Moskva-Pekin-Dehli: dünyanın yarısı Trampa qarşı

Hindistanın İranın sanksiya hədələrinə rəğmən Rusiyadan S-400 alınmasını nəzərədə tutan müqaviləyə imza atması, həmçinin noyabrdan sonra İrandan neft idxalını davam etdirəcəyini açıqlaması dünya nizamında yeni qütbləşmə ehtimalı yaradır.

Müstəqqil.Az  politoloq İlqar Vəlizadənin bu istiqamətdə Axar.az-a müsahibəsini təqdim edirik:

– Hindistanın Rusiya ilə S-400 müqaviləsi, üstəlik, İrandan neft idxalını davam etdirəcəyini açıqlaması nəyin təzahürüdür: Rusiya, İran, Çin və Hindistan ABŞ-a qarşı bir cəbhədə birləşir?

– Bu ölkələr üçün əsas məsələ ABŞ-a qarşı birləşmək deyil. Onlar daha çox öz maraqlarına uyğun addımlar atır. Bəlkə də Rusiya istəyərdi ki, Çin, Hindistan və digər ölkələr ABŞ-a qarşı birləşsin. Amma Çin və Hindistan həmişə öz maraqlarına uyğun hərəkət edirlər. Yəni bu gün Hindistanın S-400 müqaviləsi imzalaması, İrandan ABŞ sanksiyalarına rəğmən neft almağa davam etməsi onun maraqlarına xidmət edir. Hazırda Hindistanın iqtisadiyyatı sürətlə inkişaf edir. Hindistan ucuz və əlverişli şəraitdə enerji daşıyıcılarını almağın tərəfdarıdır. Əlbəttə ki, ona yaxın bazar İrandır. Bu gün İranın təklifləri Hindistan üçün çox əlverişli olduğuna görə Dehli bu addımı atır. Yəni İrandan ucuz və davamlı enerjinin alınması Hindistan istehsalçılarına imkan verir ki, öz məhsullarını rəqabətə davamlı etsin. Çünki bu məhsulların ərsəyə gəlməsində enerji daşıyıcılarının rolu çoxdur.

Hindistanın Rusiya ilə S-400-lə bağlı müqavilə imzalaması da onun maraqlarına uyğundur. Çünki S-400 Hindistana imkan verir ki, öz sərhədlərini daha effektiv qorusun.

Digər tərəfdən ABŞ tərəfindən Hindistana tətbiq ediləcək sanksiyalar, görünür, o qədər də Hindistan iqtisadiyyatı üçün təsirli olmayacaq. Ona görə də Hindistan belə seçim edib.

– “Ümumi düşmən” – əlbəttə, burada şərti olaraq deyirik – Çin və Hindistanı iqtisadi-siyasi baxımdan daha da yaxınlaşdıra bilərmi?

– ABŞ hər zaman Hindistan və Çin arasında olan ziddiyyətlərin öz xeyrinə çevrilməsini istəyib. Amma hazırda burada fərqli mənzərə yaranıb. Əslində nə Çin, nə də Hindistan marağındadır ki, üçüncü tərəf bunların arasında olan ziddiyyətdən istifadə etsin. Ona görə ABŞ-ı bu ikitərəfli ziddiyyətlərdən uzaq saxlamaqda bu gün hər iki ölkə maraqlıdır. Bu şəraitdə ABŞ-ın resursları da o qədər çox deyil. Bu gün ABŞ bölgədə baş verən proseslərdə daha çox tamaşaçı mövqeyində durub və yəqin ki, bu ziddiyyətlərin daha da dərinləşməsini gözləyir.

– Hindistanın əsas rəqibi olan Pakistan bir zamanlar ABŞ-la yaxşı münasibətlərə sahib idi. Lakin Tramp hakimiyyətə gələndən sonra Pakistanla ABŞ arasındakı münasibətlər gərginləşib. ABŞ-ın Asiyada əsas müttəfiqlərindən birini itirməsi, üstəlik, Çinlə yaşanan iqtisadi müharibə, Hindistanın isə bəlli seçimi Vaşinqtonun Orta və Cənubi Asiya siyasətinə necə təsir edəcək?

– ABŞ dünyada olan müttəfiqlərini itirməkdə davam edir. Burada təkcə Pakistanı demək doğru olmaz. Artıq ABŞ Türkiyə kimi müttəfiqini də itirmək üzrədir. ABŞ-la Türkiyə arasında böhran yaşanır. Bütün bunlar daha çox ABŞ-ın aqressiv siyasətinin nəticəsində baş verir. Eyni zamanda, Avropada olan yaxın müttəfiqləri ilə ABŞ arasında soyuqluq yaşanır. Bu gün ABŞ-ın öz müttəfiqlərini itirməsi müxtəlif regionlarda dayaqlarının zəifləməsinə və lider mövqeyinin itirilməsinə gətirib çıxaracaq.

– Pakistan kimi müttəfiqi itirərsə, Əfqanıstan məsələsi ABŞ üçün nə ilə nəticələnəcək?

– ABŞ yaxşı başa düşür ki, Pakistanı itirsə, Əfqanıstan siyasətini həyata keçirmək onun üçün çox çətin olacaq. Ona görə də ABŞ yeni müttəfiqlər axtarışındadır. Xüsusilə də Mərkəzi Asiyanı öz planlarına qatmaq istəyir. Hazırda bununla bağlı müxtəlif təkliflər də səsləndirməkdədir. Lakin burada da Rusiyanın müqaviməti ilə rastlaşır. Ona görə də regionda çox mürəkkəb proseslərin getdiyini deyə bilərik. Düşünürəm ki, balanslaşdırılmış siyasətdən uzaqlaşması ABŞ-a baha başa gələcək.

– Ümumiyyətlə, Çin və ABŞ arasında gedən savaş nə ilə nəticələnə bilər?

– Düşünürəm ki, ABŞ burada xeyli uduzur. Getdikcə bu böyük güclər – Çin, AB, Rusiya, Hindistan və b. – öz aralarında olan ziddiyyətləri minimuma endirməyə çalışırlar. Burada əsas hədəf öz iqtisadi maraqlarını qorumaq, ABŞ təzyiqlərini neytrallaşdırmaqdır. Nəticə isə əlbəttə ki, ABŞ-ın xeyrinə olmayacaq. İqtisadi maraqlar naminə atılan addımlar istər-istəməz siyasi əlaqələri də gücləndirəcək və ABŞ-a qarşı olmasa da, ən azı, ABŞ-la iqtisadi-siyasi əlaqələri minimum səviyyədə olan güclərin birlikləri müşahidə olunacaq.

Əlbəttə. düşünürəm ki, ABŞ bu prosesə biganə qalmayacaq və öz səhvlərini düzəltmək üçün hərəkətə keçəcək. Bu isə Trampdan sonrakı dövrdə olacaq.

Firuzə Vahidqızı

Share: