Qızıl unitazlı “təmiz” kommunist

Uzun illərdir ki, sovet dövrünü ideallaşdıranlarla, yekə çıxmasın, qovğam var. Görəndə ki, onlar sosial şəbəkədə SSRİ dövrünü ideallaşdırır, tərifləyib göyə qaldırır, o vaxtlar rüşvətin, korrupsiyanın, ədalətsizliyin olmadığından dəm vurur, özümü saxlaya bilmirəm, bir şeylər yazıram. 

Çünki həyatımın bir hissəsini o dövrdə yaşamışam, həm də təkcə yaşamaqla kifayətlənməmişəm, təvazökarlıqdan Novodeviçye qəbristanlığı qədər uzaq olsa da, deyim ki, həmin quruluşun alt və üst qatları ilə maraqlanmışam, təzadlarını görmüşəm, reallıqlarının şahidi olmuşam, iyrənclikləri ilə qarşılaşmışam.

Öncədən deyim ki, indiki ilə müqayisədə o vədələr rüşvətxorluq və korrupsiya quzu boydaydı, indi ən azı dəvə, fil, balina boydadır.

Əgər hələ də sovet dövrünü, kommunistlərin hakimiyyətini idealizə edənlər varsa, onlara saytımızda gedən “Qızıl unitazlı evdə özünü güllələyən katib – Traktorçuydu, Kremlə gəldi, milyonçu oldu” başlıqlı yazını oxumağı tövsiyə edirəm.
Bu yazıda söhbət sovet dönəminin ən “təmiz adamlarından biri” haqqında gedir. O, SSRİ dövründə nazir-filan olmayıb, sadəcə, iclas katibi olub. Mixail Georqadzenin vəzifəsinin adı beləydi: “SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi”. Sədr başqasıydı. Səlahiyyət ondaydı. Katib isə protokol işinə baxırdı.

Amma siz gəlin adamın evindən çıxan varidata baxın: 20 kq qızıl və qiymətli daşlar, dəyəri milyonlara ölçülən rəsm əsərləri, o cümlədən Leonardo da Vinçinin əsəri, on milyonlarla rubl, dollar, funt-sterlinq, antik əşyalar…

Hələ bu hamısı deyil. Adamın tualetindən qızıl unitaz çıxıb. Qızıl unitaz… O da azı 20 kilo olar.

Amma bu barədə bir az informasiya qıtlığı var, bilinmir ki, qızıl unitaz işlək vəziyyətdə olub, yoxsa, ehtiyatda saxlanılırmış. Atalar əbəs yerə deməyib: “Neynirsən o qızıl unitazı ki…”. Yox, deyəsən, atalar bunu teşt haqqında deyiblər. Amma bu kontekstdə o qədər də fərqi yoxdur.

Sonra da deyirlər, sovet dövründə vəzifə adamları təmiz işləyirdilər, sərvətləri yox idi. Əlbəttə, “Gelandevagen”ləri, “Maybaks”ları, “Mersedes-Pullman”ları yox idi, əvəzində “Volqa”ları vardı. Onlar da villalarda yaşayırdılar, amma dövlətin verdiyi villalarda. Tətilləri, səyahətləri də öz yerində. Heç demə, hətta qızıl unitazları da varmış.

Yadınızdadırsa, bir ara belə söhbət çıxmışdı ki, guya bizdə də nazirlərin birinin evində qızıl unitaz görüblər. Sonradan dedilər, yox, sadəcə, qızıl suyuna çəkilmiş unitazdır, amma düyməsi var, basırsan, adama analiz cavabı çıxarıb verir.

Sovet dövründə heç raykom katibləri də acından ölmürdülər. İndiki İH başçıları kimi olmasalar da, daldada bir şeyləri vardı, evlərində axtarış aparılanda yüzlük əskinas banderollarından ibarət çamadanlar çıxırdı. Hətta elə o vaxt danışırdılar ki, birinin bir neçə milyonu kifsəyib çürüyübmüş – qapalı və rütubətli yerdə qalmaqdan.

O dövrə aid bir şəhər əfsanəsi də danışırlar: bir raykom katibi fikir verir ki, adi işdə işləyən alt mərtəbə qonşusu iki-üç ayın içində özünü düzəldib, kostyumu dəyişib, maşın alıb, arvadı bər-bəzəkli gəzir və sair və ilaxır. Adam fikirləşir ki, bunu yoxlatdırsın və hüquq-mühafizə orqanlarına siqnal verir. Onlar da gəlib yoxlayırlar. Adam ilk şapalaqdan sonra etiraf edir ki, son aylardakı qazanc yerini çilçıraq asmaq üçün tavanı deşəndə tapıb, deşikdən qızıl tökülüb, o da yavaş-yavaş götürüb xərcləyib. Heç demə, raykom katibi qazandığı pulları qızıl şəklində ayağının altına, döşəmədə düzəltdirdiyi saxlanca yığırmış (Müəllif bu yerdə gülüş işarəsi olaraq çoxlu mötərizə qoymaq istəyir, amma yadına düşür ki, bura sosial şəbəkə deyil).
Sözümün canı odur ki, bu coğrafiyanın adamları min illərdir ki, belədir. Kimin əlinə yüksək, yağlı vəzifə keçir, çalışır ki, yararlansın. Hər halda, çoxu belə edir. Etməyənlər də vardı, camaat onlara “Zakon” ləqəbi qoyub lağ edirdi.

Sadəcə, sovet vaxtı qapalı sistem idi, heç kəs açıq-aşkar oğurlaya bilmirdi, gizli-gizli, xımır-xımır oğurlayırdılar. Üstəlik, sosial şəbəkə də yox idi, məşhur oğrular haqqında status yazıb dilə-dişə salan olmurdu, eləcə, çayxanada danışırdılar.

(Musavat.com)
Share: