, ümumiyyətlə, bizdən əvvəl ədəbiyyat olmayıb. Elə bir xaos yaranmışdı ki, heca vəznini, klassikanı inkar etdilər. İddia edirdilər ki, postmodernizm, seksual inqilab yoxdursa, ədəbiyyat da yoxdur. Əlbəttə, bu, süni formada quraşdırılmışdı. Bu iddiada olanlar da süni idilər. Çünki romantik adam da, hərdən real düşünür. Buna görə də yazarları realizm və romantizmə ayırmaq da gülüncdür. Hətta, fantastikanın da içində reallıq var. O yazıçı yaxşı yazıçıdır ki, o realistdir, romantikanın da içində realistdir.

Məsələn, Bulqakovun “Master və Marqarita”sı fantastik əsərdir. Amma o qədər real təsir bağışlayır ki, elə bilirsən pişik həqiqətən danışır. Yəni, hər şey istedada söykənməlidir, cərəyan, yaxud qruplaşma ədəbiyyata xidmət etmir. Əksinə, belə qruplaşmalar ədəbiyyata kütləvi axın yaradır. Biri də gələndə ətrafında beşini gətirir. Onsuz da onlar özlərinə yer tapmayıb qayıdıb gedirlər.

– Bu isə onu göstərir ki, xaotik dövr arxada qalmayıb, yenə də anarxiya hökm sürür….

– Düzdür, çap olunmamaq problemi olmadığı üçün anarxiya yenə də var. Arxada qalan süni şəkildə yaradılmış prosesdir. İndi isə ən azı sular durulub. Təkcə ədəbiyyatda yox, sənətin digər sahələrində də anarxiya var. Bu, kapitalizmin bəlasıdır, bunun qarşısını almaq mümkün deyil.

– Bəs, bizim ədəbiyyat adamlarında nə çatmır? İntellektin, fitri istedadın olmaması və digər problemlər sadalanır…

– Yaradıcılıq fitri məsələdir. Savadlı oxucular var. Məsələn, mən onlarla söhbət edəndə düşünürəm ki, qarşımdakı şair olmalı idi, mən yox… Onlar məndən də həssas, məndən də romantikdirlər. Bu, fitri istedadır, şifrədir. Mən yaza bilməyən birindən fərqli düşünmürəm, sadəcə olaraq, bunu ifadə edə bilirəm. Kim daha gözəl ifadə edə bilirsə, o, daha yaxşı yazır. Əgər nəsə çatmırsa, demək ki, istedad çatmır.

Əlbəttə, ikinci yerdə güclü mütailə durur. Mütaliə beyinin məşqidir. Sonrakı yerdə isə intellekt gəlir. İntellektin də yazmağa ziyanı yoxdur, əksinə, xeyri var. O qədər intellektual insanlar var ki, amma onlar yazmırlar. Məsələn, Aşıq Ələsgərin təhsili olmayıb. Amma onun şeirləri bitkin və məntiqlidir. Yəni, istedadın rüşeymində intellekt var. Bu, kompleks məsələdir. Amma mütaliə və digər vasitələrlə intellekt səviyyəsini yüksəltmək mümkündür. Yəni, əsas istedaddır. Şablon bir deyim var: istedad betonu yarıb çıxan bir gül kimidir. İstedad varsa, hansı yolla olursa-olsun, özünü göstərəcək.

– Yaza bilən hər kəs istedadlıdır?

– Bir var ki, fonoqrama ilə oxuyan, bir də var ki, anadangəlmə oxuyan müğənni… Bu, istedadsızlıq və istedaddır. İstedad Allahın verdiyi bir şeydir. İstedadlı heç vaxt qonorar, yaxud fərqlənmək üçün yazmır. Zəlzələ necə baş verir, yaxud neft necə fontan vurur? Bu, yığılmış enerjinin partlaması nəticəsində baş berir. İstedad da budur. Harada olursa-olsun, Allahın verdiyi o enerji ortaya çıxacaq.

– Bu qədər ki, yazan var, onlar haradan gəldilər, necə ortaya çıxdılar? Bu, istedad deyilsə, nədir?

– Kitabdan gəlmişlər də var. Amma yazmağı inkişaf etdirməyin texnikası da var. Elə oxucular var ki, çox danışırlar, axırda da deyirlər ki, Səhər xanım, mənim də bir yazım var. Çünki çox oxumaqla, onlarda yazmaq vərdişi aşılanıb. Kinqin belə bir sözü var ki, dahi yazanlar var, gözəl yazanlar var, bir də bərbad yazanlar var. Eləsi də var ki, hekayəni qurur, əvvəlini yazır, axırını yazır, sonra da ortasını doldurur. Yəni, Allahın verdiyi səslə, fonoqrama oxuyan eyni deyil axı.

– Səhər xanım, fəaliyyətə şeirlər başladınız, sonradan isə nəsrə keçdiniz. Bu keçidin izahı varmı?

-Artıq bu keçid mənim üçün aydındır. Şeir ruhla bağlıdır. Düşüncə şeirləri istər Azərbaycan olsun, istərsə də dünya ədəbiyyatı, çox azdır. Düşüncəni şeirə gətirmək də çətindir. Əvvəllər ruh şeirləri yazan üçün düşüncə şeirləri yazmaq çətin olur.

Lakin mən fəaliyyətə şeirlə başlamamışam, ilk dəfə orta məktəbdə hekayələr yazmışam. Digər yandan da, istedad xammaldır, biz bunu istədiyimiz formaya sala bilərik. Həm də bir az tənbələm və 1990-cı illərdə kompüter yox idi deyə, şeir yazmaq daha asan gəlirdi. Başqa bir tərəfdən də mən duyğusal insanam və bu da şeirə uyğun gəlir. Yaş keçdikcə isə hiss edirsən ki, səni hisslər yox, düşüncələr, fəlsəfə maraqlandırır. Bunları da şeirdə vermək çətindir. Əgər bu, nəsrdə rahatdırsa, niyə şeirdə verəsən? Buna görə də nəsrə üz tutmağı məqbul bildim.

– Yəni, siz düşündünüz ki, artıq şüurun fəlsəfi qatına qalxmısınız…

– Yox, inanmıram ki, kimsə özünü ora çatdığını hiss etsin. Vaqif Səmədoğlu deyirdi ki, insan yaşlandıqca suallar artır, cavablar azalır. Halbuki bizə elə gəlir ki, qocalanda hər şeyə cavab tapacağıq. Həqiqət də ilgım kimi bir şeydir, sən yaxınlaşdıqca o uzaqlaşır. Buna görə də, kiminsə də o qata qalxdığını düşünmürəm.

– Ən sevdiyiniz hekayəniz hansıdır?

– Düzünü desəm, seçməmişəm. Əslində öz yazdığımı qiymətləndirməyi bacarmıram. Hərdən oxucu elə hekayəmi tərifləyir ki, mən onun barsində çap edib-etməmək haqda tərəddüd içində oluram. Məsələn, “Fahişəyə çevrilmiş ilahə”ni çox təriflədilər. Mənim isə “Taxta tutqac” hekayəm xoşuma gəlir, çünki o daha çox avobioqrafikdir. “Fahişəyə çevrilmiş ilahə” də avtobioqrafikdir. Amma oxucular daha çox ikincini xoşlayırlar. Çünki bu hekayədə bədiilik var və sevgi motivlidir.

– Bu hekayə haqda danışardız… Deyirsiniz ki, bu bir yaşanıtıdır. İlahə həqiqətən fahişə idi?

– Bunu olduğu kimi yazmışam. Bu sözü də o qız özü haqda demişdi. Lakin bu haqda heç nə axtarmadım, sadəcə olaraq, hadisəni olduğu kimi vermişəm. Bəzən deyirlər ki, bu hekayəni daha yaxşı bitirmək olardı, amma mən həm də realistəm. Mən oynamağın da əleyhinəyəm. Yazıçılar insanlara həyatı çatdırırlar. Bu da o qadının – İlahənin həyatı idi. O, ölməmişdən əvvəl məndən xahiş etdi ki, məndən yazarsan. Bu adam da belə ölüb və ölümünün səbəbi bilinmir. İndi məndən onun ölümü barədə soruşurlar. Səbəbsiz ölümlər də var, onun ölümü də səbəbsizdir.

– Bu qədər həssas idinizsə, niyə İlahəni dinləmədiniz? Halbuki siz hiss etmişdiniz ki, o, hər şeyi sizə danışmaq istəyir, amma siz bundan qaçdınız.

– Onun haqda yazmağımın səbəbi də bu oldu. Həyatımızda da belə insanlar çoxdur, onları dinləmək üçün günü-günə satırıq, bu günə, sabaha saxlayırıq. Bir də baxırsan ki, o adam həyatda yoxdur. Mən nə vaxtsa, onu itirəcəyimi bilmirdim. İnsan da həmişə çox şeyə sonardan qayıdır. Məndə də sonradan onun bəzi işarələri, sözləri yadıma düşməyə başladı.

– Bəlkə heç həmin vaxt onun taleyi sizi narahat etmirdi?

– Axı mən onu itirəcəyimi bilmirdim. Kim inana bilər ki, yanındakı gənc bir adam sabah gözlənilmədən öləcək. Biz həmişə yaşlı insanları itirməkdən qorxuruq. Bu hekayəni yazmaq səbəbim də bu idi ki, bu, mənim ilk dəfə gördüyüm vaxtsız ölüm idi. Belə ölümlər insanı silkələyir.

– İlahə yadınıza düşəndə hansı hissləri keçirirsiz?

– Son vaxtlar az-az yadıma düşür. Sanki bu hekayəni yazdıqdan sonra onunla bağlı xatirələrdən xilas oldum, elə bil öz missiyamı yerinə yetirdim, onun “məndən yazarsanmı?” arzusunu reallaşdırdım.

– Lakin o, sizə fahişə olduğunu deyəndə, sanki sizdə bir qırıqlıq yarandı, oradan dərhal uzaqlaşmaq istədiniz. Bu, önyarğı idi?

– İndiki halda bu önyarğı deyil. Həmin vaxt da, mən buna inanmadım, “ola bilməz” dedim. Birinci kursda oxuyan, mənim oxucum, kənddən şəhərə gəlmiş, cəmiyyətlə üzləşməmiş bir adam üçün bu önyarğı yox, faciə idi. Amma mən o zaman kortəbii şəkildə fikirləşdim ki, bu bizim dostluğumuza, onun ruhuna, ürəyinə mane olmur.

Amma yenə də qırıqlıq yarandı. Bəlkə də elə buna görə onu dinləmədim. Bəlkə də ətrafdan çəkindim…

– İttiham olunmaqdan?

– İttiham olunmaqdan da çəkindim ki, onunla bir yerdə çox görünmək olmaz. Əlbəttə, onu dinləmək məsələsindən məni bir az bu soyutdu.

– Nobel almaq istərdinizmi?

– Desəm ki, almaq istəmirəm, deyəcəklər ki, pişiyin ağzı ətə çatmayanda iylənir. Amma ayaqlarımızı uzatmamışdan qabaq yorğanımıza da baxmaq lazımdır. Nobel almaq üçün tərcümə olunmaq, dünya ədəbiyyatına çıxmaq lazımdır. Reallıq baxımından, bu mümkün deyil.

Mənim üçün ən böyük Nobel mükafatı yazımla oxucunun ürəyindən vurmaqdır. Yazıçının missiyası Nobel almaq yox, özünə təmənnasız oxucu qazanmqdır. Ədəbiyyatın missiyası da budur ki, sən olmayanda da enerjin kiməsə çatacaq. Bu, süni şəkildə əldə edilmiş bütün mükafatlardan yaxşıdır.

Yessentukidə olanda Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərinin yazdıldığı məkanda oldum. Onda başa düşdüm ki, yazıçılıq tamam başqa bir şeydir. Bu, hansısa mükafatı almaq, hansısa məqsəd üçün deyil. Mən orada olarkən sanki Lermontovun ruhunu, enerjisini hiss etdim. Axundovun Tiflisdəki Ev Muzeyində də eyni hissləri keçirdim. Bax, yazıçının qazancı budur.

– Məncə, ifrat romantikaya, yaxud hisslərə qapılmaq da yazmağa mane olur…

– Əlbəttə, hər romantikanın içində bir az reallıq olmalıdır. Məsələn, mən realizminə görə Cəfər Cabbarlını Hüseyn Caviddən çox sevirəm. Əlbəttə, həyatilik ədəbiyyatın söykəndiyi əsas dayağıdır. Ədəbiyyat odur ki, romantikanı da dilləndirə bilsin, reallığı da romantikləşdirə bilsin. Romantizmin özü də realizmdir. Əgər biz bunu yaşayırqısa, bu, reallıqdır.

– Feministsiniz?

– Feminist deyiləm. Belə bir terminin olduğunu düşünmürəm. Əksinə, Azərbaycan mühitində mən daha çox kişilərin tərəfində duran adamam. Bəzi hallarda öz cinsimdən olanlara qıcıq olmuşam, onlara etiraz etmişəm.

– Cinsələr arasındakı problemlərə görə qadınları günahlandırdığınız üçün?

– Bunu bilmirəm. Amma mənim çox az qadın dostum var. Bəlkə də bir…

– Niyə bu qədər az?

– Söhbətimiz alınmır. Ola bilsin ki, baxışlarımız ayrıdır. Yəni, feminist deyiləm. Amma qadınlar və kişilər arasında fərqin qoyulmasını qəbul etmirəm. İnsanlıq mərdliyin – kişiliyin və zərifliyin – qadınlığın cəminə bərabərdir. Elə kişi var ki, onda yanındakı qadından daha çox qadınlıq var. Yəni, çox həssasdır. Yaxud, elə qadın var ki, onda yanındakı kişidən daha çox kişilik var, daha çox mərddir. Ola bilsin ki, bu insanlığı istər dost, istər həmsöhbət, istərsə də yumor olaraq kişilərdə tapmışam. Buna görə də Azərbaycan mühitində feminist ola bilmirəm.

– Bəlkə siz bilərsiniz, niyə bizdə işgüzar, intellaktual, düşünə bilən, yazar qadın deyəndə, kişilərin gözünün qabağında feminist, əks cinsə qənim kəsilmiş qadın obrazı canlanır?

– Ayrı-seçkilik etmək doğru deyil. Ümumiləşdirmək olmaz. Çox vaxt təsadüflər daha çox rol oynayır. Elə evdar qadın var ki, öz məntiqi ilə adamı mat qoyur. Amma elə işgüzar qadın da var ki, saatlarla danışar, amma bir məntiqli söz tapa bilməzsən. Yalnız məntiqli qadınlar kişilərə meydan oxuya bilər. Buna görə də belə bir fikir var ki, kişilər ağıllı qadınları sevmirlər. Amma bu məsələdə də ümumiləşdirmə aparmaq olmaz. Elə tip kişilər də var ki, yumor hissi ilə, məntiqli cavab verə bilməyən qadınları sevə bilmirlər. Elə kişilər də var ki, kölə istəyirlər.

Amma ağıl cinsə görə ölçülmür. Lakin ümumilikdə ağıl və məntiq baxımından kişilər qadınlardan qabaqdadır. Məsələn, şahmatda birinci yerə çıxmış qadınla, birinci yerə çıxmış kişinin oyunu alınmaz. Kənddə şahmatda mən qızlar, qardaşlarım da oğlanlar arasında birinci yerə çıxmışdılar. Amma mən heç birini uda bilmirdim. Bu, fərqdir.

– Sizi ən çox nə qorxudur?

– Əlbəttə, bədbəxtlikdən qorxuram, xüsusilə də övladlarımla bağlı… Məndə məzarda dirilmək qorxusu var. Ümumilikdə isə məni qorxaq adam hesab etmək olmaz. Təhlükənin üstünə yeriyən adamam. Həyatımı itirməkdən, sağlamlığımı itirməkdən qorxmuram.

– Bir gün yaza bilməməkdən qorxmursunuz?

– Ola bilsin ki, yazmasam pis olaram. Amma bu haqda düşünmürəm. Mənə elə gəlir ki, həmişə yazacağam.

– Kitabınızın da adı maraqlıdır… “Həyatın təkrar nəşri” – iddialı addır. O mənada ki, sanki burada həyatı tamamilə əhatə etmisiniz təsəvvürünü yaradır…

– Mən buna belə baxmamışam. Adi bir hekayə də həyatdan bir parçadır. Yəni, həyat dəfələrlə romanlarda, şeirlərdə, hekayələrdə, povestlərdə çap olunub. Bunları həm də oxucunun özü yazır, buna görə də oxucunun istənilən halda gəldiyi bir qənaəti var.

– Povest demişkən, “7-ci palata”da çayxanada çay içən qadına pis baxış məsələsinə toxunmusunuz…

– Ümumiyyətlə, Azərbaycanda qadınların etiraz etməli olduğu məsələlərdən biri budur. Çay içirəm də, başqa nə edirəm? Məsələn, internet kluba gedən qadınlara da pis baxırlar. Mən internet kluba getmişəmsə, mən sıxılmalıyam? Hamı kimi mənim də orada işim ola bilər.

O gün bir məsələ haqda söhbət oldu. Mənə sual verdilər ki, bir biznesmen kişi oxucu çıxıb kitabınızı çap etmək istəsə, nə olacaq? Bu barədə bizdə kişi yazıçı üçün heç bir problem yoxdur. Hətta sinəsini qabağa verə-verə deyəcək ki, kitabımı filankəs çap edib. Bəs bunu qadın yazıçı deyə bilərmi?

– Önyarğılardan çəkinirsiniz?

– Çəkinmirəm, amma burada həm də öz cəmiyyətimin baxışını görürəm. Bu da məni narahat edir. Nə qədər dəyişsəm də, məndə o tərbiyənin, yoxsa mühitinmi verdiyi mühafizəkarlıq hələ də durur. Həqiqətən də bir qadın çayxanada oturub rahat çay içə bilmir, özünü narahat hiss edir. Mühafizəkar deyiləm, amma baxışları hiss edirəm axı.

– Həmin povestdə özünüz haqda o təəssüratı da yaradırsız ki, hər kəsdən qaçanda kitablara üz tutursunuz….

– Hələ də kitablara üz tuturam. Axır vaxtlarda az oxuya bilirəm. Filmdə deyildiyi kimi, Sovet sənayemiz nə istehsal etsə, onu içirik. İndi də sənayemiz nəyi buraxırsa, onu oxuyuruq.

– Yəni, özünüz yazıb, özünüz oxuyursuz?

– Yox, tərcümə olunan kitabları oxuyuram. Tərcümələrin yolunu gözləyirəm. Təəssüf ki, əcnəbi dillərdə oxuya bilmirəm. Dünya ədəbiyyatından kimləri tərcümə edirlərsə, onları oxuyuram. Bəzən təkrar mütaliə edirəm.

İndiki oxucu da dəyişib. Mənə yenidən oturub Tolstoyu, Dostoyevskini, Hüqonu oxumaq qorxulu gəlir. İndi lakonik əsərləri oxuyuram. Məsələn, Murakamini oxuyan adam qayıdıb Tolstoyu oxumağa səbri çatmaz. Bu, mərhələrlə bağlı olan məsələdir. Artıq getdikcə, məni oxumağa vadar edən əsərlər azalır.

– Mütaliəyə, ədəbiyyata bu qədər bağlısınızsa, niyə əlinizi açıb Allaha yalvarırsınız ki, nə yaxşı məni şair yaratmamısan….

– Bu, ironiyadır. Bu da olmuş hadisədir. Əslində, bu cəmiyyətimizin şairə olan münasibətinə edilən etirazdır. Bu, Xəzangülün şairə olan baxışıdır, ona şair kimi yox, Moşu kimi baxır. Sonra Allaha onu da deyirəm ki, nə yaxşı şair olduğumu heç kəs bilmir. Mən yenə də şair olduğumu gizlədirəm. İşlədiyim məktəbdə uzun illərdən sonra internet vasitəsilə biliblər ki, mən şairəm.

Mən ədəbiyyat arxasınca düşməyən adamlara kitab verməyi xoşlamıram. Çünki qabağına elə adamlar çıxa bilər ki, həqiqətən sənə Moşu kimi baxa bilərlər.

– Sanatoriyada olarkən, o şairin olduğu yerlərdən niyə qaçmağınız indi mənə aydın oldu…

– O, mənim pafosdan yorulmuş beynimi qıcıqlandırırdı. Biz həqiqətən pafosdan yorulmuşuq. Söhbət Moşu tiplərindən gedir. Tədbirlərdə, yaxud məclislərdə elə adamlar olur ki, mikrofunun qarşısına çıxıb bir kəlimə söz deyir, amma elələri də var ki, saatlarla pafosla danışırlar, şeir deyirlər. Heç görmüsünüz ki, səviyyəli bir adam mikrofonu əlinə götürüb saatlarla boş-boş danışsın? Sanatoriyaya gedirəm, orada da mikrofon və Moşu var.

Moşu də mənim qələm yoldaşım sayılır, amma mən görürəm ki, onu ələ salırlar. Qorxuram ki, birdən məni də dartıb mikrofunu əlimə verərlər ki, şeir de. İnsan nə qədər travmalı olmalıdır ki, camaatın qabağına çıxıb desin ki, mən şairəm. Xəstələr üçün nə maraqlıdır ki, kimsə çıxıb Səməd Vurğunla Dürrənin eşq macəralarından danışsın. Bu haqda bizə uzun illərdir danışırlar, eyni məlumatları eşitməkdən yorulmuşuq.

Bir də baxıram ki, tarix müəllimi də Yesenindən danışır. Hamı ədəbiyyatdan danışır. Niyə biz şairi meymun kimi oynatmalıyıq? Bu ağrılı bir məsələdir. Niyə kiminsə əlinə mikrofon verib deməlidirlər ki, şeir de…

– Belə halla rastlaşmısınız?

– Çox az hallarda rastlaşımışam. Bir neçə dəfə olub. Elə auditoriya var ki, onun qarşısında saatlarla danışaram, amma toyda şeir demək qədər mənasız iş yoxdur. Adamlar oynamağa gəliblər, ədəbi tədbirə gəlməyiblər.

– Hekayələrinizdə də pessimistsiniz. Sanki əhvalatlarınız alatoranlıqda baş verir və sona yaxın işıqları söndürürsüz…

– Dediyim kimi, mən realistəm. Seçdiyim əhvalatların sonunu dəyişdirə bilərəm, amma bu reallığı əks etdirməyəcək. Mən hansı hekayəni yazmışamsa, bu, həyatda olub. Hadisəni də olduğu kimi oxucuya ötürürəm, içindən ideya çıxarmıram. Həyat belədirsə, mən nə edə bilərəm?

– Amma oxucunu da pessimizmə sürükləmək olmaz. Heç olmasa, sona yaxın xəfif də olsa, işığın süzülə biləcəyi qədər qapını aralı saxlamaq olar….

– Əslində bədbin əsərlər oxuyanda məndə həyat eşqi güclənir.

– Oxucu sizin kimi fikirləşməyə bilər.

– Əksinə, onlar səhvlərdən nəticə çıxarırlar. Heç bir əhval insanın həyatını dəyişmir. Məni Allahın ssenarisi maraqlandırır. Allahın ssenarisini dəyişmədən, müzakirəyə çıxarmaq istəyirəm. Mənim öz ssenarim də Allaha maraqlı olmayacaq, çünki bu həqiqət deyi. Mən qaydaya uyğun yox, özüm düşündüyüm kimi yazmaq istəyirəm. İlahənin ölümü də Allahın ssenarisi idi və mən bunu insanlara çatdırdım.

– Məsələn, Kamyunun “Xoşbəxt ölüm” əsərində Merso sonda ölür. Amma işıq içində ölür, gülümsəyərək, gözlərini bağlayan əbədi bir sakitliyin meyxoşluğunu diz oynaqlarınadək hiss edə-edə həyatla vidalaşır. Amma Mersonun ölümü oxucuda təəssüf hissi yaratmır. Əksinə, bu, oxucuya həyatı əcəl öz zəngini çalanadək Merso kimi həyatı dolu-dolu yaşamağı təlqin edir.

– Mən oxucuya bədbin enerji ötürmürəm. Çünki öz gücümü hiss edirəm. Amma mən İlahənin gücünü verə bilmərəm. “Tutqac”da da yazmışam, sonda qəhrəman əlini ipdən buraxır və deyir ki, bu intihar deyil, taledir. Amma ora qədər həmişə qorxurdu. Lakin birdən-birə ölüm ona o qədər şirin gəldi ki, bilmədiyi bir səyahətə çıxırmış kimi sevindi. Fikirləşdi ki, burada qalıb paslanmaqdansa, ləyaqətlə ölmək yaxşıdır.

– Həm də hekayələrinizin əksəriyyətində, povestinizdə də obrazlarınızın adından siz danışırsınız. Onlara “mən” deyə müraciət olunur, yəni müəllif də, obraz da özünüzsünüz…

– Obyektiv və subyektiv hekayələrim var. Mən şair olduğuma görə, subyektiv hekayələrim daha çoxdur. Cəlil Məmmədquluzadənin də subyektiv hekayələri var ki, özü görünmür. Bu da mənim həyatı məsələlərə sədaqətimdən doğur. Özüm görməliyəm, uydurmaq mənə yaddır. Obyektyiv hekayələr isə uydurmağı sevir. Gördüklərimi çatdırmalıyam deyə, həm müəllif, həm də obraz oluram.

– Səhər xanım, kitab oxumağa başladıqdan sonra yazmağa başladınız, ya…?

– Mən çox tez yazmağa başlamışam. Əksinə, yazmağa başladıqdan sonra oxumuşam. İlk şeirimi dördüncü sinifdə yazmışdım. Atam şeiri oxudu, inanmadı ki, mən yazmışam. Atam ədəbiyyat müəllimi idi, hecaları da saydı, soruşdu ki, həqiqətən sən yazmısan? Yəni, gözləmədiyim andan yazmağa başlamışam.

Amma Allaha minnətdaram ki, mən yaxşı oxucuyam. Çox oxumuşam, həm də çox tez oxumağa başlamışam. Bu da məndə baza yaradıb. Artıq beynimdə süjetlər, kompozisiyalar, keçidlərim, üsulubum var. Nəzəriyyə var, bu da istedadla birləşəndə yaxşı alınır.

Müəllif: Mənsur Rəğbətoğlu
Share: